İcra başçısı BDU-nun Qazax filialında imtahan keçirilən auditoriyalarda olub

Bu gün tam əminliklə söyləyə bilərik ki, son illər Prezident İlham Əliyevin ölkəmizdə elm və təhsilin inkişafına xidmət edən fərman və sərəncamlarına əsasən həyata keçirilən islahatlar Azərbaycan təhsilinin dünya standartlarına uyğun qurulmasına böyük zəmin yaradıb.

Bunu respublikamızın bütün bölgələrində yeni məktəb binalarının tikintisindən, əsaslı və ya cari təmir olunmasından, məktəblərin maddi-texniki bazasının gücləndirilməsindən, müəllimlərin əməkhaqlarının, tələbələrin təqaüdlərinin ildən-ilə artırılmasından aydın şəkildə görmək olar.

Son 3 ildə Qazaxda müəllim və şagirdlərə, ali təhsil ocaqlarında təhsil alan tələbələrə olan səmimi münasibət, göstərilən qayğı, ən əsası da bu sahədə qazanılan uğur və nailiyyətlər bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir. Ölkə başçısının, eləcə də rayon rəhbərliyinin təhsil sahəsinə olan qayğısının nəticəsidir ki, bu gün Qazaxda təhsil sahəsi özünün intibah dövrünü yaşayır. Ötən il Qazaxın qəbul imtahanlarının nəticələrinə görə respublika məktəbləri arasında 3-cü yerdə dayanması o deməkdir ki, təhsil sahəsinə olan diqqət və qayğı öz bəhrəsini verir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən daim qayğı ilə yanaşdığı təhsil ocaqlarından biri də Bakı Dövlət Universitetinin Qazax filialıdır. Rayon rəhbərinin mütəmadi olaraq filialın müəllim-tələbə kollektivi ilə görüşməsi, təşkil olunan bütün tədbirlərdə yaxından iştirak etməsi, istər müəllimlərə, istərsə də tələbələrə səmimi münasibət bəsləməsi bu söylədiklərimizin əyani sübutudur.

İcra başçısı bu gün də Bakı Dövlət Universitetinin Qazax filialında olub, 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyası ilə maraqlanıb.

Filialın direktoru, dosent Arif Rüstəmov imtahanlar barədə ətraflı məlumat verərək bildirib ki, imtahanların yüksək səviyyədə təşkil olunması üçün əvvəlcədən lazımi hazırlıq işləri görülüb. Müvafiq əmrlə nəzarət komissiyası yaradıldığını, müəllim-koordinatorların bölgüsünün  aparıldığını, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün filialda lazımi şəraitin təmin edildiyini bildirib. İyun ayının 3-dən start götürən imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə Qərargah yaradıldığını diqqətə çatdırıb. Hətta, Qəragahın nəzdində fəaliyyət göstərən “Qaynar xətt”ə daxil olan müraciətlərin Qərargah üzvləri tərəfindən dərhal araşdırıldığını vurğulayıb. Qiymətləndirmədən narazı qalan tələbələrin Qərargaha müraciət etmələri, bundan əlavə, valideynlərə övladlarının imtahanlarında iştirak etmək üçün şərait yaradıldığını qeyd edib. Əvvəlcədən həyata keçirilən tədbirlərin və görülən işlərin nəticəsində bu günə kimi heç bir qanun pozuntusunun aşkar olunmadığını söyləyib.

Filialın direktoru imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olduğunu, tələbələri maraqlandıran sualları cavablandırdığını, onların qarşılaşdığı hər hansı bir problemin olub-olmaması ilə maraqlandığını da bildirib.

Rayon rəhbərinə məlumat verilib ki, filial üzrə yaz semetrində 1014 nəfər tələbə iştirak edir. Tələbələr 17 ixtisas üzrə 39 qrupda imtahan verirlər. Semestr ərzində tələbələrin 217 imtahan verməsi nəzərdə tutulub. İmtahan başa çatan gün onun nəticələri tələbələrə elan olunur. Belə ki, tələbələrin tədris göstəriciləri filialın dəhlizlərində asılmış xüsusi lövhələrə vurulur.

Bu gün iyunun 27-də keçirilən imtahanlar barədə də məlumat verilərək bildirilib ki, 12 ixtisas üzrə keçirilən imtahanda 223 tələbə iştirak edir. Mülki müdafiə və tibbi biliklərin əsasları, Azərbaycan tarixi, pedaqogika, riyazi analiz-4, fəlsəfə, Azərbaycan dili və nitq mədəniyyəti, müəllim və tərbiyəçinin pedaqoji ustalığı, müasir dövrün sosial problemləri, TXT, sosial psixologiya, Azərbaycan dastanları, Azərbaycanda turizm və onun inkişafı fənləri üzrə aparılır. Qeyd olunub ki, tələbələr imtahanları bilet götürərək 5 sual olmaqla yazılı şəkildə verirlər. Hər bir sual da 10 ballıq sistem üzrə qiymətləndirilir. İmtahanların şəffaflığını təmin edən ən əsas amil isə tələbələrin adlarının gizli saxlanılaraq komissiya üzvləri tərəfindən yoxlanılmasıdır. Belə ki, hər bir tələbənin cavabları qeyd olunmuş imtahan vərəqələri xüsusi kodlarla qeyd olunur. Müəllimlər ad və soyad bilmədən cavabları yoxlayırlar. Sonda qiymətləndirilmə aparılandan sonra həmin koda əsasən tələbənin topladığı bal elan edilir.

Sonra icra başçısı imtahanların keçirildiyi auditoriyalarda olub, tələbələrlə görüşüb onlarla səmimi söhbət edib. Rayon rəhbəri respublikamızda bütün sahələrlə yanaşı, gənclərə göstərilən diqqət və qayğının onların gələcəkdə bir vətəndaş kimi yetişməsində mühüm rol oynadığını qeyd edib. Ölkə Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi ilə əlaqədar verilən fərman və sərəncamların gənclərin gələcəkdə öz karyeralarını qurmalarında böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Rayon rəhbəri imtahanların şərtləri, tələbələri maraqlandıran sualları və onlara yaradılan şəraiti elə tələbələrin öz dillərindən eşidib.

Pedaqoji fakültənin Azərbaycan dili və ədəbiyyat ixtisasının III kursunda, təlim və tərbiyə ixtisasının II və III kurslarında, riyaziyyat və informatika ixtisasının I və II kurslarında, ibtidai sinif müəllimliyi ixtisasının I kursunda, riyaziyyat müəllimliyi ixtisasının II kursunda təhsil alan və bugünkü imtahanlarda iştirak edən tələbələr söylədikləri fikirlərlə, verdikləri dolğun və əhatəli cavablarla filialda imtahanların şəffaf və obyektiv şəkildə keçirilməsini bir daha sübut ediblər. Tələbələr imtahanları rahat şəraitdə vermələri üçün onlara hər cür şərait yaradıldığını qeyd ediblər. Bu gün təhsil sahəsinə olan diqqət və qayğının bariz nümunəsini BDU-nun Qazax filialında gördüklərini bildiriblər. Rayon rəhbəri tələbələrlə səmimi söhbət edərək onlara müstəqil Azərbaycanın savadlı, intellektli gəncləri kimi yetişmələrini tövsiyə edib və imtahanlarda uğurlar arzulayıb. Azərbaycan dövlətinin öz gələcəyini savadlı gənclər üzərində qurduğunu söyləyib və gənclərin daha böyük nailiyyətlər qazanacaqlarına əminliyini vurğulayıb.

Daha sonra rayon rəhbəri filialın Heydər Əliyev auditoriyasında professor-müəllim heyəti ilə görüşüb. İcra başçısı son illər respublikamızda aparılan abadlıq və quruculuq işlərinin Qazax rayonundan da yan keçmədiyini qeyd edib. Bildirib ki, respublikamızın hər bir bölgəsində yeni iş yerləri açılır, yollar salınır, məktəblər tikilir. Əhalinin rifah halı yaxşılaşır, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin təzahürü olaraq respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da gündən-günə yüksələn inkişafı müşahidə edirik. Möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində Qazax rayonunda da çoxsaylı dövlət proqramlarının, tapşırıq və tövsiyələrin davamlı olaraq yerinə yetirildiyinin şahidi oluruq.

İcra başçısı BDU Qazax filialının inkişaf etməsində böyük əməyi olan filialın direktoru olmuş mərhum coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyevin xatirəsinin hər zaman əziz tutulduğunu, onun daim qəlblərdə yaşadığını bildirib. Onun filialda qoyduğu ənənələrin bu gün də müəllim-professor heyəti tərəfindən uğurla yerinə yetirildiyini qeyd edib.

Filialın direktoru Arif Rüstəmov çıxış edərək rayon rəhbərliyinin filiala olan qayğısından söz açıb və bugünkü növbəti səfərinə görə minnətdarlığını bildirib. İstər müəllimlərə, istərsə də tələbələrə olan dəstəyi, göstərilən qayğını, səmimi münasibəti hər zaman razılıq hissi ilə qarşıladıqlarını diqqətə çatdırıb.

Filialın müəllimi Heyran Vəkilova ürək sözlərini çatdıraraq respublikamızda, eləcə də bölgələrimizdə həyata keçirilən məqsədyönlü tədbirlərə görə ölkə başçısı İlham Əliyevə ziyalılar adından minnətdarlığını bildirib. Qazaxda təhsil sahəsinə, müəllimlərə, ziyalılara olan diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. BDU Qazax filialının təşkil etdiyi bütün tədbirlərdə yaxından iştirak etməsini sonsuz razılıq hissi ilə qarşıladığını vurğulayıb və onlara olan qayğı kimi dəyərləndirib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 66
  • 57
  • 707
  • 4,481
ILK-10 Azeri Website Directory