CAZİBƏ

(təəssürat-esse)

  Hər dəfə Günəş cümə gününün başlan­dığını bə­yan eləyəndə Saleh Qur­banovun düşüncələrində qəribə bir yerdə­yişmə baş­layır.

O, nəzərdə tutduğu işləri gün ərzində görüb ba­şa çatdıra bilmir. Özün­dən asılı olmayaraq daşı-daş üstə qoymağı başqa günə təxirə salır. Ağac ək­mək istəyəndə də bu hal təkrar olunur. Əkiləcək, bel­lənəcək sahəni uşaqlara həvalə edir. Qoyun-quzu­ya baxmaq işi də eləcə… Ədəbiyyat müəlliminin daha vacib üç işi var: şagirdlərin yazı işlərini yoxlayıb qiymətlən­dirmək, mütaliyə etmək və bədii yaradı­cılığı ilə məşğul olmaq. Saleh müəllim həftənin cümə günü öhdəsində olan işlərin heç birini lazımınca yarıtmır.

Çünki səbəb var. Bu səbəbin adı cazibədir. Məkanı da Gəncə şəhəri, İnzibati binanın sağ cinahının dördüncü mər­təbəsində geniş və işıqlı bir otaq. Bu otağın qapısına bir ta­nın­ma lövhəsi vurulub: Azərbaycan Yazıçılar Birliyinin Gən­cə şöbəsi.

Hər həftənin cümə – beşinci günü bədii yaradıcılıqla məşğul olan qələm sahibləri saat 2 tamamda bu işıqlı otağa toplaşır, yeni yazılarını müzakirəyə ötürür, bəzən də müxtə­lif məzmunlu tədbirlərin iştirakçısına çevrilirlər. Bax, Saleh Qurbanov da uzaq yolu qət edib özünü cümə gününün təd­birinə yetirir. Və bu iştirakdan xoşhal olur, mənəvi cəhətdən sənət həzzi duyur. O, işlərini yarımçıq qoyub bu yığıncağa ona görə tələsir, bilir ki, bu yaradıcılıq məkanında onu göz­ləyən, fikirlərini eşitmək istəyənlər var. Həm də öz şeirləri barədə kiminsə sözünü eşitməyə ehtiyac duyur. Mübahisəli anlar, fikir toqquşmaları da baş verir. Cazibə güclü olduğü üçün mübahisədən doğan gərginlik onu bu yoldan saxlaya bilmir.

Saleh Qurbanov ali təhsilli dil-ədəbiyyat müəllimidir. Daşkəsən rayonunun Xoşbulaq kəndində yaşayır. Pedaqoji fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olur. Bir ara icra hakimiy­yətində də ictimai-siyasi qabiliyyətini göstərib. Sonra görüb ki, şagird səsli məktəb işi onun üçün daha münasibdir. Qələm sahibi üçün vacib key­fiyyətlərə malikdir: mütaliyə edir, dövrü mətbuatda məqalə və resenziyaları dərc olunur. Əsasən poeziyaya üstünlük verir. Necə yazır? (Bu sualı bir də yazımın sonunda təkrarlayacağam). «Azər­bay­can» jurnalında, «Ədəbiyyat və incəsənət», «Kaspi», «Əda­lət», «525-ci qəzet» və sair dər­gilərdə nəşr olunmağı onun qələminin püxtə olma­sından xəbər verir. Ömürdaşı İbadət xanımın da qələmi poeziyaya meyllidir. Mürəkkəbi quru­mamış yazıların bir evdə iki yaradıcı şəxs tərəfindən müzaki­rədən keçirilməsi sonrakı mərhələ üçün uğur vəd edir.

Saleh müəllim mən işlədiyim universitetin – GDU-nun məzunudur. Onun aşağı-yuxarı kurs­larda oxuyan qələm sahibləri ilə yaxın əlaqələri olub. Bahadur Fərman, Sahib İbrahimli, İnqilab İsaq, Aydın Murovdağlı, Qəşəm Nəcəf­za­də, Sərvaz Hüseynoğlu, Valeh Bahadıroğlu ilə gah Gəncədə, gah da Xoşbulaqda yaxından ünsiyyətdə olub, çağdaş və klassik sənətin sirləri barədə fikir mübadiləsi aparıblar. Qəri­bə də olsa, mənim bu əlaqələrdən xəbərim olmayıb. Bəlkə, buna Saleh müəllimin iddiasızlığı şərait yaradıb. Az-çox imzası tanınan iddialılar tezliklə kitab çıxartırır, bundan sonra Yazıçılar Birliyinin üzvü olmaq asanlaşır. Çox vaxt rəsmiləşmək yaxşı yazmağı üstələyir. Salehin gözəgirmək xasiyyəti yox, kitabı yox, təşkilata üzv olmaq canatımı yox. Məni qınamayın, belə olan halda Saleh Qurbanov kimi iste­dadı (o dövrdə heç qəzet-jurnal səhifələrində çap olunmağa da can atmırmış) necə tanıya bilərdim?! Yalnız təsadüf bizi bir araya gətirə bilərdi. Günlərin birin­də belə bir təsadüf alındı.

İş belə gətirdi ki, tanınmış bir elm-ədəbiyyat adamı­nın yas yerində yanaşı oturmalı olduq. müxtəlif mövzulu söhbətlərdən tez ötüşüb ədəbi aləmdə qərarlaşdıq. İlk dəfə gördüyüm orta yaşlı bu adamın ədəbi aləmə səriştəli sərgü­zəşti məni çox maraqlandırdı. Xüsusilə, bəzi çağdaş yazarlar ba­rədə qədərincə sərt mövqe sərgiləyirdi. Həm də ədəbi ictimaiyyət tərəfindən qəbul olunan müəl­liflərin adını çəkir, onların yaradıcılığından misal­lar gətirir, barışmazlığını, tən­qidi fikirlərini faktlarla sübuta yetirirdi. Gerçək ədəbiyyatın təəssübünü çəkən bu adamla tanışlığımdan məm­nun qaldım. Baxmayaraq ki, onun tənqidi müla­hizələrinin bəzi məqam­ları ilə barışmadım. Xeyli zaman ötüşəndən sonra bildim ki, həmin şəxs indi haqqında söz açdığım şair Saleh Qur­banovdur. Sonrakı müşahidələrim ilk təəssüratıma düzəliş verdi. O, həqiqəti tapmaq üçün mübahisəyə can atsa da, sən demə, təbiəti etibarı ilə mülayim adam imiş.

Günlərin birində bir məsələ ilə bağlı mənimlə görüş­mək istədiyini bildirdi. Görüş­dük. Maraqlı təklifini ortalığa çıxartdı. Ədəbiyyatda problem sayıla biləcək 7 sual tərtib etmişdi. O, bu 7 sualı 7 müəllif arasında paylaşmaq istəyirdi. Təklifi maraqla qarşıladım. Suallarla tanış oldum. Mənə elə gəldi ki, suallar xeyli «cəncəl» məsələlərə toxunur. O, mən­dən reaksiya gözləyirdi. Mən isə fikrə getmişdim. Dözməyib dilləndi:

– Hə, nə deyirsiniz?

Dedim:

– Fikrə getməyim başqa səbəbdəndir. Ciddi məsələlə­rə toxunubsunuz. Gerçək cavablar kiminsə xətrinə dəyə bilər. Mən «pis adam» olmaqdan çəkinmirəm. 7 sualın hamı­sına cavab verəcəyəm. Qalan 6 nəfərin cavab verəcəyinə o qədər də inanmıram. Ola bilər ki, daha bir adam suallarınızı cavablandırsın.

Dediyim kimi də oldu. Məndən savayı Gülafət xanım da Saleh müəllimin tərtib etdiyi sualları cavablandırdı. Sonra mən həmin sualları cavablarla birlikdə mətbuatda çap elət­dirdim. Bununla kifayətlənməyib bu maraqlı mətni kitabıma da daxil etdim.

Saleh Qurbanovun fəaliyyətində ədəbiy­yat­şünaslıq, tənqidçilik (əslində təhlilçilik) də özünü büruzə verir. Tanın­mış şairlərdən Bahadur Fərmanın, İnqilab İsaqın, Sahib İbrahimlinin və b. haqqında yazdıqlarından yəqinləşdirirsən ki, bu məhsullar ədəbiyyata, poeziyaya dərindən bələd olan bir adamın qələmindən çıxıb.

O, dostluqda, yoldaşlıqda münasib sayılacaq fikir adamıdır. Ona getdikcə artan rəğbətimi bir simvolik qəra­rımla şərtləndirdim. «Aman ayrılıq» povestimin müsbət qəh­rəmanına onun adını seçdim: Saleh müəllim.

Onun dünyası mübahisələr zamanı daha aydın çözü­lür. Qərarında sabitqədəmdir. Rəqibi qarşısında hər saat geri çəkilən deyil. Onu təkzib­olunmaz dəlillərinlə inandır­malı­san.

Hərdən mənimlə də mübahisələri dartışmasız keçmir. Xüsusilə, publisistika barədə. O, zənn edir ki, poeziyada pub­lisistik ruh olmamalıdır. Fikrini sübut üçün böyük şairi­miz Əli Kərimin yaradıcılığına müraciət edir. Mən isə bu fikrin əks istiqamətində yer alıram. Deyirəm ki, çağdaş dövr poeziyanın bətninə obrazlı şəkildə təcəssüm olunan publi­sistik ruhu qəbul edir və bəlkə də vacib sayır. Mən də fik­rimin təsdiqi üçün daha bir böyük şairimizin – Məmməd Arazın yara­dı­cılığına üz tuturam. Məqsədimiz bir-birimizi «təslim» eləmək yox, bir-birimizdən öyrən­məkdir.

Saleh Qurbanov hansı şairlərin ustalığında öz şeirlə­rinin cilasını, ovxarını artırır? «Ver sözə ehya» deyən Mə­həm­məd Füzulinin, «Öldür məni, gər var isə günahım; Al qanım əllərdə hənalar olsun» ricalı Molla Pənah Vaqifin, «Yanağın qırmızı, buxağın ağdı; Çıraqban eyləyib ağı qır­mızı» söyləyən Aşıq Ələsgərin, «Qayıt, yerinə qoy ayı, günəşi; Qayıt səhmana sal bu kainatı» yalvarışlı Əli Kərimin və bu ruha yaxın olan başqalarınınmı? Yəqin ki, hamısının. Maraqlı burasıdır ki, bu bədii qidalanmalardan sonra o, öz orijinal şeirini yaradır. Hətta ən döyənək mövzularda belə. Onun poetik dünyasından yalnız bir bütöv şeir seçib bu yazıya daxil edirəm. O məqsədlə ki, qoy oxucular mənim sözlərimin səmimiyyətini yoxlasın.

DAĞLAR

Gələni, gedəni gözündən qoymaz,

İllərdir görürəm ayıq dağları.

Duman boz dənizdi, bulud yelkəni,

Tufanlar batırmaz qayıq dağları.

Nur içir Günəşdən çeşmənin buzu,

Yandırır çəməni çiçəyin közü.

Vurulub qayaya şəlalə qızı,

Qorxuram salalar duyuq dağları.

Çayları təntidir dərənin kini,

Zirvələr atıbdı gözdən mürgünü.

Geyinir əyninə duman kürkünü,

Bilmərik üşüdər soyuq dağları.

Göylərmi yaradıb o qədəhi?

Şimşək sındırmadı o sağ qədəhi.

Qaldırıb başına bulaq qədəhi,

Bu səhər görmədim ayıq dağları.

Şairin başqa şeirləri heç də nümunə gətirdiyim bu şeirdən aşağı səviyyəli deyil. Şübhəniz varsa, onun dövrü mətbuatda dərc olunan bədii yazılarını tapıb oxuya bilər­siniz.

Çox sayda bir-birindən dəyərli şeirləri olmasına bax­ma­yaraq Saleh Qurbanov hələ kitab müəllifi deyil. Özümü istəmir, ya maddi çətinlikləmi üzləşir? Bu sirrin açarı məndə deyil.

O yaxşı bilir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaq istəyənə kitab məsələsi şərt kimi irəli sürülür. Yalnız kitab məsələsinin həllindən sonra üzvülük, üzvlükdən sonra isə Prezident mükafatının qapıları onun üzünə açıla bilər. Dağlar şairi bu yoldan bilərəkdən yan durur, yoxsa başqa bir maneə var?.. Hələ ki özü bildiyini bizə demir.

***

Hər həftənin cümə günü görüləsi vacib işlərini yarım­çıq qoyub daha vacib bir ünvana AYB-nin Gəncə bölməsinə üz tutur. Orada bədii sözün sehri var. Saleh Qurban (bu dəfə soy adını belə işlətdim) bütün varlığına hakim olan o sehrin cazibəsindən çıxa bilmir.

Qərib MEHDİ

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 20
  • 15
  • 247
  • 1,482
ILK-10 Azeri Website Directory