Samuxda kənd təsərrüfatının inkişafında emal sənayesinin rolu

Samux rayonu normal iqlim şəraitinə və coğrafi mövqeyinə görə respublikada kənd təsərrüfatı üçün  ən əlverişli rayonlardan biridir.

Rayonun ərazisi 144854 hektar, əhalisi 58258 nəfər, kənd təsərrüfatına yararlı sahəsi  69296,0 hektar,   balans üzrə əkin sahəsi isə 22661 hektardır.  2018-ci ildə  faktiki əkin sahəsi 22816 ha, çoxillik  əkmələr 2837,2 ha, dincə qoyulmuş sahələr 400,0 hektar, biçənəklər  48 hektar, örüşlər 40513 ha olmuşdur. Kənd təsərrüfatına yararlı torpaq sahələrinin 23744,1 hektarı suvarılan torpaqlardır.

       Rayonun ərazisindən  5 çay keçir:  Kür, Qabırrı, Qanıx, Gəncəçay, və  Quşqara çayları.  2018-ci ildə rayonda 555 subartezian və 16 artezian quyusu mövcud olmuşdur  ki, bundan  da 547 subartezian  və  9 artezian  quyusu saz  vəziyyətdədir.
            Artıq 2 ildir ki,  Şəmkir Maşın Su Kanalından suvarma məqsədilə istifadə edilir. 
            Respublikanın hər yerində  olduğu kimi Samux rayonunda  da kənd təsərrüfatı məhsulların istehsalçılarına  dövlət tərəfindən yüksək qayğı göstərilir və bu qayğı ildən-ilə artmaqdadır. Respublika  Prezidentinin müvafiq  sərancamı ilə 1999-cu ildən kənd təsərrüfatı müəssisələri torpaq vergisindən başqa bütün vergilərdən azaddır. Hal-hazırda əkin sahələrinin  becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə, habelə buğda və çəltik əkininə  görə, pambıq.  tütün,  şəkər çuğunduru və  barama istehsalçılarına hər il dövlət büdcəsinin  vəsaitləri hesabına subsidiyalar verilir. Süni mayalanma  yolu  ilə alınmış hər buzova görə və hər arı ailəsinə görə təsərrüfat rəhbərlərinə subsidiyalar ödənilir. Bundan əlavə kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrələr 70 faiz güzəştli qiymətlərlə satılır. Rayonda fəaliyyət göstərən “Aqrolizinq “ açıq səhmdar cəmiyyətinin Samux filialı kənd əməkçilərinə hər cür  aqroservis  xidmətləri göstərir.
              2018-ci ildə rayonda kənd təsərrüfatı məhsullarının  istehsalçıları  suvarma məqsədilə  60 922,4 min kvt saat elektrik enerjisi istehlak etmişdirlər. Bunun müqavilində dövlət tərəfindən Samux  Suvarma Sistemləri İdarəsində  5483 min manat vəsait ödənmişdir.  Təsərrüfat rəhbərləri yalnız hər 1000 m3  suya  görə  0,50 manat vəsait ödəyirlər  ki, bu  və 1 sutka ərzində  1,2 – 1,5 manat  təşkil  edir.
            Məhz,  bunun nəticəsidir ki,  son  illərdə  rayonda  kənd  təsərrüfatının  inkişafında  böyük  naliyyətlər  əldə  olunmuşdur.  2018-ci ildə  kənd  təsərrüfatı  üzrə  məhsul  buraxılışı  80933,6  min  manat  olmuşdur  ki,  bu  isə ümumi  məhsul  buraxılışının  48  faizini  təşkil  edir.  Rayonda məşğul  əhalinin  sayı  31100 nəfər  olmuşdur  ki,  bunun da   16800  nəfəri  və  ya 54  faizi  kənd  təsərrüfatında  çalışır.
        Rayonda  əhalinin  gəlirlərinin  artmasında  və  işsizlik  probleminin  aradan  qaldırmasında  kənd  təsərrüfatı  mühüm  rol  oynayır 
      2018-ci ildə rayonda 36601 ton taxıl o, cümlədən 23210 ton buğda və 13391 ton arpa,  2650,8 ton kartof,12953,9 ton tərəvəz, 2926,4 ton bostan, 5885,9 ton günəbaxan, 11968,8 ton qarğıdalı, 21594,3 ton şəkər çuğunduru,13 ton çəltik,  57,1 ton paxlalılar, 17352,4 ton meyvə , 9620,4 ton üzüm,  64602,1 ton quru ot istehsal olunmuşdur.
             Əsas heyvandarlıq məhsullarının istehsalı isə aşağıdakı kimi olmuşdur:
Ət (diri çəkidə)-5590 ton
Süd – 30785 ton
Yumurta – 6537 min ədəd
Yun – 279 ton
            2018-ci ildə rayonda mövcud olan əkinə yararlı torpaq sahələrdən tam istifadə edilmişdir.
            Məhsuldarlıq dəmli və  dənli paxlalılarda 33,9 sent/ha,  pambıqda 23,1 sent/ha, şəkər çuğundurunda 323,8 sent/ha,  dən üçün günəbaxanda 19,9 sent/ha, kartofda 110,5 sent/ha, tərəvəzdə124,8 sent/ha, meyvə və giləmeyvələrdə 129,2 sent/ha, üzümdə102,4 sent/ha olmuşdur. Qeyd etmək istərdik ki, təsərrüfat rəhbərlərini  bu məhsuldarlıq tam qane etməməlidir. Əkinlərə düzgün aqrotexniki xidmət  göstərilsə, mineral və üzvi gübrələrdən,  pestisidlərdən  normal şəkildə istifadə olunarsa,  əkinlərin becərməsində elmin son nailiyyətlərdən  səmərəli istifadə edilərsə, məhsul vaxtında və itkisiz yığılarsa  orta məhsuldarlığı  bir neçə dəfə artırmaq olar. İlbəil artan əhalini ərzaqla təmin etmək yalnız məhsuldarlığı artırmaq yolu ilə əldə etmək olar.
          Kənd  təsərrüfatının  inkişafının başlıca amillərində biri də emal sənayesinin inkişafı ilə əlaqədardır. 2018-ci ildə sənayedə istehsal  olunmuş malların  və göstərilmiş xidmətlərin həcmi 8515,6 min manat olmuşdur ki, bu isə ümumi məhsul buraxılışını 5,1 faizini təşkil edir. Sənaye məhsulu istehsalının 3581,6 min manatını və ya 42,4 faizini emal sənayesi təşkil edir. Rayonda kifayət qədər meyvə, tərəvəz, dən üçün günəbaxan, üzüm ,ət, süd, yumurta, yun, dəri və sair kənd təsərrüfatı məhsullarının istehsalı olmasına baxmayaraq bu məhsulların emalı ilə məşğul olan sənaye müəssisələri mövcud deyildir. Kənd təsərrüfatı məhsullarını qəbul edən tədarük təşkilatlarının da mövcud olmadığına görə təsərrüfat rəhbərləri öz məhsullarını daxili  bazarlara çıxarır və ya xüsusi mağazalarda satırlar.  Xüsusi alıcılar tərəfindən isə  məhsullar çox ucuz qiymətə alındığından bu, istehsalçıları qane etmir. Təsərrüfat rəhbərləri öz məhsullarını xarici bazarlara  çıxara bilmir. Buna həm maliyyə çatışmazlığı  imkan vermir, həm də təsərrüfat rəhbərləri bu zaman təsərrüfat işlərindən kənarlaşırlar.
          2018-ci ildə rayon üzrə cəmi 11,5 ton pendir və 1,9min dkl şərab istehsal olmuşdur  ki, bu isə rayonda istehsal olunan süd və   üzüm  istehsalına görə  çox aşağı göstəricidir. Emal sənayesinin olmaması səbəbindən  bir sıra  kənd təsərrüfatı məhsulları çox aşağı qiymətə satılır  və ya təsərrüfatda qalıb xarab olur. Bu isə əksər hallarda təsərrüfat rəhbərlərini  gəlirdən məhrum edir.
Buğda istehsalı istehlakdan 18978 ton, tərəvəz və bostan 9567 ton, ət və ət məhsulları 3653,7 ton, süd və süd məhsulları 15039,5 ton , meyvə və giləmeyvə 12749,4 ton, üzüm istehsalı isə 9040,7 ton çox olmuşdur. Ona görə də bu məhsullar üzrə emal müəssisələrinin yaradılması böyük ehtiyac vardır. Kartof istehsalı istehlakdan 1569,6 ton,  yumurta istehsalı isə 2680,7 min ədəd az olduğundan  bu məhsullar üzrə istehsalın gücləndirilməsi  vacib hesab edilir. Balıq və balıq məhsulları isə ildə 429 ton istehlak edilir. Lakin rayonda balıqçılığın inkişafı üçün əlverişli şərait olmasına baxmayaraq balıqçılıqla məşğul olan müəssisələrin heç bir fəaliyyət  göstərmir. Balıq başqa ərazilərdən rayona gətirilir və ya əhali bunun üçün Gəncə şəhərinin  bazarlarına üz tutulur.
         Vaxtilə üzüm və şərab istehsalına görə şöhrət qazanmış Samux rayonunda mövcud olan 11 şərab zavodundan heç biri fəaliyyət  göstərmir. Bu şərab zavodlarının  yeni texnologiyaların tətbiqi sayəsində bərpa edilərək yenidən fəaliyyətə başlaması rayonda üzümçülüyün inkişafına böyük təkan vermiş olardı.
     Bir fakta müraciət edək:
     2018-cı ildə rayonda 9081 ton xurma istehsal edilmişdir. Bu qədər xurmanı respublika bazarlarında satmaq mümkün deyil, çünki, tələbatdan xeyli çoxdur. Respublikada isə xurma emalı ilə məşğul olan emal müəssəsi müvcud deyildir. Xurmadan həm təzə, həm də qurudulmuş, həm də emal olunmuş halda istifadə olunur. Xurmadan müxtəlif cemlər, mürəbbələr, pavidla, pastila, unlu xörəklər üçün naçinka və həmçinin spirtli içkilər hazırlanır. Bu meyvənin tərkibində  aşağıdakılar müəyyən olunmuşdur:
     Şəkər-22,4 %, üzvü turşular-1,22%,  zülalı maddələr 1,6%, yağlar-1,8 %, vitamin C-55,0% , yod -49,7% və s.Bundan başqa xirniyin tərkibində aliminium,       barium, mis, xrom, dəmir, nikel, silisium, stronsium, vanadium , natrium, kalium, kalsium və s. elementlər vardır.
    Xurma diyetik və müalicəvi  əhəmiyyətə malikdir. Tibbdə xurma meyvəsindən hipertoniya və ateroskleroz, qalxanabənzər vəzilərin müalicəsində və triotoksikoz xəstəliyi zamanı istifadə edilir.
    Xurma  təsərrüfat üçün yüksək rentabelli bitkidir. Becərilmə texnologiyası  nisbətən asan, xəstəlik və ziyanvericiləri az, böyümə və inkişafı üçün yüksək qulluq tələb etməyən bu bitki, yüksək məhsuldar olduğundan ( potensial  məhsuldarlığı hər hektara 90-120 ton) təsərrüfatın rentabelli işləməsini təmin edir.
     Buna baxmayaraq təsərrüfatlar tərəfindən  xurmanın 1-kq-ını 0,15 manata satılırr. Bu isə təsərrüfatlara az gəlir gətirir. Bu gün əgər əlverişli satış bazarı olarsa, xurmanın 1 kq-nı 0.50 manata satmaq olar. 1 hektardan orta hesabla 100 ton məhsul istehsal olunarsa, 50000 min manat gəlir əldə etmək olar. 2018-ci il üçün rayonda 1 təsərrüfatın orta illik gəlirinin 13221 manat olduğunu nəzərə alsaq, 1 ha xurma bağından əldə olunan gəlirin  1 təsərrüfatın orta illik gəlirindən 36779  manat və ya 3,8 dəfə çox olduğunu müəyyən edərik.  Gələcəkdə ixrac yönümlü emal müəssələri yaradılarsa və ya xarici bazaralra ixrac güclənərsə, bu meyvənin satışından əldə olunan gəlir də artar.
     Məlumdur ki, biyandan müxtəlif növ dərmanlar, biyan tableti, biyan turşusu, biyan balı və biyan duzu istehsal olunur.Biyan məhsullarına dünya bazarında təlabat böyükdür. Çöllərdə heç bir qulluq və qayğı görmədən külli miqdarda biyan yetişir. 1986-çı ildən başlayaraq bu bitkinin kökləri toplanaraq ölkəmizdən ABŞ-a,1913-cü ildən isə Fransa, İngiltərə, Yaponiya və sair ölkələrə ixrac olunmuşdur. Rayonda bitən şirin biyan kökündə bioloji aktiv maddələrin miqdarı daha zəngin və keyfiyyətlidir. 1 ton biyan kökündən 40 kq qliseram almaq mümkündür ki, onun da dünya bazarında 1 kq-nın qiyməti 700 dollara qədərdir.
     Şirin biyandan hazırlanan preparatlardan bronxit, göy öskürək, tuberkulyoz, mədə yaraları, zəhərlənmə əleyhinə, habelə maddələr mübadiləsinin nizama salınmasında, paralic,  sinir xəstəliklərinin müalicəsində istifadə olunur.
     Bu cür təbii imkanları nəzərə alaraq, rayonda biyan köklərinin emalı ilə məşğul olan zavodun tikilməsinə böyük ehtiyac vardır. Bu rayonun iqtisadi vəziyyətinin yüksəlməsində böyük əhəmiyyət kəsb edər. Samux rayonu dərman bitkilərinin  həm növünə   həm də çoxluğuna görə regionun başqa rayonlarından fərqlənir. Bu səbəbə görə də rayonda  dərman istehsal edən farmakoloji bir fabrikin acılmasına cox ehtiyac var. 
        2018-ci ildə rayonun təsərrüfatlarında 279 ton yun istehsal olunmuşdur. Yun toxuculuq və xalçacılıq sənayesinin əsas xammal mənbəyidir. Lakin hər iki sənaye sahəsi üzrə emal müəssisələrinin mövcud olmadığına görə qoyunçuluqla məşğul olan təsərrüfatlarda yun anbarlarda yığılıb qalır. Bəzi təsərrüfatlarda isə çox ucuz qiymətə satılır. 2018-ci ildə rayonun kənd təsərrüfatı müəssisələrində satılan yunun 1 kq-nın qiyməti 0,77 manat olmuşdur.
         2018 – ci ildə rayon büdcəsinin gəlirləri 4772,1 min manat,  xərcləri isə 4549,2 min manat olmuşdur. Gəlirlərin 1477 min manatı və ya 31 faizini dövlət büdcəsindən ödənilən dotasiyalar təşkil etmişdir. Yəni, rayon büdcəsinin gəlirləri verilən dotasiyalar hesabına formalaşır. Deməli, kənd təsərrüfatı müəssisələrinin torpaq vergisindən başqa bütün vergilərdən azad olduğuna görə rayon büdcəsi əsasən emal müəssisələrinin hesabına dola bilər.
         Hal – hazırda dövlətin qarşısında duran əsas vəzifələrdən biri işsizlik probleminin aradan qaldırılması və əhalinin gəlirlərinin artırılmasından ibarətdir. Məhz,  emal sənayesinin inkişafı bu problemlərin həllində başlıca rola malik ola bilər.
        2018- ci ildə rayon üzrə pərakəndə ticarət dövriyyəsi 114671,8 min manat olmuşdur. Pərakəndə  ticarət dövriyyəsinin 76912,7 min manatını və ya 67,1 faizini yerli mallar,  37759,1 min manatını və ya 32,9 faizini idxal malları təşkil etmişdir. İdxal məhsullarından mağazalarda  ət məhsulları, kartof, qənnadı məmulatları, kərə yağı, bitki yağı, spirtli içkilər, tütün məmulatlarına rast gəlinir ki, bu cür məhsullar rayon daxilində də istehsal oluna bilər.
          Qeyd etmək  lazımdır ki, emal sənayesi inkişaf etdikcə, təsərrüfatlarda məhsulların alıcılıq qabiliyyəti yüksələr, məhsulların dəyəri də artar və bununla da məhsul istehsalçılarının maliyyə vəziyyəti yaxşılaşar  və təkrar istehsala maraq artar.
        Samux Rayon Statistika İdarəsi belə hesab edir ki, gələcək dövrlərdə rayonda emal müəssisələrinin sayı artdıqca həm yerli büdcənin gəlirləri artar, həm də  yeni iş yerlərinin sayı və  əhalinin gəlirləri çoxalar və bununla da  əhalinin həyat səviyyəsi xeyli yüksəlmiş olar.

Samux Rayon Statistika İdarəsi

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 100
  • 17
  • 410
  • 1,407
ILK-10 Azeri Website Directory