Azərbaycan- dünyanın mənəvi dəyərlər mərkəzi

Vyanada “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda keçirilən beynəlxalq konfrans ölkəmizin yeni çağırışlarını bütün dünyaya yaydı

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) dini mərkəz olaraq Azərbaycanın multikulturalizm modelinin dünyada təbliğinə mühüm töhfə verir. Son illər bu məsələni gündəlik fəaliyyətinin prioritetlərindən birinə çevirən QMİ təkcə paytaxtımızda deyil, müxtəlif xarici ölkələrdə forum və beynəlxalq konfranslar keçirir.

Almaniyada, İspaniyada, Avstriyada, Finlandiyada, İsveçdə yüksək səviyyədə təşkil olunan belə nüfuzlu tədbirlərdə Azərbaycandakı tolerantlıq mühiti təbliğ və təşviq olunur, dinlərarası və sivilizasiyalararası dialoqun əhəmiyyəti barədə dünyaya çağırışlar səslənir.

Növbəti belə tədbirlərdən biri ötən həftə Avstriyanın paytaxtı Vyanada təşkil olunub.

Əbədi bitərəf ölkədə bəşəri mövzuların müzakirəsi

Avropanın mədəniyyət paytaxtlarından biri sayılan Vyanada QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü, dini mərkəzin nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAİCİİD), Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və ölkəmizin Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə reallaşan beynəlxalq konfrans “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda həsr olunmuşdu.

Tədbirin keçirilməsində əsas məqsədlərdən biri də Azərbaycanın multikulturalizm modelinin dünyada təbliğinə nail olmaq, dinlərarası və sivilizasiyalararası əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyamızı narahat edən problemlərinin həllində müstəsna əhəmiyyətini vurğulamaq idi.

Özünü əbədi bitərəf ölkə elan edən, müxtəlif mədəniyyətlərin və dinlərin təmsil olunduğu Avstriyada belə bir tədbirin təşkili bəşəri əhəmiyyət daşıyan bu mövzuya dünya ictimaiyyətinin diqqətini yönəltmək mühüm missiya sayıla bilər. Beynəlxalq konfrans barədə geniş məlumat verməzdən öncə onu da qeyd edək ki, tədbirin təşkilatçıları, QMİ sədri, KAİCİİD Direktorlar Şurasının üzvü, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Baş katibi, Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməyi bacardı. Yeri gəlmişkən, nümayəndə heyətinə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin komitə sədrləri Siyavuş Novruzov, Eldar İbrahimov, Səməd Səmədov, parlamentin deputatları Cavanşir Paşazadə, Hikmət Məmmədov, Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların başçıları-Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ Yəhudiləri dini icmasının sədri Melix Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi, yepiskop Vladimir Fekete və Alban-udi xristian dini icmasının başçısı Robert Mobili daxil idilər.

Muzey şəhər-Vyananın tarixi “Hofburq” sarayında keçirilən beynəlxalq konfransda dünyanın 30-dan çox ölkəsini təmsil edən dövlət, elm, din, ictimaiyyət və mədəniyyət xadimləri, 5 beynəlxalq və 15-dən çox qeyri-hökumət təşkilatının rəhbərləri, Avstriyada akkreditə olunan diplomatlar, beynəlxalq qurumların təmsilçiləri iştirak edib.

Avstriya Xarici İşlər Nazirliyinin Baş katibi-nazir müavini Yohannes Peterlik, bu ölkədə fəaliyyət göstərən 15 dini konfessiya başçıları da tədbirə qatılıb.

“Hofburq” sarayının foyesində Azərbaycanın tarixindən, mədəniyyətindən, uğurlarından, ölkəmizdəki tolerantlıq mühitindən bəhs edən kitabların sərgisi təşkil olunub. Tədbirin əvvəlində müstəqil dövlətimizin dinlər və mədəniyyətlərarası dialoqa verdiyi töhfə haqqındakı “Bəşəri çağırış” sənədli filmi nümayiş etdirilib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdövlət rəhbərinin konfrans iştirakçılarına müraciətini oxuyub. Prezident İlham Əliyev müraciətində konfransın işinə uğurlar diləyib, tədbirin dünya üçün aktual bir məsələyə həsr edildiyini vurğulayıb. Prezident qeyd edib ki, dünyada sülh, dinc birgəyaşayış, humanizm dəyərlərinin təbliği və təşviqi günümüzün vacib məsələlərindəndir. Müasir dövrün çağırışları bəşəriyyət qarşısında ciddi vəzifələr qoyur. Təsadüfi deyil ki, etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyaların azad fəaliyyəti üçün bərabər şərait yaradıldığı Azərbaycanda multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

“Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkə rəhbərinin salamlarını yetirib, tədbirə xeyir-dualarını verib. Şeyxülislam həzrətləri bildirib ki, dini və milli zəmində ekstremizm, terror, ksenofobiya, antisemitizm və islamofobiyanın tüğyan etdiyi, dini-mədəni dəyərlərə qarşı savaş açıldığı narahat dünyamıza Azərbaycan öz nadir təcrübəsini-multikulturalizm modelini təklif edir. Bu model ölkə rəhbəri İlham Əliyevin müəllifi olduğu mədəniyyətlərarası əməkdaşlığa dair Bakı Prosesi, elan etdiyi “Multikulturalizm İli” və “İslam Həmrəyliyi İli” çərçivəsində və sonrakı dövrdə dünyanın müxtəlif ölkələrində keçirilən forum və konfranslarda təbliğ, təşviq olunur. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan din-dövlət münasibətləri bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin fəaliyyəti sayəsində bu gün ölkəmiz dinlər və məzhəblərarası həmrəyliyin, vəhdətin, dini-mədəni müxtəlifliyin nadir nümunəsini ortaya qoyur.

Şeyxülislam həzrətləri çıxışı zamanı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ümumbəşəri dəyərlərə diqqət, milli-mənəvi dəyərlərimizin təbliği sayəsində gördüyü genişhəcmli işlərə də toxunub. Bildirib ki, müstəqil dövlətimizin yürütdüyü bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan bu gün dünyanın mənəvi dəyərlər mərkəzi kimi tanınır.

QMİ sədrinin sözlərinə görə, bir çox mühüm tədbirlərə ev sahibliyi edən Bakıda bu ilin noyabrında keçiriləcək Dünya Dini Liderlərinin II Sammiti sivilizasiyalararası dialoqun inkişafına, qarşılıqlı etimad mühitinin yaradılması işinə Azərbaycanın daha bir dəyərli töhfəsi olacaq.

Qafqazın dini lideri bütün çıxışlarında olduğu kimi, Vyana konfransının tribunasından istifadə edərək xalqımızın ən böyük problemi barədə danışıb, Ermənistanın işğalçılıq siyasətini pisləyib, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb. Şeyxülislam həzrətləri bildirib ki, xalqımız regionda və dünyada sülhə təhdid olan Ermənistan-Azərbaycan Dağıq Qarabağ münaqişəsinin sülh yolu ilə və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını istəyir.

Konstruktiv müzakirələr ruhunda keçən beynəlxalq konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin komitə sədri Siyavuş Novruzov, KAİCİİD-in Baş katibi Feysəl bin Muammar, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin icraçı direktoru İdris Cəzairi, BMT Baş katibinin müavini Raşid Xalikov, BMT Baş katibinin müavini, qurumun Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinos, AMEA prezidenti Akif Əlizadə, Xarici işlər nazirinin müavini Ramiz Həsənov, PA-nın şöbə müdiri Etibar Nəcəfov, Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin nümayəndəsi Filaret, Konstantinopol Patriarxlığının Ekzarxı Emmanuel Adamakis və başqaları çıxış edərək beynəlxalq tədbirin əhəmiyyəti barədə danışıb, Vyana konfransını dünyanın qlobal proseslərinə Azərbaycanın dəyərli töhfəsi kimi dəyərləndiriblər. Bildirilib ki, rəsmi Bakı bu sahədə yeritdiyi uzaqgörən siyasət nəticəsində dünyada öncül mövqeyə çıxıb. Müxtəlif ölkələri təmsil edən tədbir iştirakçıları qeyd ediblər ki, Şeyxülislam Allahşükür Paşazadə dünyada nüfuzlu dini liderlərdən biri kimi dinlərarası və sivilizasiyalararası əməkdaşlığın reallaşması naminə mühüm addımlar atır.

Konfransın panel iclaslarında “Terrorizm, ekstremizm, separatizm və ksenofobiya dinlərarası əməkdaşlığa təhdid kimi”, “Gənclərin maarifləndirilməsində, mədəni və mənəvi irsin qorunmasında sivilizasiyalararası və dinlərarası əməkdaşlığın rolu”, “İnsan hüquqları sahəsində, qadın və uşaq haqlarının qorunmasında din, dövlət, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətinin vacibliyi” və s. mövzular müzakirə olunub, fikir mübadiləsi aparılıb. Sonda beynəlxalq konfransın yekun sənədi-Vyana Bəyannaməsi qəbul olunub.

Əməkdaşlıqdan bəşəri həmrəyliyə doğru mühüm addımlar

Yekun Bəyannamədə Azərbaycan dövlətinin Vyana Konfransına göstərdiyi diqqət və qayğı yüksək qiymətləndirilib. Bildirilib ki, dünyada terrorizmin geniş miqyasda yayılması, etnik zəmində dözümsüzlüyün artması, mədəni, dini və tarixi irsin dağıdılması, məcburi köçkünlərin və miqrantların kütləvi axını sülhün, qlobal dialoqun və bəşəri həmrəyliyin bərqərar olmasına maneə yaradır. Sənəddə Yaxın Şərqdə və Azərbaycanın işğal olunmuş ərazilərində baş verənlərdən də narahatlıq ifadə olunub, dini və dünyəvi liderlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı prinsiplərinə uyğun və sülh yolu ilə həllinə nail olmaq üçün səylərin birləşdirilməsi ilə bağlı çağırış edilib.

Avstriya paytaxtında reallaşan beynəlxalq konfrans bir daha göstərdi ki, müasir dünyada humanist ideyaların təşviqi və multkultural həyat tərzinin təbliği üçün belə tədbirlərin davamlı keçirilməsinə ehtiyac var.

Yüksək səviyyədə təşkil olunan Vyana konfransı növbəti dəfə sübut etdi ki, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi QMİ Azərbaycanın tolerantlıq modelinin xarici ölkələrdə təbliği, təşviqi üçün ardıcıl və məqsədyönlü addımlar atır. Ölkə başçısının Vyana Konfransına dəstək verməsi, tədbir iştirakçılarına müraciət göndərməsinin özü də sübut etdi ki, Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir, həm ölkə daxilində, həm də xaricdə keçirilən konfranslar QMİ və dövlət orqanları ilə birgə təşkil olunur və Prezident Şeyxülislam həzrətlərinin bu istiqamətdəki təşəbbüslərini tam dəstəkləyir.

İnanırıq ki, Avstriyada keçirilən beynəlxalq konfrans dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə real addımlar atılmasına vəsilə olacaq. Azərbaycanın dövlət başçısı İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciətdə deyildiyi kimi, xoşməramlı niyyətlərə xidmət edən Vyana Beynəlxalq Konfransı bəşəri dəyərlərin təbliğində, xalqlar arasında qarşılıqlı anlaşmaya, sivilizasiyalararası dialoqun və mədəni-mənəvi inteqrasiyanın inkişafına töhfələr verəcək.

Etibar CƏBRAYILOĞLU

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 51
  • 24
  • 525
  • 2,668
ILK-10 Azeri Website Directory