4 amnistiya, 33 əfv

İlham Əliyev ötən 15 ildə imzaladığı fərman və sərəncamlarla 47 min 442 nəfər məhkuma azadlıq bəxş edib

Bütün dövrlərdə insan haqlarının təminatına və ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına xidmət edən əfv və amnistiya aktları cəmiyyətdə olduqca yüksək qiymətləndirilib. Hər bir fərdin mənafeyinin əsas götürüldüyü hüquqi dövlət quruculuğu prinsiplərinə həssas münasibətin əyani təcəssümü olaraq Azərbaycanda məhkumların əfv edilməsi – bağışlanması artıq ənənəyə çevrilib.

Demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarının müdafiəsinə böyük sayğı göstərən Azərbaycan dövləti cəmiyyətdə humanizm ənənələrinin təşəkkül tapmasına və möhkəmlənməsinə də hər zaman həssaslıqla yanaşıb. Elə bu səbəbdəndir ki, Azərbaycanın adı Şərqdə ölüm hökmünü ləğv edən ölkə kimi tarixə düşüb.

Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu humanizm ənənələrini davam etdirən Prezident İlham Əliyev hər zaman mərhəmət və insanpərvərlik kimi ən ali keyfiyyətləri əldə rəhbər tutaraq bayramlar ərəfəsində, əlamətdar tarixi günlərdə əfv sərəncamları imzalayır. Dövlət başçısı bu addımları ilə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən günahkar şəxslərin islah olunaraq düz yola qayıtması, onların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi azad cəmiyyətə qovuşması, bir daha cinayət əməli törətməməsi üçün şans verir, minlərlə məhkuma yenidən azadlıq bəxş edir.

Elimizin əziz bayramlarından olan Novruz ərəfəsində dövlət tərəfindən atılan sosialyönümlü addımlar, xalqın rifahı üçün verilən qərar və sərəncamlar, əfv sərəncamı hər bir azərbaycanlı ailəsinin bayram sevincini, bayram ovqatını daha da artırdı, çoxsaylı insanlara əsl bayram hədiyyəsi oldu.

İlham Əliyevin martın 16-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı 431 nəfər məhkuma şamil olundu. Onlardan 399-u cəzasının çəkilməmiş hissəsindən azad edildi, həmçinin ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir neçə nəfərin cəzası yüngülləşdirildi.

Vaxtilə cinayət törədərək azadlıqdan məhrum olunmuş həmin insanlar əziz bayramı öz ailə üzvləri, yaxınları ilə birlikdə keçirdilər. Eyni zamanda, bu addımın böyük tərbiyəvi əhəmiyyəti də var. Keçmiş məhkumlara öz həyatlarını yenidən qurmaq, cəmiyyətə qovuşmaq imkanı verildi. Cinayət yolu tutanlar, qanunları pozanlar baş verənlərdən ibrət dərsi götürür və görürlər ki, barmaqlıqlar arxasına düşmək təkcə onların deyil, həm də bütöv bir ailənin faciəsidir. Ona görə də deyə bilərik ki, bu sərəncam təkcə 431 nəfərə deyil, həmin şəxslərin hər birinin ailəsinə, övladlarına, valideynlərinə bəxş edilən sevinc payıdır.

İmzalanan əfv sərəncamları və qəbul olunan amnistiya aktları demokratiyanın inkişafına xidmət edən mühüm addım kimi şərh olunur. Ümumilikdə atılan hər bir addım insan amilinə verilən dəyərin aydın ifadəsidir.

Bu, cənab İlham Əliyevin ölkə vətəndaşlarına göstərdiyi yüksək diqqət və qayğısının bariz nümunəsidir. Dövlət başçısınn 16 illik prezidentliyi dövründə imzaladığı fərman və sərəncamlarda bu ali diqqətin və mərhəmətin şahidi olmuşuq.

Sonuncu, yəni 33-cü əfv sərəncamını da nəzərə alsaq, İlham Əliyev ötən 15 ildə 7961 nəfəri əfv edib. Bu dövrdə Azərbaycanda həm də 4 dəfə amnistiya elan edilib. Milli Məclis 2007-ci il mayın 8-də 9877 nəfər məhkuma şamil edilən “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında”, 2009-cu il martın 17-də 9564 nəfər məhkumu əhatə edən “Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında”, 2013-cü il mayın 7-də 10 min 40 nəfərə şamil olunan “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” və 2016-cı ilin mayında 28 May – Respublika Günü münasibətilə 10 min məhkumu əhatə edən amnistiya elan edilməsi haqqında qərarlar qəbul edib. Bütün bu amnistiya qərarlarının təşəbbüskarı isə Heydər Əliyev Fondunun prezidenti, o zaman Milli Məclisin deputatı olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olub.

Həm 4 amnistiya aktı, həm də 33 əfv sərəncamı ilə Prezident İlham Əliyev 47 min 442 məhkumu əfv edib. Ümumiyyətlə, son 23 ildə, yəni 1996-ci ildən bugünə qədər ölkədə 65 əfv sərəncamı imzalanıb, 11 dəfə amnistiya elan olunub. Bu mərhəmət nümunələri ilə ümumilikdə 120 mindən artıq insana azadlıq bəxş edilib.

Son illərdə ölkə həyatının bütün sahələrində, o cümlədən məhkəmə-hüquq sahəsində köklü islahatlar aparılır. Nəticədə cəza siyasəti humanistləşdirilir, insan hüquq və azadlıqları daha etibarlı şəkildə təmin olunur. Hər bir vətəndaşa diqqət və qayğı, həssas münasibət Prezidentin fəaliyyətinin ən mühüm fəlsəfəsini təşkil edir.

Mərhəmətlilik, geniş qəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı ən ali keyfiyyətlər kimi qiymətləndirilib və əfv, bağışlamaq böyük, müdrik insanlara, dövlət xadimlərinə xas olan yüksək keyfiyyətlərdir. İlham Əliyev də əfv etməyi, bağışlamağı bacaran məhz həmin aqil dövlət adamlarındandır. Bu humanist siyasəti isə xalq yüksək qiymətləndirir və bu da əhalinin ölkə rəhbərliyinə olan etimadını daha da artırır.

Atılan addımların qısa təhlili Azərbaycan dövlətinin siyasətində insan amilinə verilən dəyəri nümayiş etdirməklə yanaşı, hüquqi islahatların da zamanın tələbinə uyğun olaraq təkmilləşdirildiyini təsdiqləyir.

Rəşad BAXŞƏLİYEV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 8
  • 5
  • 504
  • 1,319
ILK-10 Azeri Website Directory