Şəki: Müasir dövlət idarəçiliyinin təşkilati əsaslari: 15 il innovativ inkişaf yollarinda

Şəki şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Şəki şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dövlət qulluqçuları və ASAN könüllüləri üçün növbəti səyyar seminar keçirilib.
    Seminarı giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açıb.

Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycanın təcrübəsi”  mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, Azərbaycan Respublikası müstəqilliyini yalnız 28 il öncə bərpa etməsinə baxmayaraq, qısa dönəmdə inklüziv və davamlı inkişaf sahəsində nəzərəçarpan uğurlara imza atıb. Bu uğurlar beynəlxalq qurumlar və müstəqil ekspertlərin hesabatlarında öz əksini tapıb. Məruzədə beynəlxalq təşkilatların 2018-2019-cu illərdə dərc edilmiş rəsmi statistik bilgiləri təhlil olunub. Eyni zamanda Davos Dünya Forumunun təsisçisi və fəxri Prezidenti professor Klaus Martin Şvabın hazırladığl qlobal hesabat nəzərdən keçirilib. Bildirilib ki, həmin hesabatda Azərbaycan dünyanın ən səmərəli sosial siyasət həyata keçirən ölkəsi kimi xarakterizə olunub. Azərbaycan bu baxımdan iqtisadi göstəriciləri daha üstün ABŞ, Almaniya, Danimarka, Kanada, Fransa, Yaponiya kimi ölkələri geridə qoyub.  Qeyd edilib ki, Ümummili lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqi nəticəsində bir sıra iqtisadi və sosial göstəricilərinə görə, müasir Azərbaycan Respublikası hazırda yüz illik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq durumundadır. Seminar iştirakçıları Azərbaycanda tətbiq edilən və dünya miqyasında ilk dəfə işlənilmiş sinergetik, komplimentar və kompensasion texnologiyaların mahiyyəti barədə məlumatlandırılıblar. Sözügedən texnologiyaların işlənilməsi və həyata keçirilməsi prosesində ölkənin birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun  xüsusi rolu olduğu diqqətə çatdırılıb. Bildirilib ki, məhz dövlət başçısının tətbiq etdiyi idarəçilik texnologiyaları sayəsində 2018-ci ilin yanvarında baş tutan Davos İqtisadi Forumunun hesabatında inklüziv inkişaf indeksinə görə, Azərbaycan dünyada üçüncü yerdə qərarlaşaraq iqtisadi imkanları daha yüksək olan ölkələrin çoxunu geridə qoyub. Bu və bənzər təqdirəlayiq nəticələrin ölkənin səmərəli idarə olunması və iqtisadi imkanlardan maksimum istifadə edilməsindən xəbər verdiyi xüsusi vurğulanıb. 
Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor  Elman Nəsirov “Dünyada və  bölgədə yeni təhlükəsizlik mühitinin formalaşmasına Azərbaycan Respublikasının töhfəsi” mövzusunda məruzəsində qloballaşma dönəmində təhlükəsizlik anlayışının daha geniş məna kəsb etdiyinə diqqət çəkib. O, müstəqil dövlət olaraq hər bir ölkənin dünya birliyində tutduğu mövqe və qazandığı nüfuzun onun beynəlxalq, regional və milli səviyyələrdə reallaşdırdığı təhlükəsizlik siyasətinin çevikliyindən və səmərəliliyindən asılı olduğuna diqqət çəkib. Eyni zamanda məruzəçi ictimai rəyin getdikcə artan təsiri və dünya dövlətlərinin bir-birindən asılılığı şəraitində müdafiə obyektinin coğrafi genişlənməsi problemini dünya təhlükəsizliyi üçün önəmli fenomen kimi qabardıb.  Vurğulanıb ki, hal – hazırda müstəqil Azərbaycan özünün sülhpərvər mövqeyi, qonşu, region və bütövlükdə əməkdaşlığa meylli olan bütün dövlətlərlə etibarlı əlaqələrinin səviyyəsi, həmçinin yüksək siyasi, iqtisadi, inkişaf potensialı ilə dünya dövlətləri arasında rəğbət və dəstək qazanmaqda davam edir və tərkib hissəsi olduğu regionun stabil inkişafı və təhlükəsizliyinin təminatında üzərinə düşən rolu uğurla yerinə yetirir.  Natiq ölkənin işğalçılıq siyasətinin qurbanı olmasına baxmayaraq, həm region ölkələri ilə, həm də dünya dövlətləri ilə praqmatik, ölçülüb-biçilmiş, düşünülmüş və balanslı siyasi strategiya əsasında münasibətlər qurması sayəsində  güclü milli və regional faktora çevrildiyini, beynəlxalq aləmlə uğurlu inteqrasiyasını və əksər geosiyasi aktorlarla qarşılıqlı-faydalı əməkdaşlıq qurduğunu diqqətə çatdırıb. 
          “Dövlət qulluğunda innovasiyaların yeni mərhələsi” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli innovasiyaların dövlət sektorunda tətbiq olunmasının əsas məqsədləri və dövlət qulluğunda innovasiyaların tətbiqinin dövlət qulluğunun inkişafı strategiyası ilə bağlılığı haqqında geniş məlumat verib.  Natiq ölkədə dövlət qulluğu sistemində innovasiyaların tətbiqi zamanı səmərəli idarəetmə texnologiyalarının seçimi, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi, dövlət qulluğunda səriştə modelinin tətbiq edilməsi ilə dəyişikliklərə təkan verən təşkilati mühitin yaradılması, potensial uğurlu layihələrin stimullaşdırılması, xərc və resursların həcminin düzgün müəyyənləşdirilməsi kimi önəmli faktorlara xüsusi diqqət yetirildiyini vurğulayıb. O, bu istiqamətdə reallaşdırılan məqsədyönlü siyasətin ölkənin ictimai-siyasi, iqtisadi, mənəvi-ideoloji və sosial həyatını kökündən dəyişdiyini, vətəndaş cəmiyyəti institutlarının inkişafına təkan verdiyini bildirib. Eyni zamanda diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətinin təşkilinə ən vacib konseptual innovativ yanaşma dövlət qulluğu sisteminin təkmilləşdirilməsinin bir çox istiqamətlərini özündə cəmləşdirən nəticəyönümlü idarəetmə prinsip və qaydalarının bu sahədə tətbiqidir. Məruzəçinin fikrincə, müasir dönəmdə dövlət qulluğu və dövlət idarəçiliyində innovasiyaların başlıca istiqaməti əsasında səmərəliliyin keyfiyyət göstəriciləri dayanan idarəetmə fəaliyyətinin inkişafıdır. Natiq tətbiq edilən yeni innovativ yanaşma və təşəbbüslərin bu institutun nüfuzunun daha da artmasına imkan yaradacağını da xüsusi vurğulayıb.
Seminarın yekununda iştirkçıların sualları cavablandırılıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 94
  • 14
  • 404
  • 1,401
ILK-10 Azeri Website Directory