Dünya təhlükədə: İran məsələsini kimlər qızışdırır?

ABŞ-ın İranla imzalanan nüvə sazişindən çıxmasından sonra Tehrana qarşı yeni sanksiyaların tətbiqinin növbəti mərhələyə keçirilməsi ciddi risklər meydana gətirib. 

Bunlara cavab olaraq, Tehran üzərinə götürdüyü öhdəliklərin bəzilərinə əməl etməyəcəyini bəyan edib. İran Avropaya, Rusiyaya və Çinə 60 günlük möhlət verib. Bu müddətdə onların mövqeyində hər hansı dəyişiklik olmasa, Tehran birtərəfli addım atacaq. Buna qarşılıq Vaşinqton İranı vura biləcəyinə işarə edərək, Fars körfəzinə bombardmançı təyyarələr göndərib.

Böyük Britaniya, Almaniya, Fransa və Rusiya da məsələyə münasibət bildirib. Onların analizi göstərir ki, yaranan mənzərə kifayət qədər riskli və təhlükəlidir. Onun fonunda İranla “altılıq” ölkələri arasında nüvə proqramının məhdudlaşdırılması haqqında 2015-ci ildə imzalanmış saziş ətrafında formalaşan bu vəziyyətin geosiyasi təhlili üzərində dayanmağa ehtiyac görürük. 

Tehranın xəbərdarlığı: iki öhdəlikdən imtina 

İran məsələsi yenidən dünya siyasətinin ön sırasına çıxır. Mayın 8-də İran Prezidenti Həsən Ruhaninin verdiyi bəyanat Qərbi əməlli-başlı qarışdırıb. İranın dövlət başçısı bəyan edib ki, 60 gün ərzində bank və maliyyə məsələlərində Böyük Britaniya, Almaniya, Fransa, Çin və Rusiya İran İslam Respublikasının maraqlarına uyğun qərar qəbul etməsə, imzalanmış nüvə sazişinin bəzi bəndlərindən çıxacaq. Həmin bəndlər uranın zənginləşdirilməsi və ağır su istehsalına tətbiq edilən məhdudiyyətlərlə bağlıdır. Konkret desək, İran zənginləşdirilmiş uran və ağırlaşdırılmış suyun müəyyən hissəsini satırdı. Özündə saxlamırdı ki, hərbi məqsədlərlə istifadə edilə biləcəyinə şübhə yaransın. İndi Amerika həm sanksiyaları gücləndirdiyi, həm də Fars körfəzinə əlavə hərbi qüvvə göndərdiyi bir mərhələdə Tehran cavab addımları atmaq məcburiyyətində qaldığını ifadə edir.

H.Ruhaninin bəyanatı Rusiyada, Çində və Avropada ciddi əks-səda doğurub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov məsələyə münasibət bildirərək İran rəhbərliyinin düzgün addım atdığını, BMT Nizamnaməsinə uyğun qərar qəbul etdiyini söyləyib, vəziyyətin gərginləşməsinin səbəbini isə Amerika rəhbərliyinin yanlış qərarlar qəbul etməsi ilə əlaqələndirib. Belə ki, ABŞ keçən il birtərəfli qaydada İranla nüvə sazişindən çıxdı. Sonra, İrandan neft alan ölkələrə güzəştləri tam ləğv etdi. Bundan əlavə, sanksiyalar tətbiq edir. Son olaraq da Fars körfəzinə əlavə hərbi qüvvə göndərib.

Vaşinqton açıq bəyan edir ki, İran Yaxın Şərqdə hərbi fəallığını davam etdirsə, irəli sürülən tələblərə əməl etməsə, hərbi zərbə alacaq. İran da cavabında Amerikanın ciddi hərbi zərbə alacağını və nüvə araşdırmalarını sürətləndirəcəyini ifadə edir. Bununla da dünya miqyasında yeni bir gərginlik dalğasının meydana gəlməkdə olduğu təəssüratı yaranır.

Ekspertlər üçün bu gedişata Avropanın üç ölkəsinin – Almaniya, Böyük Britaniya və Fransanın verəcəyi reaksiya maraqlı idi. Çünki məhz həmin ölkələr İranla imzalanmış nüvə sazişində iştirakçıdırlar. Onlar da üzərlərinə müəyyən öhdəliklər götürüblər. Ən əsası isə Amerika həmin sazişdən çıxanda, bu dövlətlər ona sadiq qalacaqlarını bəyan etmişdilər.

Bununla belə bir mənzərə alınırdı: ABŞ İranı sıxışdırmaq imkanı qazanır, lakin İran Avropanın üç ölkəsi ilə bir sazişdə olduğundan əl-qolu bağlı qalırdı. Dolayısı ilə Tehran nüvə silahı sahəsində addım ata bilmirdi. Onun regiondakı rəqibi üçün heç bir məhdudiyyət yoxdur, Amerika isə hətta Rusiya ilə imzalanan və raket istehsalını məhdudlaşdıran müqavilələrdən çıxır. Deməli, İrana qarşı məhdudiyyətin qaldığı bir dönəmdə Qərb və İsrail yeni-yeni silahlar istehsal etmək imkanını əldə edirlər.

Təbii ki, Tehranda bunları asan anlayırlar. Bu səbəbdən ABŞ sazişdən çıxdığı andan Tehran Avropaya müraciət edir: mövqeyinizi dəqiqləşdirin! Yəni İran bilmək istəyirdi ki, Avropanın üç böyük dövləti reallıqda ABŞ-la birgə hərəkət edir, yoxsa özlərinin maraqlarına uyğun olaraq sazişdən çıxmırlar? Bu testin yoxlanışı məhz İranın sazişin iki bəndindən çıxmaqla bağlı verdiyi bəyanatdan sonra bir az da konkretləşdi. 

Əks-səda: Qərbin iç üzü açılır 

Vurğuladığımız kimi, Rusiya İranın bu addımını dəstəkləyir, yəni Moskva bu məsələdə həqiqətən İranla eyni mövqedədir. Avropa isə fərqli fikirlər söyləməyə başlayıb. Almaniya hökumətinin sözçüsü Steffen Seibert mətbuat konfransı keçirərək bəyan edib ki, sazişdə iştirakçı olan üç Avropa ölkəsi İranın atdığı addımı görüşüb ciddi müzakirə edəcəklər. Bütövlükdə sazişin qorunmasını və İranın bütün öhdəliklərə əməl etməsini istədiklərini bildirib. O, sözlərinə davam edərək, “alman hökuməti olaraq İrandan regiondakı gərginliyi artıra biləcək aqressiv addımlardan qaçmasını tələb edirik”, deyib (bax: Dört Avrupa ülkesinden İran mesajı! / “Habertürk”, 9 may 2019). Mətbuat konfransında iştirak edən Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Christofer Burger də İranın öhdəliklərə əməl etdiyi müddətdə Berlinin də üzərinə düşən öhdəliklərə əməl edəcəyini ifadə edib. O, “İranı atdığı addımlarla ölçdüklərini” deyib (bax: əvvəlki mənbəyə).

Londondan da məsələ ilə bağlı informasiya yayılıb. Xarici işlər naziri Jeremy Hunt bəyan edib ki, İngiltərə sazişə sadiqdir, lakin İranın öhdəliklərindən imtina etməsinin “sonucları olacaq” (bax: əvvəlki mənbəyə). Konkret olaraq, Tehranın atdığı addım “xoş deyil”. Buna görə də J.Hunt İranı gərginlik yaratmamağa və öhdəliklərinə sadiq qalmağa dəvət edib. O, sanksiyaların İranın üzərinə götürdüklərinə əməl etməsi ilə aradan qaldırılacağını, əks halda, başqa nəticələr verə biləcəyini də vurğulayıb. Nazir sazişi Qərb diplomatiyasının böyük uğuru kimi qiymətləndirərək ifadə edib: “İran nüvə silahına sahib olmazsa, qonşuları da nüvə silahına sahib olmağa çalışmayacaq. Lakin region “nüvələşərsə”, bu, geriyə doğru böyük bir addım olacaq. Çox ciddi bir andayıq. Bu anlaşmanı pozarlarsa, avropalı güclərin etirazının bir sonu olacaq. İranı yenidən və yaxşıca düşünməyə dəvət edirik. İran öhdəliklərinə bağlı qaldığı müddətdə İngiltərə də öhdəliklərinə sadiq qalacaq” (bax: əvvəlki mənbəyə).

Yaranmış vəziyyətə Fransanın münasibəti Almaniya və Böyük Britaniyadan elə də fərqlənmir. Bu ölkənin Xarici İşlər Nazirliyi yazılı məlumat yayaraq, İranın qərarını narahatlıqla qarşıladıqlarını bəyan edib. Fransa beynəlxalq təhlükəsizlik üçün önəmli olan bu sazişin tam olaraq yerinə yetirilməsində qərarlıdır (bax: əvvəlki mənbəyə). Bu səbəbdən Fransa israrla İranı bütün öhdəliklərinə əməl etməyə dəvət edir.

Maraqlıdır ki, Çin hələlik bu barədə fikir bildirməyib. Ancaq onun İranı müdafiə etdiyi məlumdur. Görünür, Şərq ehtiyatlılığı və müdrikliyi bu situasiyada da öz sözünü deyir. Bununla da məsələ ətrafında düşündürücü və etiraf edək ki, xeyli riskli bir mənzərənin yarandığını deyə bilərik. Bu kontekstdə Qərb dövlətlərinin indiyə qədər açıq demədiyi bir məqam diqqətimizi çəkir.

Berlin, London və Parisdən verilən bəyanatları birləşdirən bir ortaq məqam var: Qərb Yaxın Şərqdə İsraildən başqa kimsədə nüvə silahının olmasını istəmir və bunun üçün çox ciddi çalışır. Avropalılar ona təəssüf edirlər ki, saziş nə İrana, nə də regionun başqa müsəlman ölkələrinə nüvə silahı yaratmağa imkan vermədiyi halda, bu qayda indi risk altındadır. Yəni İran sazişdəki iki bənddən imtina etsə, regiondakı başqa dövlətlər də nüvə silahı yaratmaq proqramlarını həyata keçirməyə başlaya bilərlər. Və bu proses Qərb üçün risk, təhdid, təhlükə yaradır. Səbəbi nədir?

Hansı meyara görə İngiltərə, Fransa, Amerika, Rusiya və digərlərinin nüvə silahına malik olmaları beynəlxalq təhlükəsizliyə təhdid deyil? Bir-birini nüvə hücumu ilə hədələyən Amerika və Rusiya deyilmi? Fransa öz nüvə imkanlarına arxalanıb, Yaxın Şərqdə iradəsini diktə etməyə çalışmırmı? Almaniya, Rusiya, Çin, İsrail eyni iradəni ortaya qoymurlarmı? Əlbəttə, məhz bu cür iradəni nümayiş etdirirlər. Deməli, dünyaya öz maraqlarını diktə etməkdədirlər. Bəs hansı səbəbdən digərləri, o cümlədən, İran bu cür davranmasın?

Əlbəttə, biz qətiyyətlə silahlanmanın, o cümlədən, nüvə silahının istehsalının əleyhinəyik. İranın da nüvə silahına sahib olması arzuolunan deyil. Ancaq belə təəssürat yaranır ki, Tehranı bu addıma məhz ona təzyiq göstərən, sanksiyalar tətbiq edən, bir başqa ölkəni tam haqlı sayan Qərb təhrik edir. Bu kimi proseslərə İran necə reaksiya verməlidir? Təbii ki, özünü müdafiə etməyə çalışmalıdır. Belə çıxır ki, pərdə arxasında İranı aqressivləşdirib, bütövlükdə regionu oda atan Qərbdir. Onun hərəkətlərində nə ədalət, nə obyektivlik, nə səmimiyyət, nə də humanizm var. Buyurun, üç Avropa ölkəsi açıq deyir ki, əsas problemimiz İranın nüvə silahına malik olmamasıdır. Bunun fonunda Amerika və ya digər ölkələrin yeni-yeni ölümsaçan silahlar istehsal etməsinə də sözdə “yox” deyib, heç bir addım atmırlar. Məsələn, niyə Amerikaya və ya nüvə silahı, ballistik raketlər, müasir kosmik silahlar istehsal edən bir başqa ölkəyə qarşı sanksiyalar tətbiq edilmir? Nə üçün dünyanın 100-dən çox dövləti bir yerdə hansısa bəyanat vermirlər?

Şübhəsiz, bütün dünyanı ittiham etmək fikrindən çox uzağıq. Sadəcə, ədalətin olmadığı, ikili standartların at oynatdığı bir zamanda ayrı-seçkilik əsasında kimlərisə qorxutmağın, əzməyin və təsir altına salmağın müsbət sonu olmayacaq, deyirik. Burada “gözləyək” də demək olmur. Çünki olandan sonra yaşamağın özü imkansız olacaq. Bu səbəbdən böyük dövlətlər fəallaşmalı və ədalətli olmalıdırlar. Həm də özlərinin xilası üçün!

Newtimes.az

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2019
S M T W T F S
« Apr    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 124
  • 18
  • 582
  • 2,453
ILK-10 Azeri Website Directory