Vətənimin seyrinə çağırıram elləri

Növbəti tədris ilini də başa vurduq. İmtahan həyəcanı, dərs gərginliyi, qiymət qorxusu ilə yüklənmiş günlər arxada qaldı. Kimi əldə etdiyi uğurlardan, qazandığı yüksək nəticələrdən sevinib fərəhləndi, kimi də ümidini növbəti təhsil ilinə bağladı.

Bu ərəfələrdə müəllim və şagirdlərin əksəriyyəti ilin yorğunluğunu, həyəcan və gərginliyini aradan qaldırmağın yolunu haqlı olaraq  doğma vətənimizin dilbər guşələrinə ekskursiya etməkdə, təbiət qoynunda dincəlməkdə görürlər. Həqiqətən də nəinki cismin,  hətta ruhun dincliyi üçün də ən gözəl vasitə gözəl mənzərəli təbiət, yaşıllıqlar, dağ-dərə, bulaqlar, göllərdir. Doğma Azərbaycanımızın füsunkar təbiəti isə bütün bu gözəllikləri bir arada birləşdirən Tanrı nemətidir. Böyük şairimiz Süleyman Rüstəmin təbirincə desək:

Vətənimin seyrinə çağırıram elləri,

Hörmət görmək istəyən Azərbaycana gəlsin.

Bəzənib başdan-başa şəhərləri, kəndləri,

Cənnət görmək istəyən Azərbaycana gəlsin.

Gəncə şəhər 42 saylı tam orta məktəb bu məqsədlə ölkəmizin şimal bölgəsinə üz tutdu. Bütöv bir ilin yorğunluğunu bir günün içində dəf etmək mümkün olacaqdımı?! Yəqin ki, kollektiv gözəl, gedəcəyin yer mənzərəli olarsa, rahatlıqla «bəli» – deyə bilərik.

1968-ci ildən fəaliyyət göstərən 42 saylı məktəb şəhərin nüfuzlu təhsil müəssisələrindən biridir. Məktəb müxtəlif elm sahələrində, dövlət müəssisələrində çalışan adlı-sanlı yetirmələri ilə qürur duyur. Azərbaycan Texnologiya Universitetinin prorektoru Tofiq Mirzəyev, Kəpəz rayon Bələdiyyəsinin sədri Şakir Ələsgərov, 1 saylı klinikanın baş həkimi Xalidə Sadıqova,  Psixoloji dispanserin baş həkimi Rafiq Əliyev, A.Səhhət adına xəstəxananın həkim-anistezoloqu Şahin Ələsgərov, Kordioloji xəstəxananın həkim-kordioloqu Xətai Qasımov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Gəncə-Qazax Bölməsinin məsləhətçisi Musa Dəmirçiyev və digərləri məktəbin fəxr etdiyi məzunlarındandır. Respublikamızın tanınmış idmançıları arasında da məktəbin yetirmələri az deyil. Onlardan Azərbaycan yıgma futbol komandasının şərəfini qorumuş Maşallah Əhmədovu, Xəzər-Lənkəran  futbol komandasının oyunçusu Alim Qurbanovu və digərlərini misal göstərmək olar.

Məktəbdə şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirilir. Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhid-məzun Taleh Məmmədovun və Niyazi Qəribovun xatirəsinə ehtiram əlaməti olaraq onların adına burada xüsusi guşə yaradılıb. Vaxtaşırı xatirələri yad edilir, haqqında söhbətlər aparılır.

Vaxtilə kimya elmləri namizədi Nizami Əsgərov, əməkdar müəllimlər Əbil Əbilov, Hüseyn Haqverdiyev, Şıxı Ələsgərov, maarif əlaçısı Qulu Abbasov kimi çinli müəllimlərin çalışdığı bu məktəbdə hazırda 256 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 34 müəllim məşğul olur. Məktəbin direktoru Naidə İsgəndərovadır. Ötən tədris ilində məktəbin  23 məzunu olub və onlardan 7 nəfəri müxtəlif ali təhsil müəssisələrinə, 1 nəfəri isə orta ixtisas məktəbinə qəbul olub. Günel Qasımova 600-dən yuxarı bal toplayıb. Builki imtahanların birinci mərhələsində isə Nigar Mehdiyeva 605 bal toplayıb.

9-cu sinif şagirdi Aydan Rüstəmova respublikada rəsm üzrə keçirilən «Fövqəladə hallar uşaqların gözü ilə» müsabiqəsində, həmçinin 1 İyun Uşaqların Müdafiəsi Gününə həsr olunmuş müsabiqədə I yerləri tutub.

Bu il idman sahəsində də məktəb uğurlu nəticələr əldə edib. Gəncə şəhər Təhsil və İdman İdarəsinin təşkil etdiyi dama yarışında məktəbin şagirdləri I yerə, «Koka-kola» futbol yarışında isə 8-ci sinif şagirdləri III-IV yerlərə sahib olublar.

İntellektual yarışlarda da öz gücünü sınayan şagirdlərdən söz açanda Az.TU-nin riyaziyyat olimpiadasında I yeri əldə etmiş 11-ci sinif şagirdi Nigar Mehdiyevanın, III yeri tutmuş 10-cu sinif şagirdi Yaqut Verdiyevanın adını çəkmək yerinə düşərdi.

Naidə xanım bu tədris ilində də məzunlardan yüksək nəticələr gözlədiyini bildirdi. «Uşaqlarımız imtahanların birinci mərhələsində uğurlu nəticələr əldə ediblər. Xeyli sayda şagirdimiz ali məktəblərə keçid balının normasından da artıq bal toplayıb. Növbəti imtahanlarda da uğurlu nəticələr əldə edəcəkləri şübhəsizdir. Şagirdlərimizin əldə etdiyi yüksək nəticələr hər birimizin sevincidir. Çünki bu nəticələrin əldə edilməsində müəllimlərimizin danılmaz xidmətləri var» – söyləyir Naidə xanım. O, həmçinin bildirdi ki, tədris ilinin sonunda kollektivin respublikamızın müxtəlif guşələrinə səyahət etməsi artıq bir ənənə halını alıb. Keçən il Göy göl-Hacıkənd istiqamətinə səfər edən kollektivin bu il ölkənin şimal bölgəsinə üz tutması, həm də Naidə xanımın uşaqlıq xatirələrinin bu qədim diyarla bağlı olması idi. Onun ana babası Lahıcın tanınmış simalarından olan Hacı Paşadır. Hacı Paşanın evi Lahıcın ən möhtəşəm abidələrindəndir. Ev Girdiman çayının sahilində yerləşir. 3 mərtəbədən ibarət olan ev 72 otaqlıdır. Abidə özündə Lahıcın XVIII əsr memarlıq üslubunun bütün komponentlərini əks etdirir. Yerli camaat bu abidəni “Hacılar həyəti” adlandırır. Lahıc Tarix-Mədəniyyət qoruğu elan olunduqdan sonra Hacı Paşa evi dövlət tərəfindən qorunan abidələrin siyahısına daxil edilib.

Müəllim və şagirdlərdən ibarət 25 nəfərlik kiçik bir qrup səhər saat yeddidə məktəbin qarşısından yola çıxdı. Uzun və maraqlı bir səyahət idi. Avtobusun pəncərələrindən  bir-birini əvəz edən mənzərələrə tamaşa etdikcə vətənimizin füsunkarlığı, genişliyi, təbiətinin müxtəlifliyi hər kəsdə bir heyranlıq yaradırdı. Məhz bu heyranlığın, vətən sevgisinin təzahürü ürəkləri riqqətə gətirir, dilləri nəğmələndirirdi. Yolçular məktəbin nəğmə müəllimi Şəfəq xanımın solo ifaçılığı ilə «Kəndimiz» mahnısını oxuyurdular.

İlk dayanacaq İsmayıllı rayonunun Lahıc qəsəbəsi oldu. Böyük Qafqazın ətəyində, Girdiman çayının sahilində, dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən bu qədim qəsəbə-kəndin 1500 illik tarixi var.  Babadağ və Niyaldağ silsilələrinin, sərt sıldırım qayaların və dərin dərələrin əhatəsində yerləşməsi Lahıc üçün təbii istehkam rolunu oynayıb. Qəsəbə öz memarlığı və tarix-mədəniyyət abidələri ilə diqqəti cəlb edir.

Bir sıra tədqiqatçıların fikrincə,  Lahıc Sasani şahı I Keyxosrov tərəfindən salınıb. Onun idarəçiliyi dövründə İran-Turan müharibələri gedirdi və I Keyxosrov hakimiyyətdən əl çəkərək dağlara üz tutur. Bu yerlərin bənzərsiz təbiəti onu özünə o qədər cəlb edir ki, ömrünün axırına qədər İranın Lahican əyalətinin şərəfinə Lahıc adlandırdığı kənddə yaşayır. Hətta köhnə kənd qəbiristanlığında Keyxosrovun da qəbrinin olduğu söylənilir.

Lülo çayı qəsəbəni iki hissəyə bölür. Cənub tərəf Lahıc, şimal tərəf isə Aragird adlanır. Qəsəbədə beş məhəllə var: Zəvəro, Muradan, Ağalı, Bədəvan və Piştə. Vaxtilə hər məhəllənin öz bulağı, dəyirmanı, hamamı, məscid və mədrəsəsi olub.

Tarixi abidələrlə zəngin olan Lahıc Şahdağ Milli Parkının tərkibinə daxildir. Ərəb xilafətinə qarşı  mübarizə aparmış məşhur alban hökmdarı Cavanşirin yay iqamətgahı burada yerləşib. Niyaldağın yamacında Cavanşir dövrünün yadigarı olan Niyal qalasının qalıqları nəzərə çarpır. Bu qaladan Lahıca təkrarsız bir mənzərə açılır. Lahıc ərazisindəki digər qədim qala – Fit qalası isə Şirvanın sonuncu xanı Mustafa xanın yay iqamətgahı imiş.

Lahıc bənzərsiz memarlıq nümunələri ilə yanaşı, özünəməxsus adət-ənənələri, yüksək sənətkarlıqla işlənmiş tətbiqi-sənət əsərləri ilə də məşhurdur. XVIII-XIX əsrlərdə qəsəbə mis qablar və silah istehsalının əsas mərkəzlərindən biri sayılırdı. Bu qab və silahlar yüksək zövqlə hazırlanır, xarici bazara çıxarılırdı.

Bəlkə də dünyanın heç bir yerində misgərlik Lahıcdakı qədər inkişaf etməyib. Vaxtilə tacirlər Bakıdan, Tiflisdən, Borçalı və Zəngəzur mədənlərindən Lahıca karvan-karvan xam mis daşıyırdılar. Bu da bəs eləmirdi.  Suriya, Türkiyə, İngiltərə və Həbəşistandan da mis gətirilirdi. Buradan isə hazır məhsul  uzaq ölkələrə aparılırdı. Misgərlik sənəti Lahıcda bu gün də qorunub saxlanır. Sənətkarların əl işlərinə xüsusən əcnəbi turistlər daha çox maraq göstərirlər. Onlar misgər emalatxanasının qarşısında hökmən ayaq saxlayır, heç olmasa bir mis əşya alıb aparırlar.

Lahıcın digər bir özəlliyi daş döşənmiş küçə və meydanlardır.  Bu daş küçələrin altından dörd yüz il bundan əvvəl çəkilmiş kanalizasiya xətlərinin keçdiyini isə çox adam bilmir. Ən maraqlısı odur ki, saxsı borulardan ibarət bu kanalizasiya xəttinin hara gedib çıxdığını, hara töküldüyünü indiyədək müəyyənləşdirmək mümkün olmayıb.

Hər addımda nəzərə çarpan qədimlik, nadir təbiət lövhələri, xalq sənətkarlığının maraqlı nümunələri… Bütün bunlar Lahıcı məşhur turist məkanlarından birinə çevirib. Bu ucqar dağ kəndində İrandan, Rusiyadan, Yaponiyadan, İtaliyadan, İspaniyadan gəlmiş turistlərin gəzib dolaşması o qədər adiləşib ki, artıq heç kəsi təəccübləndirmir. Biz də burada həmin gün alman turistlərlə birgə gəzdik.

      Bu qədim və sirli diyarın tarixini həm də  Naidə xanımın dilindən eşidən yolçular burada keçmişimizin yadigarları olan qədim məişət əşyalarının yanında, milli və döyüş geyimlərində şəkillər çəkdirir, yaxınlarına hədiyyə etmək üçün suvenirlər alırdılar. Lahıcın tarix-diyarşünaslıq muzeyində nümayiş etdirilən eksponatlar da hər kəsin böyük marağına səbəb oldu.    

Zəngin təəssüratlarla Lahıcdan ayrılan yolçuları İsmayıllının yaşıl meşəlikləri həvəslə qoynuna aldı. Quşların cəh-cəhini, bulaqların şırıltısını dinləyərək illərə şahidlik etmiş nəhəng ağacların kölgəsində əyləşib samovar çayı içməyin ləzzəti isə bir özgə idi.

 Günün ikinci yarısında yolçular yenidən öz avtobuslarına əyləşib Oğuzun qalın meşəlikləri arasından keçən rahat və geniş yol ilə Qəbələ rayonunda yerləşən Nohur gölünə sarı üz tutdular. Füsunkar görünüşü, saf havası ilə Göy gölü xatırladın Nohur göl xarici turistlərin sıxlığı ilə diqqət çəkirdi. Vətənimiz haqqında təəssüratlarını öyrənmək üçün onlardan bir neçəsi ilə söhbətləşmək istədik. Bunun üçün isə mənə ingilis və fransız dili mütəxəssisi olan Naidə müəllimə və məktəbin ingilis dili müəllimi Həsən müəllim kömək etdi.

İlk yaxınlaşdığımız ailə Hindistandan gəlmiş gənc mühəndis Seyracın ailəsi idi. Həyat yoldaşı Soya, oğlanları Heşikvaj və Aşekvay ilə Azərbaycana istirahətə gəlmiş Seyrac ölkəmizin füsunkar təbiətindən, insanlarının istiqanlılığından, ləziz mətbəxindən, xüsusən də plovlardan həvəslə danışdı. Yanardağ ilə tanışlığından isə xüsusi məmnunluqla söz açdı.

Digər ailə Səudiyyə Ərəbistanından gəlmişdi. İxtisasca mühəndis olan Umad həyat yoldaşı Nura, oğlanları Abdulla və Məhəmmədlə birlikdə idi. O: «Artıq 6 gündür ki, Azərbaycandayıq.  Zəngin təbiətiniz var.  Buradakı dağlar, meşələr, bulaqlar, göllər bizi heyran edib. Uşaqlar Nohur göldə qayıqla gəzməyi çox sevirlər. Yeməklərə isə söz ola bilməz. Xüsusən də kabablarınız çox dadlıdır» – deyir.

Digər ərəbistanlı turist Meşani də söhbətimizə qoşulur və deyilənləri təsdiqləyir. «Məni ən çox təəccübləndirən insanlarınızın istiqanlılığıdır. Şərqlə Qərbin qəribə bir vəhdəti var burada. İnsanları həm avropasayağı mədəni, savadlı, dünyagörüşlü, həm də şərqlilər kimi istiqanlı, sadə, təvazökar… Burada insan özünü qərib diyarda hiss etmir» – deyən Meşani birlikdə xatirə şəkli çəkdirməyi də unutmadı.

…Avtobus axşam saatlarında üzü Gəncəyə sarı döndü. Yolboyu edilən söhbətlərin bir mövzusu var idi; vətənimizin hər qarışı gözəldir!

Fərruxə UMAROVA

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 24
  • 14
  • 442
  • 1,812
ILK-10 Azeri Website Directory