Faiq QİSMƏTOĞLU: DUZSUZ ADAM

… Təkcə duzsuz xörək, duzsuz yemək olmur; həm də dünyamızda nə qədər desən duzsuz adam tapmaq olar…

…Və duzlu adam deyəndə təbii ki, şirin, yumorlu, lətifəli və bir də insana bir anın içində qaynayıb-qarışan insanlar yada düşür. O insanlar ki, onunla bir kəlmə kəsirsən, yoldaşlıq eləyirsən, oturub-durursan, görürsən ki, çox səmimi, çox şirin və çox da duzlu adamdı. Bəlkə də həmin adam bu qədər şirin olduğunu hiss eləmir.

Ancaq onun qarşısındakı insan söhbət eləyəndə görür ki, yox ey qardaş, bu adam ürəyə yaxın, duzlu insandı. Və ürəyə yaxın, duzlu insanla adam dünyanın o başına da gedə bilər. Tay onlar başqaları kimi səni yarıyolda atıb aradan çıxmazlar…

… Və bu dünyada “quru”və “duzsuz” adamlar da var. “Quru” adamlara el arasında “duzsuz” adamlar deyirlər. Bu duzsuz adamlar da pis adamlar deyillər ha! Belə baxanda onların da öz dünyası var. Adam var ki, bir saat, iki saat yol gedirsən, ağzını açıb bir kəlmə danışmır və sənin də ürəyin partlayır, bu sükuta dözə bilmirsən. Axırda dilə gəlib deyirsən ki, ay rəhmətliyin oğlu, ağzına su almısan? Yolboyu gedirik bir kəlmə danışmırsan, susursan! O da diqqətlə sənə baxır və dillənir ki, mənim xasiyyətim belədir. Dedik axı, heç belələrini qınamalı da deyil… heç belələrindən küsmək də bir o qədər kara gəlmir… heç belələrini çox çək-çevirə salmaq da olmaz… çünki onların da öz aləmləri, öz dünyaları, öz düşüncələri var…

… Bəzən də görürsən ki, biri o qədər danışır, həm özünü yorur, həm də səni. Bütün yol boyu boş və mənasız söhbətlər eləyir. Düşünürsən ki, ay dadi bidad, nə vaxt bundan canımı qurtaracam! Elə ki, mənzil başına çatırsan, şükür eləyirsən ki, canın yaxşı qurtardı. Heç belələrinə duzlu adam da demək olmur ha! Çünki onlar ağzına gələni üyüdüb tökürlər və danışırlar. Ağzına gələni üyüdüb tökəndə, danışanda təbii ki, onun söhbətindən bezar olursan…

… Şirin, duzlu və yumorlu adamlar çox olur. Və bu şirin, duzlu adamlar mənim düşüncəmə görə, hər yerdə var. Bizim Bəhmənlidə isə iki nəfər idi: bir Xalaoğlu Tərxan, biri də traktorist Mürşüd! Allah hər ikisinə rəhmət eləsin! Hər ikisinin duzlu, məzəli söhbətlərindən doymaq olımurdu…

… Xalaoğlu Tərxan bizim məktəbdə gözətçi işləyirdi. Rəhmətlik Əvəz müəllim də məktəb direktoru idi. Və məktəb direktoru olan Əvəz müəllimin zəhmindən nəinki biz şagirdlər, müəllimlər də qorxurdu. Yeganə adam Xalaoğlu Tərxan idi ki, Əvəz müəllimin yanında özünü çox rahat hiss edərdi. İşini görərdi, məktəbdə nə olurdu hamısını Əvəz müəllimə çatdırardı. Əvəz müəllimin qanın ən qara vaxtında ancaq Xalaoğlu Tərxan onun yanına girə bilər, bir duzlu lətifə danışıb eynini açardı. Bundan sonra işi düşənlər Əvəz müəllimin ovqatının yaxşı olduğunu bilib yanına gedərdilər. Və rəhmətlik Əvəz müəllim də çox təmiz və ədalətli ziyalı idi. Bacardığı qədər hamıya kömək edərdi…

… Traktorist Mürşüdün isə öz yumor, lətifə dünyası vardı. Biz uşaq olanda kəndimizə Bakıdan, Füzuli şəhərinin özündən müğənnilər, aktyorlar gəlib konsert verərdilər. Bax, onda da traktorist Mürşüd səhnəyə çıxar, öz yazdığı şeirlərini, yumorlarını, lətifələrini danışardı və camaat da gülməkdən uğunub gedərdi. Bəhmənlilər də Bakıdan gələn müğənnilərdən, aktyorlardan çox traktorist Mürşüdü alqışlayardılar. Deyərdilər ki, pah atonnan, bu Mürşüddə nə qədər güclü yumor, duz varmış! Burdan bura biz ona qiymət verməyi bacarmamışıq…

… Bir gün traktorist Mürşüd kolxozdan verilən əlavə əmək haqqını alır. Əlavə əmək haqqı da düz dörd “paçka” qırmızı onluq imiş. O vaxt həmin pulla bir ailəni bir il dolandırmaq olurdu. Həmin gün də Bəhmənlidə toyumuş. Mürşüd yeyib-içir, keyfi ala buluddan nəm çəkir. Musiqiçlərə deyir ki, mənim havamı çalın! Onun da havası Kamilov kimi “Heyvagülü”ymüş. “Heyvagülü”nü oynaya-oynaya o dörd “paçka” pulun hamısını musiqiçilərə paylayır. Musiqiçilər də indiki manıslar kimi “ipiqırıq” deyilmiş. Yəni traktorist Mürşüdü yaxşı tanıyırlarmış. Bilirlərmiş ki, onun dilinə 50 qram araq dəydi, pulun hamısını musiqiçilərə verəcək. Onlar da toydan sonra pulu saxlayırlar. Ancaq Mürşüdü görmürlər. Mürşüd evə gələndə yoldaşı görür ki, əli ətəyindən uzun qayıdıb, dörd “paçka” onluqdan biri də yoxdu. Evdə bir dava qalxır ki, gəl görəsən! Mürşüd axşam yatır, səhər görür ki, nağaraçalan Hətəm onların qapısındadı. Dörd “paçka” onluğun hamısını gətirib üstündən cəmi 50 manat pul götürüblər. Pulu traktorist Mürşüdə qaytarır və Mürşüdün arvadının, balasının, özünün gözünə işıq gəlir. Çünki traktorist Mürşüdün halal pulunu heç kim yeyə bilməzdi. Ona görə ki, traktorist Mürşüd gözünün işığını da, ürəyini də camaata verən adam idi…

… Duzlu adam dedim, yadıma Bəhmənlidən iki kişi düşdü: bir Xalaoğlu Tərxan, biri də traktorist Mürşüd! Bəziləri deyirlər ki, çörəyimin duzu yoxdur. Qurban olum Allaha, çörəyimizin duzu da var, ruzisi də! Sadəcə olaraq, bizim çörəyimizi yeyib ona dəyər verməyənlərin özlərinin duzu yoxdur. Ona görə də heç kim ürəyini sıxıb eləməsin ki, onun çörəyi duzsuzdur! Nə qədər duzsuz adamlar var, bir o qədər də çörəyimiz duzsuz olacaq! Əsas odur ki, özümüzün və çörəyimizin duzu olsun!…

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 26
  • 15
  • 444
  • 1,814
ILK-10 Azeri Website Directory