50 illik əfsanəvi yol

Tarix heç zaman xalqlara asan nailiyyətlər, hamar yollar qismət etmir. Hər xalq öz dövlətini qurmaqdan, sərhədlərini möhkəmləndirməkdən, milli ideallarını gerçəkləşdirməkdən ötrü çətinliklərdən keçir, qurbanlar verir, məhrumiyyətlər yaşayır. Ona görə də, demək olar ki, bütün xalqların tarixində yolayrıcları, çıxılmaz məqamlar, ağır sınaqlar dövrü olur.

Onları bu sınaqlardan çıxaranlar, uğurlarına vəsilə olanlar isə məhz tarixi yaradan böyük şəxsiyyətlərdir.

Bu gün dünyada elə bir ölkə, dövlət, xalq yoxdur ki, onun nicatında boynuna xilaskarlıq missiyası götürmüş və həmin missiyanı sona çatdırmış tarixi şəxsiyyət amili olmasın. Həmin şəxsiyyət həm də mənsub olduğu millətin azadlıq arzularını, dözümünü, əzmini, qətiyyətini, ləyaqətini bütün dünyaya nümayiş etdirmək missiyası daşıyır.

Tarixə çevrilmiş talelər

Onları adbaad sadalayıb həyat və fəaliyyətlərini nəzərdən keçirməyə, düşünürəm ki, lüzum yoxdur. Çünki bu şəxsiyyətlərin ömrü, keçdikləri həyat yolu, apardıqları mübarizə tarixə bəllidir. Onların yaşadıqları zaman da, məkan da, bu insanların taleləri də bir-birindən xeyli fərqlidir. Müxtəlif dövrlərdə, ayrı-ayrı ictimai-tarixi situasiyalarda yaşayıb fəaliyyət göstərdiklərindən onların həyatı bənzərsizdir. Amma bu şəxsiyyətləri birləşdirən bir ortaq cəhət də var. Həmin insanların taleyi, ömrü mənsub olduqları xalqın tarixinə çevrilib. Onların həyatı adi bir insanın yaşadığı ömür deyil. Bu ömrün hər bir anında, hər bir səhifəsində xalqın tarixi ilə bağlı zəngin, mürəkkəb əsrarlar var.

Bu yazıda da məramım taleyi Azərbaycan xalqının tarixinə qovuşaraq ona şöhrət, şərəf, məşhurluq gətirmiş böyük şəxsiyyət – Ulu Öndər Heydər Əliyev haqqında düşündüklərimi sizlərlə bölüşməkdir. Əvvəlcədən bilirəm ki, əgər bu böyük dövlət adamının həyat və fəaliyyətindən ətraflı bəhs etmək istəyiriksə, Azərbaycanın 50 illik tarixinin bütün məqamlarına toxunmalıyıq.

50 il, yarıməsrlik bir dövr insanın doğulandan kamillik məqamına qədər keçib gəldiyi böyük bir yoldur. 50 il bir dövlət üçün də böyük bir inkişaf tarixidir. Azərbaycan bu yarım əsrdə Heydər Əliyev ideyaları işığında milli dövlətçilik yollarında çətin, amma çox şərəfli bir yol keçib, özünün mükəmməl tarixini yazıb. Amma hərdən düşünürəm ki, Heydər Əliyev üst-üstə 34 il deyil, çox qısa bir müddətdə ölkə rəhbərliyinə davam etsəydi, yenə tarixdəki möhtəşəm ucalığında qərar tutacaqdı. Çünki belə nəhəng şəxsiyyətlər nə qədər qəribə səslənsə də, zamanın özünə də qalib gəlir.

Xalq adamı

Heydər Əliyevdən əvvəl fəaliyyət göstərmiş dövlət xadimləri ölkənin inkişafı üçün o dövrün imkanları, mövcud şəraiti çərçivəsində bacardıqları işləri görmüşdülər. Amma görülməmiş qalan, insanları rəncidə salan problemlər kifayət qədər çox idi. O zaman Azərbaycan İkinci Dünya müharibəsindəki qələbədən sonra bütün ittifaq məkanında geniş vüsət almış inkişaf proseslərindən kənarda qalırdı. Bu proseslərə varmaq, inkişaf axınına qoşulmaq insanların arzu etdikləri kimi məqsədyönlü deyildi.

Heydər Əliyev o dövrdə respublika rəhbərliyinə sanki xalqın arzularından gəldi.

İnsanların 46 yaşlı cavan rəhbərə böyük ümidlərinin çin olmasını isə çox gözləməyə ehtiyac qalmadı. 1969-cu ilin 14 iyulundan Heydər Əliyev öz xalqının arzu və ümidləri ilə birgə çiyin-çiyinə fəaliyyətə başladı. Özüm şahidəm ki, həmin günlərdə əhali arasında necə yüksək əhvali-ruhiyyə, canlanma, gələcəklə bağlı xoş gözləntilər vardı.

Azərbaycanın bütün təbəqələrindən olan insanların bu seçimə ürəkdən sevinməsinin əsas səbəbi onların Azərbaycana rəhbərliyə gəlmiş bu fövqəladə şəxsiyyətə sözün həqiqi mənasında inanması, ona ümid çırağı kimi baxması idi. Çox keçmədi ki, Lider zirvəsinə yüksələrək dünya siyasətçiləri sırasında öncül mövqeyə çıxan Heydər Əliyev fenomeni ona bəslənən ümidləri doğruldaraq, əsl xariqələr yaratmağa başladı. Xalqın öz liderinə, onun ali ideyalarına olan inamının geniş vüsət alması Ulu Öndər tərəfindən yerinə yetirilən əməli tədbirlərə, onun titanik zəhmətinə, gərgin fəaliyyətinin əyani nəticələrinə əsaslanırdı.

Halal zəhmət

Bunu dəfələrlə məclislərdə, söhbətlərdə adamlardan eşitmişəm. Yazılarımda da qeyd etmişəm. İndi bir daha xatırlatmağı təkrarçılıq yox, sadəcə fakta düzgün münasibət fürsəti kimi dəyərləndirərək yazıram: Heydər Əliyev 1969-cu ildə respublika rəhbərliyinə gələnə qədər Azərbaycanda əhalinin xeyli qismi pul-paranın, normal güzəranın nə olduğunu bilməyib. Əfsuslar olsun ki, o illərdə xüsusilə kənd yerlərində insanların böyük əksəriyyətinin yaşadığı tavanı da, döşəməsi də həsirdən olan daxmalardan, qara damlardan heç birini muzey eksponatı kimi saxlamamışıq. Düşünürəm ki, muzeylər təkcə tarixin qürur gətirən inkişaf pillələrini deyil, xalqın əzablarını xatırladan məqamları da əyani şəkildə sərgiləməlidir. Olub-keçənlərə obyektiv qiymət verməyə şərait yaratmalıdır.

İndi çox yaxşı xatırlayıram ki, aradan cəmi 10 il keçməmiş, artıq 1980-ci illərin əvvəllində insanlarımız haçansa aldıqları cüzi əmək haqqını, illərlə güzəran keçirdikləri, övlad dünyaya gətirib boya-başa çatdırdıqları qazma daxmaları “qorxulu yuxu” kimi xatırlayırdılar.

Kəndlərimizdə, qəsəbələrimizdə üstü şiferli, kirəmidli, hündür, müasir evlər yan-yana sıralanmışdı. İnsanların əyni-başı, süfrələrin təamları dəyişmişdi. Həyətlərdə şəxsi avtomobillər görünməyə başlamışdı. Bütün bunların hamısını təmin edən ölkə rəhbərinin həyata keçirdiyi siyasət idi. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişinə qədər səhərdən axşama kimi tarlalarda tər töküb, qəpik-quruş alan insanlar tamam başqa dövrə, şəraitə, yeni imkanlar mühitinə düşmüşdülər.

Fərdi qaydada heç kimə pul paylanmırdı, kiməsə maddi kömək göstərilmirdi. Sadəcə olaraq işlər düzgün qurulmuşdu. Nəzarət, effektivlik yüksək səviyyədə təmin edilmişdi və bunun müsbət nəticələri də hər bir insanın həyat və məişətində özünü hiss etdirirdi. Vətəndaşlar halal zəhmətlərinin barını dada bilirdilər.

Onun rəhbərliyi ilə ölkədə bütün proseslər bir-birinə paralel gedirdi, bir-birini ahəngdar şəkildə tamamlayırdı. Və onların hər biri ən xırda detalına qədər şəxsən Heydər Əliyevin öz nəzarətində idi. Ulu Öndərin verdiyi məqsədyönlü qərarlar, Moskvada təsdiqinə nail olduğu inkişaf proqramları, yerlərdəki kadr təyinatları, güzəştsiz, prinsipial iş metodları sayəsində Azərbaycan canlanıb inkişaf edirdi. Məsələn, kolxozlar, sovxozlar daha bol məhsul əldə edib, varlanmağa başlayırdı, imkanlar artdıqca sadə əmək adamlarının gördükləri iş müqabilində qazancları artırdı. Üstəlik, kəndlərdə asfalt yollar çəkilir, məktəblər, xəstəxanalar, klublar, mədəniyyət evləri, uşaq bağçaları tikilirdi.

Azərbaycanda güclü sənayeləşmə dalğası başlamışdı. Ölkədə yeni zavodlar inşa olunurdu. Minlərlə Azərbaycan gənci bu zavodlarda işlə təmin olunub öz həyatını qururdu, vəzifə pillələrində də, qazanc artımında da addım-addım irəliləyirdi. Üstəlik, Heydər Əliyev bu gənclərin yaşaması, ailə qurub ev-eşik sahibi olması üçün Bakıda və ölkənin mərkəzi şəhərlərində, əsas sənayeləşmə zonalarında böyük yaşayış massivləri tikdirirdi. O illərdə şəhərlərimizdə böyük bir tikinti bumu başlamışdı. İnsanların mənzil ehtiyacları ardıcıl olaraq yavaş-yavaş təmin edilirdi.

Vətən sevgisinin gücü

Ümummilli Lider hələ keçmiş SSRİ dövründə Azərbaycanda xalq təsərrüfatının bütün sahələrinin inkişafını həmahəng surətdə, ardıcıllıqla həyata keçirir, yeniliyə, tərəqqiyə sədd yaradan keçmişdən miras qalmış maneələri, lüzumsuz stereotipləri inamla aradan qaldırırdı. Onun düşünən beyni sanki istirahət bilmədən daim fəaliyyət göstərərək Azərbaycanın gələcəyi naminə yeni-yeni ideyaların eskizlərini hazırlayır və dərhal da reallaşmasına şərait yaradırdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində respublika ən mütərəqqi, müasir islahatların tətbiqi və həyata keçirilməsi meydanına çevrilmişdi.

Bu baxımdan Ümummilli Liderin həyat və fəaliyyətini işıqlandıran yazılara baxdıqca, kitabları vərəqlədikcə hərdən düşünürəm ki, deyəsən biz bu böyük dövlət adamının hər anı böyük bir tarixə çevrilən ömür yolunu, gördüyü işləri hələ də lazımi şəkildə araşdırmamışıq, xalqa təfsilatı ilə çatdırmamışıq.

Keçmiş SSRİ-nin Dövlət Plan Komitəsinin sədri işləmiş, ittifaq məkanının bütün iqtisadi düymələrini az qala ovcunun içi kimi bilən, həmin proseslərin nəinki iştirakçısı, həm də təkanvericisi olan Nikolay Baybakovun “Azərbaycanı Heydər Əliyev qədər sevən ikinci bir insan yoxdur” fikrini xatırlayıram.

Həqiqətən, Ümummilli Liderin o illərdə gördüyü işlər təkcə bir dövlət xadiminin üzərinə düşən vəzifələrin icrası deyildi. Bu, xalqa, dövlətə dərin sevginin ifadəsi idi. Ümummilli Liderin 1969-1982-ci illərdə respublikamız, xalqımız üçün gördüyü işləri sadalamağa çalışmıram, başa düşürəm ki, o titanik fəaliyyətin ümumi mənzərəsini və nəticələrini araşdırmaq bir yazının, yaxud bir kitabın işi deyil. Sadəcə, bircə cümlə ilə ümumiləşdirmə etmək istərdim: Azərbaycan dövlətinin gerçək müstəqilliyinin sarsılmaz, fundamental təməli məhz 1969-1982-ci illərdə, Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə qoyulmuşdu.

Ədalət carçısı

Tarix boyu hakimiyyətə can atıb buna nail olan şəxsiyyətlər haqqında çox oxumuşuq. Amma bu nailiyyət ancaq seçilmiş, müdrik və qətiyyətli şəxsiyyətlərin hakimiyyəti dövründə xalq, dövlət üçün əsl nemətə çevrilib. Məhz bunu nəzərdə tutan fransız mütəfəkkiri Pol Anri Holbax demişdir: “Hakimiyyət yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət tərbiyə və alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə vermişdir”.

Nəsirəddin Tusi yazırdı: “Hökmranlıq o adama yaraşır ki, cəmiyyət xəstələndikdə onu müalicə edə bilsin. Çünki hökmdar ölkənin həkimi yerində olmalıdır”. Nə yaxşı ki, təbiət və tarix bu ülvi keyfiyyətləri Heydər Əliyev şəxsiyyətində birləşdirmişdi.

Heydər Əliyev 1969-cu ildə ölkə rəhbərliyinə gəlişi ilə cəmiyyətə ədalət gətirdi. Haqqın gücünə insanların öləzimiş inamını bərpa etdi. İnsanlar gördülər ki, artıq yuxarılarda onların da sözünü deyən, dərdlərini bilən, problemlərini eşidən var.

O vaxtlar Azərbaycan Respublikasının SSRİ-nin tərkibində olmasına baxmayaraq, Ulu Öndər çəkinmədən, heç nədən və heç kimdən ehtiyat etmədən cəmiyyətin tərbiyəsi, illərdən bəri kök atmış problemlərin həlli ilə məşğul olurdu. Üzərinə məsuliyyət götürməkdən çəkinmirdi. O, bütün bunları diplomatik məharətlə yerinə yetirərək mərkəzin ona nəyi isə irad tuta biləcəyinə də yol vermirdi, çünki reallaşdırdığı ən mühüm layihələri elmlə tənzimləyirdi. Buna görə mərkəz də onun ideyalarının məhsulu olan yenilikləri, islahatları, Azərbaycanın inkişaf ritmini alqışlamaq məcburiyyətində qalırdı.

Tarixdə xalqına, onun yüksəlişinə xidmət edən rəhbərlər az olmayıb. Amma onların milli dəyərlərdə təcəssüm tapmasına nədənsə nadir hallarda təsadüf olunur. Böyük Öndər məhz belə rəhbər və dövlət xadimi idi. Milli sözünün ehtiyatla işləndiyi sovet dövründə də, müstəqillik dövründə də o, ən Böyük Azərbaycanlı olduğunu parlaq təcəssüm etdirən zəngin bir sima idi. Onu milli dəyərlərimiz, varlığımız və tarixi taleyimizlə bağlayan çoxlu möhkəm, qırılmaz tellər var idi.

O dövrdə Heydər Əliyevin təkcə ittifaq oxucularının deyil, demək olar ki, bütün dünyanın maraqla oxuduğu “Literaturnaya qazeta”da çap olunmuş “Qoy ədalət zəfər çalsın!” sərlövhəli müsahibəsi nəinki keçmiş Sovetlər İttifaqı miqyasında, eləcə də bütün dünyada böyük rezonans doğurmuşdu. Keçmiş ittifaqdakı mənəvi aşınmalardan, cəmiyyətin dayaqlarını sarsıdan rüşvətxorluq, ayrı-seçkilik, korrupsiya hallarından narahat olan, onların aradan qalxmasını arzulayan mütərəqqi düşüncəli ziyalılar, elm adamları, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri keçmiş ittifaqın hər yerində Heydər Əliyevin fikirlərini, cəmiyyətdə haqq-ədalətin öz yerini tutması üçün həyata keçirdiyi fəaliyyəti təqdir edirdilər. Onun uğurlu iş təcrübəsinin bütün dünyada tətbiqini vacib sayırdılar.

Zəhmət adamlarının himayədarı

Heydər Əliyev insanların düşüncələrini dəyişdirməyə qabil lider idi. Onun rəhbərliyi dövründə ən mühüm dəyişikliklər insanların zəkasında baş verirdi. C.Cabbarlının əsərlərində “Şüurlarda inqilab, düşüncələrdə inqilab” çağırışı yada düşür. Cəmiyyət üzvləri anlayırdılar ki, xoşbəxt gələcək, yüksəliş yalnız təhsildə, elmdə, bilikdədir. Ulu Öndər təhsili Azərbaycan insanı üçün bir dəyərə çevirə bilmişdi. Ali məktəblərin qapılarını imkansız balalarının üzünə açmışdı. Dövlətin yaratdığı təhsil imkanları bir qrup sovet imtiyazlısının əlindən çıxıb, ümumilikdə xalqın dəfinəsinə çevrilmişdi.

Ümummilli Lider əliqabarlı zəhmət adamlarının himayədarı idi. Bütün görüşlərdə, tədbirlərdə, səfərlərdə Heydər Əliyevin gözü bu adamları axtarırdı. Onlarla ünsiyyətdən zövq alırdı. Çünki bilirdi ki, dövlətin gücü, inkişafın təməli onların əlinin qabarı, alnının təri ilə yoğrulub. 1970-80-ci illərdə yüzlərlə gənc pambıqçı, üzümçü, sağıcı məhz Heydər Əliyevlə iş üstündə görüşdən sonra respublikanın nüfuzlu ali məktəblərinə daxil olmuşdu. Onların ümidi, himayədarı, o dövrdə deyildiyi kimi, əsl dayağı məhz Heydər Əliyev idi.

Amma təkcə onlarınmı?!

XX əsrin 70-ci illərinin əvvəllərindən etibarən Ulu Öndərin təşəbbüsü ilə hər il yüzlərlə gənc keçmiş Sovetlər İttifaqının ən mötəbər ali məktəblərində müxtəlif peşə və ixtisaslar üzrə təhsil almağa göndərildi. Bu, gələcəyin kadr hazırlığının təminatına istiqamətlənmiş uzaqgörən siyasətin reallaşması idi. O, gənclərin təhsilinə, işlə təmin olunmasına, hərtərəfli inkişafına, dünyagörüşünün, beynəlxalq əlaqələrinin artmasına, dünya gənclərinin intellekt səviyyəsinə inteqrasiya olunmalarına, yeniliklərdən bəhrələnmələrinə, fiziki və əqli cəhətdən sağlam böyümələrinə xüsusi diqqət yetirirdi.

Heydər Əliyev “Gənclər bizim gələcəyimizdir” dedikdə Azərbaycanın gələcəyinin ağıllı, savadlı, bacarıqlı, təəssübkeş, vətənpərvər, peşəkar gənclərin ixtiyarında olmasını arzulayırdı. O, bilirdi ki, gənclər cəmiyyətin indikatoru, lakmus göstəricisidir. Hər bir cəmiyyətin səviyyəsini müəyyənləşdirən əsas qüvvə yüksək intellektə malik gənclərdir. Ümummilli Lider həmişə deyirdi ki, “Dövlətimizin gələcəyi bizim gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır”. Hər bir ölkənin istər intellektual, istər mədəni, istər elmi, istər siyasi, istərsə də idarəçilik, dövlətçilik səviyyəsi onun gənclərinin səviyyəsi ilə ölçülür. Bütün bunları incəliklərinə qədər bilən, hətta sərraf gözləri ilə onların görünməyən tərəflərini belə görən Ulu Öndər gənclərin təhsilinə, tərbiyəsinə, ictimai-siyasi baxışlarının itiliyinə diqqət yetirərək həmin təbəqənin bu istiqamətdə inkişafına geniş şərait yaradırdı. Bununla da o, XXI əsrin yüksək səviyyəli insanlarını yetişdirirdi. Milli-mənəvi dəyərlərimizin, vətənpərvərlik, azərbaycançılıq duyğularımızın saflığına, ucalığına, səmimiliyinə çalışırdı. Bu yanaşma tərzi ilə Heydər Əliyev Azərbaycanda yüksək səviyyəli cəmiyyət qura bilən, onu beynəlxalq miqyasda layiqincə təmsil etməyə qadir olan, vətəni, milləti göz bəbəyi kimi qorumağa, ictimai-milli mənafeyi öz şəxsi mənafeyindən üstün tutmağa qadir gəncliyi formalaşdırdı.

Milli şüurun oyanışı

Heydər Əliyev xalqı, insanları, vətəndaşı yaxşı mənada heyrətləndirməyi bacarırdı. Amma təəccübləndirmək onun məqsədi deyildi. Heyrətli məqamlar onun qətiyyətli addımlarından, ustad gedişlərindən, insanların ürəyindən xəbər verən davranışlarından irəli gəlirdi. Məsələn, respublikaya rəhbər təyin edildiyi ilk ildə – 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) 50 illik yubileyindəki çıxışını Azərbaycan dilində təqdim edəndə hamı təəccüb içində qalmışdı. Bir anlıq təsəvvür edək: sovet hökumətinin qılıncının kəsərli dövrü, üstəlik universitetin yubileyində başqa millətlərin nümayəndələrinin iştirakı, dövlət əhəmiyyətli bir tədbir… Amma respublikanın 46 yaşlı gənc rəhbəri öz məruzəsini Azərbaycan dilində edərək görünən və görünməyən bütün qadağaları aşır. Bu, əslində Azərbaycanın o vaxtkı siyasi elitasına sətiraltı mesaj idi. Məhz həmin çıxışdan sonra ölkədə Azərbaycan dilinə münasibət kökündən dəyişdi. Paytaxtda ana dilində məktəblərin sayı artdı. Heydər Əliyevin apardığı siyasət milli şüurun oyanışına təkan verdi.

Bu, bir cəsarət, qətiyyət, vətənpərvərlik nümunəsi idi…

Heydər Əliyev bu nümunəni tarixin başqa anlarında da təkrar-təkrar nümayiş etdirdi. Milli ruhun daşıyıcısı olan ziyalılarımızı təzyiq və təqiblərdən qoruyanda, bu ruhu əks etdirən əsərlərə himayədarlıq edib onlara həyat qazandıranda, keçmiş SSRİ-nin ali rəhbərlərindən biri kimi Kremldə çalışdığı illərdə Azərbaycan və ümumilikdə müsəlman ölkələri ilə bağlı göstərdiyi təəssübkeşlikdə də, prinsipiallıqda da…

Eyni cəsarət nümunəsini biz Bakıda törədilmiş 20 Yanvar qırğınından dərhal sonra, o dövrdə Moskvada təqaüdçü həyatı yaşayan Heydər Əliyevin ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib bu qırğını törətmiş cinayətkarları öz adları ilə bütün dünyanın gözləri qarşısında ifşa edəndə də gördük. Vətənə dönüb, blokada şəraitində yaşayan Naxçıvanın problemlərinin həlli üçün min bir əziyyətə sinə gərəndə, Azərbaycanın ən ağır günlərində xalqın təkidi ilə hakimiyyət rəhbərliyinə qayıdaraq ölkəni vətəndaş qırğınından, parçalanma təhlükəsindən xilas etmək üçün özünü pərvanə kimi odun-alovun içinə atanda da dönə-dönə gördük!..

İlahi missiya

Heydər Əliyev çox güclü, qüdrətli bir insan idi.

Bir şəxsiyyət kimi onun xarakterində zəif cəhətlər axtarmaq, siyasi xarizmasında çatışmazlıqlar aramaq nəticəsizdir. Hətta ən qatı əleyhdarları belə bu cəhətləri tapa bilməyiblər, zaman-zaman onun gücünü, böyüklüyünü etiraf etməli olublar. Ona qalib gəlmək, Heydər Əliyevi prinsiplərindən əl çəkməyə cəhd göstərmək mümkünsüz iş idi.

Heydər Əliyev Azərbaycan naminə hətta ölümü də qəbul edərdi və bu, onun həyatında bir dəfə yox, dəfələrlə baş vermişdi. Ulu Öndər həyatını riskə qoyaraq Moskvadan Bakıya, buradan Naxçıvana köçmüşdü. Naxçıvandan Bakıya dönüşündən sonra təhlükəsizliyinə heç bir təminat olmaya-olmaya Gəncəyə, əlisilahlıların qabağına getmişdi. Bu böyük şəxsiyyətə qarşı sui-qəsd cəhdi an məsələsi idi. Ümummilli Liderin fəaliyyətində, ən riskli addımlarında, çıxışlarında heç kim o insanda hər hansı fərdi qorxunu, əndişəni hiss etməmişdi. O, fərdiyyətçi deyildi, həmişə deyirdi ki, Allahın qoruduğu canı kimsə ala bilməz. Tanrı Azərbaycan xalqının bu igid övladını təhlükələrdən həqiqətən qoruyurdu. Qoruyurdu ki, o da öz xalqını, millətini, dövlətini qorusun, Azərbaycanın bugünkü və gələcək uğurlarına yol açsın.

Heydər Əliyev xalqımıza addım-addım milli dövlətçilik uğurları qazandırdı. Demokratik, hüquqi dövlət quruculuğu prosesini əzmlə həyata keçirdi. Azərbaycanda qanunun aliliyi, insanların hüquq bərabərliyi, fərdi və ictimai azadlıqları təmin edildi. Vətəndaş cəmiyyəti formalaşdırıldı. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ndən sonra işə düşən qlobal enerji-kommunikasiya layihələri ilə ölkəmizin iqtisadi müstəqilliyi üçün zəruri əsaslar formalaşdırdı. Demokratik islahatlar dönməz xarakter daşımağa başladı.

Heydər Əliyev mahiyyətcə təkamülçü lider idi. O, islahatların radikal şəkildə deyil, addım-addım həyata keçirilməsinin tərəfdarı kimi çıxış edir, bu prinsipi hər zaman qoruyurdu. Əsas məqsədi istənilən ictimai-iqtisadi dəyişikliklər zəminində xalqın əziyyət çəkməməsi idi. Ölkəmizdə aparılan islahatlar gedişində də belə oldu. 1995-ci ildə qəbul edilmiş Konstitusiya, qanunlar o qədər mükəmməl şəkildə, dəqiq və həyati gücə qabil hazırlandı ki, onların tətbiqində hər hansı narazılıq elementləri yaranmadı. Bir çox postsovet ölkələrində baş verən mənfi tendensiyalar ölkəmizdə təkrarlanmadı. Ən mühümü isə Heydər Əliyev Azərbaycanın gələcək onilliklər üzrə inkişafı üçün strateji istiqamətləri müəyyənləşdirdi və planlarını onun cismani yoxluğu dövründə də davam etdirməyə qadir qüdrətli lideri, mükəmməl ağıla və qabiliyyətə malik dövlət rəhbərini yetişdirdi.

Yarıməsrlik tarixin ən böyük nailiyyəti

Ulu Öndərin ideyaları işığında vətəni tarixinin ən qüdrətli mərhələsinə yetirmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün müstəqil dövlətimizə rəhbərlik etməsi 1969-cu ildən başlanmış yarıməsrlik tarixin ən böyük nailiyyətidir. Çünki bu gün cənab İlham Əliyevin Azərbaycana sonsuz sevgi ilə həyata keçirdiyi işlərin hər birində həm də Ulu Öndər Heydər Əliyevin yarımçıq qalmış arzuları var.

Ümummilli Lider Azərbaycanı regionun lider dövləti kimi görmək istəyirdi. Prezident İlham Əliyev vətənə bu statusu uğurla qazandırdı. Azərbaycan bu gün qlobal layihələrin həlledici tərəfi, Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısı, sosial-iqtisadi inkişaf tempinə görə öncül ölkələrdən biri kimi hər kəsin hesablaşdığı, mövqeyinə hörmətlə yanaşdığı mütərəqqi bir ölkədir.

Heydər Əliyev milli sərvət kimi qoruyub inkişaf etdirdiyi tolerantlıq ənənələri, Azərbaycanı özünə vətən bilən kər kəsin içində bütövləşib vəhdət yaratdığı azərbaycançılıq ideologiyası ilə ölkəmizin hüzur dolu məkan olmasını istəyirdi.

Azərbaycanın bugünkü inkişaf mənzərəsi Heydər Əliyevin çin olmuş arzusudur. Ölkəmiz bu gün bütün dünyada tolerantlıq, mədəniyyətlər dialoqu məkanı kimi tanınır, multikultural dəyərlərin genişlənməsinə dəstək olur və bu dəyərlərə örnək ölkə kimi qəbul edilir.

Azərbaycanın Birinci vitse-prezidenti, Ulu Öndərin adını daşıyan fondun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr bütün dünyada ölkəmizin adını ucaldır, ona şərəf gətirir. İnsana və insanlığa ali dəyərlər aşılayır.

Heydər Əliyev Azərbaycanın abadlığını, müasirləşməsini, Azərbaycan insanının sosiallaşmasını, rifahının yüksəlməsini, biliklərə yiyələnməsini istəyirdi. Cəmiyyətimizi gələcəyə hazırlamaqdan ötrü ardıcıl tədbirlər həyata keçirirdi. İndi bu istiqamətlərin hər biri üzrə böyük nəticələr göz önündədir. Azərbaycan başdan-başa simasını dəyişmiş, daha böyük nailiyyətləri irəlidə olan abad bir ölkədir. Vətənin hər yerində abad, işıqlı məktəblər öz qapılarını xalqın balalarının üzünə açır. Gənclərə təhsil almaq, fərdi inkişafla məşğul olub bilik və bacarıqlarını artırmaq, karyera qurmaq üçün əlverişli imkanlar yaradılır. Azərbaycanın zəngin yeraltı, yerüstü sərvətləri üzərində dövrümüzün və əslində bütün zamanların ən dəyərli sərvəti – insan kapitalı formalaşdırılır.

Azərbaycan bu gün qüdrətli orduya malik, düşmən Ermənistan üzərində həm sosial-iqtisadi, həm hərbi, həm də diplomatiya sahəsində böyük üstünlüklərə malikdir. İndi beynəlxalq aləmdə sözümüz daha ucadan eşidilir, böyük güclər rəyimizlə hesablaşırlar. Azərbaycan gələcəklə bağlı aydın yola, dəqiq strateji istiqamətlərə malikdir. Ulu Öndərin bir zamanlar bütün dünyaya bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının ən gözəl sabahları öndədir. Azərbaycan dövlətinin ən qüdrətli zamanları irəlidədir! Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir!

Bütün bunlar Heydər Əliyevin ideyaları işığında yaşanmış 50 ilin Azərbaycan xalqına bəxş etdiyi tarixi nailiyyətlərdir. Bu əfsanəvi 50 ilin ucalığından müstəqil Azərbaycan dövlətinin gələcək yüzilliklərinin aydın üfüqləri, bu gələcəyi yaradan siyasi dühanın əzəmətli abidəsi görünür.

Nurlana ƏLİYEVA

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 27
  • 17
  • 1,249
  • 2,543
ILK-10 Azeri Website Directory