Vaşinqton görüşü nə ilə nəticələndi?

“ABŞ-ın CƏNUBİ QAFQAZDA VARLIĞINI GÖSTƏRMƏSİ AZƏRBAYCANIN MARAQLARINA UYĞUNDUR”

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşündə nəticə əldə edilməyib. Yeganə nəticə 19 il aradan sonra görüşün ABŞ-da təşkil olunmasıdır. Ancaq bu, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşması anlamına gəlmir. Vaşinqton sadəcə bununla Rusiyaya mesaj göndərdi ki, Cənubi Qafqazda Amerikanın maraqları var. Bunun münaqişənin həllinə birbaşa təsiri olmasa da, ABŞ-ın Cənubi Qafqazda varlığını göstərməsi Azərbaycanın da maraqlarına uyğundur”. 

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, nəticələr haqqında danışmaq üçün görüşdən sonra yayımlanan bəyanatlara və verilən açıqlamalara diqqət yetirmək lazımdır: “Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir ki, bu kimi görüşlər müsbət xarakter daşıyır və danışıqlar prosesinin irəli aparılmasına xidmət edir: “3 saatdan çox davam edən görüşdə əsas müzakirə mövzusunu nazirlərin bundan öncəki Paris və Moskva görüşləri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələsi təşkil edib. Vaşınqton görüşündə həmsədrlər hər iki tərəfin diqqətinə münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlik təkliflər təqdim ediblər”. Ancaq görüşdən sonra xarici işlər naziri Elmar Məmmədyarovun açıqlamalarına diqqət yetirsək, Vaşinqton görüşü ilə bağlı nikbin notların az olduğunu görərik. Elmar Məmmədyarovun görüşdən sonra elə ilk cümləsi bundan ibarət olub: “Aramızda hələ də ciddi fərqlər qalır”. Elmar Məmmədyarov açıqlamasında bir neçə dəfə “fikir ayrılıqları” ifadəsini də işlədib. Azərbaycan xarici işlər nazirinin açıqlamasından o da məlum olur ki, həmsədrlər danışıqlar prosesində nəsə əlavə sənədlər təqdim ediblər. Elmar Məmmədyarov həmin sənədlərin nədən ibarət olduğunu açıqlamır, ancaq güman etmək olar ki, təkliflər atəşkəsin qorunması mexanizmlərinə aiddir. Çünki son günlər cəbhə bölgəsində artan gərginlik həmsədrləri ciddi narahat edir və onlar bu gərginliyin azaldılması yollarını axtarırlar”.

“Elmar Məmmədyarovun açıqlamasında belə bir anlaşılmaz məqam da var: “Ən vacib elementlərdən biri hərbçilərin kazarmalara qayıtmasıdır. Hərbçilərin kazarmalara qayıtması sülh üçün daha yaxşı zəmin yaradacaq. Biz əhalini sülhə hazırlamalıyıq”. Əhali sülhə mərhələli həll planı işə düşəndən sonra hazırlanmalıdır. Bu olmadan Elmar Məmmədyarovun təbirincə desək, “hərbçilərin kazarmalara qayıtması” Azərbaycanın milli və təhlükəszlik maraqlarına ziddir. Azərbaycanın müdafiə naziri Zakir Həsənov bir neçə gün əvvəl açıqlamalarında haqlı olaraq bunun tərsini deyir, işğalçıya təzyiqin artırılmasının vacibliyindən danışırdı. Elə Azərbaycan ordusunun hərbi təlimlərinin sayının artırılmasının məqsədi də budur”, – deyə E.Şahinoğlu qeyd edib.

Mərkəz sədri hesab edir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Vaşinqton görüşünün yekunlarına dair birgə bəyanatı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatından və Elmar Məmmədyarovun səsləndirdiyi fikirlərdən fərqlidir: “Məsələn, həmsədlərin bəyanatında Elmar Məmmədyarovun vurğuladığı hansısa sənəddən söz açılmır. Əksinə, həmsədrlərin bəyanatında Azərbaycanın maraqlarına zidd məqam var. Həmsədrlər təmas xətti və beynəlxalq sərhədlər boyunca snayperlərdən istifadə və mühəndis qurğularının quraşdırılması kimi əməllərdən çəkinməyə çağırıblar. Biz təmas xəttində fəal olmasaq və ya snayperlərimiz işlərini görməsələr, işğalçıya necə təzyiq edəcəyik? Snayperlərin geri çəkilməsi maraqlarımıza xidmət etmir. Yeri gəlmişkən Vaşinqton görüşündən bir gün sonra Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub”.

C.ABASOV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 78
  • 46
  • 717
  • 4,464
ILK-10 Azeri Website Directory