Unudulması mümkün olmayan soyqırımı

Prezident İlham Əliyev tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror aktları, soyqırımı törədildiyini, yüz minlərlə azərbaycanlının kütləvi surətdə qətlə yetirildiyini, tarixi dədə-baba torpaqlarından deportasiya olunduqlarını dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımının ölkəmizə qarşı ermənilər tərəfindən aparılan çirkin siyasətin davamı, əsl genosid aktı olduğunu söyləmişdir.

Erməni faşizminin xislətinə nümunə olan Xocalı soyqırımı unudulması mümkün olmayan hadisələrdəndir. Bu amansız cinayətə rəvac vermiş ermənilər terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiqlədilər. Xocalıda mülki əhalinin planlı şəkildə qətlə yetirilməsini sübuta yetirən çoxsaylı faktlardan biri də budur ki, həmin gün əhalinin fəlakətdən qaçıb qurtarmaq istəyən hissələri ərazinin çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnmişlər. Erməni silahlı birləşmələrinin niyyəti Xocalı şəhərindəki azərbaycanlıları son nəfərədək qətlə yetirmək olmuşdur. Ermənilər buna şüurlu və məqsədli şəkildə, bilərəkdən əl atmış və misli görünməmiş qətliamlar törətmişlər.

Nürnberq Hərbi Tribunalının nizamnaməsində soyqırımı cinayəti insanlıq əleyhinə olan cinayətlər kateqoriyasına aiddir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci ildə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minmiş “Genosid cinayətinin qarşısının alınması və təqsirkarların cəzalandırılması haqqında” konvensiyada bu qeyri-humanist aktın hüquqi əsasları təsbit olunmuşdur. “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranış, əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Həmin konvensiyanın 34-cü maddəsinə görə, mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda 1000-dən artıq insan girov götürülmüşdür.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı haqqında” xüsusi qərar qəbul etmiş, hadisənin başvermə səbəbləri və günahkarlar təfsilatı ilə açıqlanmışdır. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq aləmdə ifşası mühüm vəzifə kimi önə çəkilmişdir. Ümummilli liderin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.

Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirlər də xüsusi vurğulanmalıdır. “Vətəndaşlarımız, soydaşlarımız unutmamalıdırlar ki, erməni millətçilərinin antiazərbaycan təbliğatı getdikcə genişlənir, mənfur formalarda davam etdirilir. Ermənilər ərazi iddialarını əsaslandırmaq üçün yeni-yeni tezislər ortaya qoyurlar. Buna görə də biz belə ideoloji təxribatlara qarşı ayıq olmalı, onları vaxtında ifşa etməliyik” deyən dövlət başçısı Ermənistanın təcavüzü nəticəsində xalqımızın üzləşdiyi faciələrin real faktlarla dünya birliyinə çatdırılmasını Xarici İşlər Nazirliyinin, xaricdəki diplomatik korpusların və diasporun qarşısında mühüm vəzifə kimi müəyyənləşdirmişdir.

Hüquqşünas-ekspertlərin fikrincə, soyqırımı cinayəti beynəlxalq cinayət kateqoriyasına aiddir.

Azərbaycanlılara münasibətdə ermənilərin törətdikləri vəhşiliklər beynəlxalq aləm tərəfindən qəbul olunmuş hüquq prinsiplərinə müvafiq olaraq cinayət kimi tanınmışdır. Xocalı faciəsini İkinci Dünya müharibəsi zamanı törədilmiş Xatın faciəsi, Holokost qırğını, Xirosima və Naqasaki fəlakətləri ilə müqayisə edən bir neçə tanınmış yazarın fikirlərini diqqətinizə çatdırmaq istərdik.

Can iv JUİST, fransız jurnalisti: “Mən qəddarlıq haqqında çox eşitmişəm. Ancaq ermənilər 5-6 yaşlı uşaqları, mülki əhalini öldürməklə onları ötüb keçiblər”.

Leonid KRAVETS, hərbi təyyarəçi, mayor: “Fevralın 26-da mən Stepanakertdən yaralıları çıxarıb Əsgəran darvazasından geri qayıdırdım. Aşağıda gözümə nəsə tünd ləkələr dəydi. Birdən bortmexanik qışqırdı: “Baxın, orada qadınlar, uşaqlar gör nə günə düşüblər”. Gözəyarı saydıq. Yoxuşa səpələnmiş 200-ə yaxın meyitin arasında əlisilahlılar gəzişirdilər. Təcili ora uçduq və meyitləri götürməyə cəhd etdik. Hər yana səpələnmiş qadın, qoca, uşaq meyitləri adamı sarsıdırdı. Yerli milis kapitanı da bizimlə idi. Meyitlərin arasında başı yarılmış 4 yaşlı oğlunu görəndə dəli oldu… Bizi atəşə tutmamışdan imkan tapıb bir neçə meyiti götürə bildik”.

V.BELIX, “İzvestiya” qəzetinin müxbiri: “Vaxtaşırı Ağdama diri girovlarla dəyişdirilmiş azərbaycanlıların meyitləri gətirilirdi. Belə hadisəni yuxuda da görmək mümkün deyil. Deşilmiş gözlər, kəsilmiş başlar, qulaqlar, doğram-doğram olmuş bədənlər, kəndirlə bir-birinə sarınaraq zirehli maşının arxasında sürüklənmiş çılpaq meyitlər… vəhşiliyin həddi-hüdudu yox idi”.

Vladimir SAVELYEV, “N” saylı hərbi hissədə əks-kəşfiyyatın rəisi. Onun “məxfi arayış”ında deyilir: “Azərbaycanlı meyitləri qalaqlanan çalaların ətrafında axşamlar itlərin və çaqqalların səs-küyündən, dartışmalarından qulaq tutulur, adam vahimələnirdi”.

İ.KARABELNİKOV, rus zabiti: “Birinci batalyonun qərargah rəisi, mayor Abram Çitçiyan 13 nəfərlik Babayevlər ailəsini güllədən keçirib. Buna görə ona Fransa erməni diasporu tərəfindən 150 min dollar pul və ən böyük təltif sayılan “Kilsə mükafatı” verilib”.

Xocalı soyqırımı zamanı yol verilmiş bu kimi zorakılıq əməllərinin əvvəlcədən düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq genosid hesab edilir. İnsanlığa qarşı bu cinayəti törədənlər gec-tez öz layiqli cəzalarını almalıdırlar.

Rəhman SALMANLI

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 24
  • 15
  • 2,244
  • 4,289
ILK-10 Azeri Website Directory