Həmsədrlərin bəyanatı Paşinyanı dalana dirənmiş vəziyyətə salıb

Avropa İttifaqının ardınca ATƏT-in Minsk qrupunun həmsədrlərinin də Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatının dəyişdirilməsi cəhdlərinə “yox” demələri onun iflası kimi də qiymətləndirilə bilər. 
Paşinyan küçə siyasəti, populist çıxışları ilə hakimiyyətə gəldiyi kimi, digər arzularına da rahatlıqla çatacağını zənn edirdi.

Demək olar ki, bütün bəyanatlarında Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimin tərəf olaraq danışıqlar prosesinə qatılmalı olduğunu vurğulayır və Qarabağın adından danışa bilməyəcəyini deyirdi. Paşinyan iddia edirdi ki, onun rəhbərlik etdiyi bloka seçkilərdə Dağlıq Qarabağda yaşayan əhali deyil, Ermənistan vətəndaşları etimad göstərib, ona görə də Qarabağın adından heç nə edə bilməz. Amma görünən o idi ki, Paşinyana Avropa İttifaqından aldığı rədd cavabı kifayət etmirdi. Çünki Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə prosesləri yaxından izləsə də, danışıqlarda birbaşa iştirak etmir, Minsk qrupunun vasitəçilik səylərini dəstəkləyir. Digər tərəfdən, Paşinyanın Avropa İttifaqı ilə əməkdaşlığa dair siyasəti aydın deyil. Yəni Ermənistanın baş naziri Serj Sarkisyan kimi Avropa ilə sadəcə oyun oynayır, sözdə Aİ ilə yaxınlaşmaqdan danışdığı halda, əməldə bu istiqamətində heç bir addım atmır, gözləmə mövqeyi sərgiləyir.

ATƏT-in Minsk qrupunun bəyanatı isə Paşinyan üçün Aİ-nin ardınca növbəti və daha tutarlı zərbə oldu. Minsk qrupu həmsədrləri format dəyişikliyinə qarşı çıxaraq, Paşinyanın Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimin danışıqlar prosesinə qoşulmasına dair təklifini rədd etdilər. Vasitəçilər adətən bəyanatlarında konkret tərəfin adını çəkmirlər, amma söhbətin hansı tərəfdən getdiyi də açıq şəkildə məlumdur. Onlar tərəfləri (yəni Ermənistanı-red) mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamalardan və hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən və aktiv hərbi döyüşləri bərpa etmək çağırışından yayınmağa səsləyiblər.

Aİ-dən və Minsk qrupundan aldığı zərbələrdən pərt vəziyyətinə düşən Paşinyan martın 11-də qanunsuz olaraq növbəti dəfə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə üz tutdu. Burada o, separatçıların lideri Bako Saakyanla görüşüb, dünən isə Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirib. Məhz bu iclasın həmsədrlərin bəyanatından sonra keçirilməsi əlbəttə ki, təsadüfi deyil. Bunu Ermənistan mediası da etiraf edir. “168jam” nəşri yazıb ki, Dağlıq Qarabağda təcili olaraq Təhlükəsizlik Şurasının iclasının keçirilməsi zərurəti ATƏT-in Minsk qrupu həmsədrlərinin sonuncu bəyanatından sonra yaranıb. Məlumatda deyilir ki, yığıncağın gündəliyi barədə rəsmi olaraq heç nə açıqlanmasa da, bu qərarın həmsədrlərin bəyanatından sonra verildiyi aydındır.

“168jam”a görə, bu bəyanatdan sonra Ermənistan rəhbərliyi əslində, dalana dirənmiş vəziyyətdə qaldı:

“Bir tərəfdən, Nikol Paşinyan Dağlıq Qarabağın danışıqlarda iştirakına dair bəyanatından imtina edə bilməz, digər tərəfdən isə o, Qarabağın iştirakının müzakirə olunmayacağı danışıqlara birbaşa qatıla bilməz.

Bu məsələlər Nikol Paşinyanı Dağlıq Qarabağda təcili olaraq Təhlükəsizlik Şurasının iclasını çağırmağa məcbur edib. Digər tərəfdən, bu, Azərbaycan rəhbərliyi ilə görüşündən əvvəl Paşinyanın özünü haqlı çıxarmaq üçün müəyyən təəssürat yaratmaq cəhdidir”.

Paşinyan dünən Azərbaycanın Xankəndi şəhərində keçirilən Ermənistan Təhlükəsilik Şurasının iclasında bildirib ki, Dağlıq Qarabağın danışıqlar prosesinə qoşulması onlar üçün kapriz və ya şərt deyil. O, qondarma qurumun danışıqlara qoşulmasını “əsaslandırmağa” çalışarkən yenə eyni havanı səsləndirməyə çalışıb, bununla da çoxsaylı problemlər içərisində boğulan xalqının diqqətini yayındırmağa çalışıb.

Paşinyan deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar prosesində beynəlxalq ictimaiyyəti təmsil edirlər: “Bütün bunlar əlbəttə ki, yaxşı və son dərəcə vacibdir və ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu məsələni həll etmək üçün gördükləri səyləri yüksək qiymətləndiririk. Ancaq ən mühüm sual: müzakirə prosesində “Qarabağ xalqını” kim təmsil edəcək? Yaxud bəzi hallarda deyildiyi kimi, Qarabağ ermənilərini?”

Paşinyan düşdüyü pərt vəziyyətindən çıxış yolu kimi Azərbaycan torpaqlarına üz tutub və bu məsələni gündəmə gətirib. Ancaq aydın olan budur ki, bundan sonra Paşinyan eyni iddianı gündəmə gətirib gətirməyəcəyindən asılı olmayaraq, heç nə əldə edə bilməyəcək. Sadəcə o, vaxt uzatmağa nail ola bilər ki, bu da çıxış yolu deyil. Paşinyan Azərbaycanın gücünə, onun imkanlarına, Ordusunun qüdrətinə yaxşı bələddir, ən azı üç il əvvəl baş vermiş aprel döyüşləri var. Həmin döyüşlər qarşı tərəfə bir dərs oldu, Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi. Buna görə də mənasız iddialarla vaxt uzatmağa çalışacağı halda, Paşinyanın vəziyyətinin daha da ağırlaşacağı heç kimə sirr deyil.

Bu arada ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak martın 12-13-də Ermənistana səfər edəcək. ATƏT sədri səfər çərçivəsində baş nazir Nikol Paşinyan, prezident Armen Sarkisyan, parlamentin sədri Ararat Mirzoyan, xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşlər keçirəcək. Bəllidir ki, Layçak format dəyişikliyi məsələyə də toxunacaq və öz mövqeyini ortaya qoyacaq. 

Yeri gəlmişkən, ATƏT sədri daha əvvəl, martın 5-də Bakıya səfər edib və ölkə rəhbərliyi ilə görüşlər keçirib. O, mətbuata açıqlamasında bəyan edib ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə tanınmış formatdır: “Bakıya bu səfərim Slovakiyanın ATƏT sədri olaraq bu münaqişənin həllini hərtərəfli dəstəklədiyini ifadə edir. ATƏT-in Minsk qrupu danışıqlarda yeganə tanınmış formatdır, onun hər bir dəyişikliyi razılaşdırılmalıdır”.

Layçakın bu bəyanatı İrəvanda da təkrarlayacağı istisna edilmir. Paşinyana isə hakimiyyətinin ömrünü uzatmaq, meydan ritorikasını davam etdirmək, itirilmiş nüfuzunu saxlamaq üçün yeni mövzular lazım gələcək. Çünki artıq Qarabağ kartı ilə oyuna son qoymağın vaxtının çatdığı onun özünə də gün kimi aydındır.

PƏRVANƏ

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 15
  • 8
  • 695
  • 2,715
ILK-10 Azeri Website Directory