Viza rejiminin aradan qaldırılması həm Türkiyənin, həm Azərbaycanın xeyrinədir

MİLLİ MƏCLİSİN TÜRKİYƏ İLƏ DOSTLUQ QRUPUNDAN ÖLKƏ PREZİDENTİNİN ADDIMINA DƏSTƏK GƏLDİ

“Türkiyə vətəndaşları ilə bağlı vizanın aradan qaldırılması qərarı hər birimizin, bütün Azərbaycan xalqının ürəyindən olan və ürəyindən xəbər verən bir qərardır. Bu, çoxdan arzuolunan, həm də gözlənilən qərar idi. Çünki Azərbaycan, dövlət rəhbəri cənab İlham Əliyev hər zaman öz addımlarında, öz niyyətlərində səmimidir, verdiyi sözün, vədin sonunacan arxasındadır. Nə gec, nə də vaxtından əvvəl tələsik qərar verir, hər bir qərar ölçülüb biçilir, zamanında və məqamında verilir. Bu qərar da məhz zamanında, məqamında, yerində olan bir qərardır”. 

Bunu “525”ə açıqlamasında professor, Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası Dostluq Qrupunun üzvü Jalə Əliyeva deyib. O qeyd edib ki,  Türkiyə bizim üçün ən dost və qardaş ölkədir: “Bizim sevincimiz də, uğurlarımız da, dərdlərimiz də, problemlərimiz də, kədərimiz də eynidir. Ulu öndərimizin illər öncə söylədiyi kimi, biz bir millət-iki dövlətik. Bu, hər zaman, tarixən belə olub, bu gün də belədir, xüsusilə, ikinci müstəqillik dönəmimizdə, son 28 ildə bizlər hər zaman eyni ortaq mövqedən çıxış etmişik, bütün kürsülərdən, tribunalardan bir-birimizə açıq dəstəyimizi ifadə etmişik. Nə qədər fitnə-fəsad törətmək niyyətinə düşsələr də, heç bir güc, heç bir qüvvə Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun pozulması ilə bağlı öz məkrli məqsədlərinə nail ola bilməyib. Əksinə, bu cəhdlər, bu addımlar bizləri bir-birimizə daha da sıx tellərlə bağlayıb, bizləri daha ayrılmaz, daha güclü edib. Bir daha bu tarixi qərar münasibətilə hər kəsi ürəkdən təbrik edirəm. Bu qərar ən böyük alqışa və ən yüksək təqdirə layiqdir. Var olun, cənab Prezident”.

Dostluq qrupunun digər üzvü, BDU-nun professoru Kamilə Əliyeva da bu addımı tarixi hadisə və tarixi addım kimi qiymətləndirib: “Ulu öndərlərimizin dediyi kimi, bir millət-iki dövlətik. Bizim canımız da, qanımız da, ruhumuz da, kökümüz də birdir, eyni dəyərlərin, mədəniyyətlərin daşıyıcılarıyıq. Hər zaman bir-birimizə dəstək, arxa-dayaq olmuşuq. Azərbaycanın ikinci müstəqilliyini də  ilk tanıyan məhz qardaş və dost Türkiyə olub. Dünyada elə bir ölkə ola bilməz ki, Azərbaycanla Türkiyə kimi bir-birinə bu cür bağlı olsun. Bu gün hər iki ölkə birlikdə reallaşdırdıqları önəmli layihələrlə dünyanın enerji, siyasi təhlükəsizliyinin təminatında əsas aktorlardan birinə çevrilib. Keçən il yüksək səviyyəli açılış mərasimləri keçirilən “TANAP”, “STAR” və sair layihələr iki ölkə arasında qardaşlığın və dostluğun əməli və əyani təzahürüdür. Belə olan təqdirdə, Türkiyə vətəndaşlarına Azərbaycana gəliş-gediş üçün vizanın qaldırılması ilə bağlı ölkə prezidenti İlham Əliyevin qəbul etdiyi qərar böyük əhəmiyyət daşıyan tarixi bir qərardır. Bu qərar təqdirə və alqışa layiqdir. Allah Türk dünyasını qorusun və hifz eləsin”.

Millət vəkili Tahir Rzayev  öz növbəsində həmkarları kimi son addımı müsbət və tarixi hadisə adlandıraraq, bunun iki qardaş və dost dövlət arasında münasibətlərin daha da güclənməsinə və möhkəmlənməsinə xidmət edəcəyini bildirib: “Bu gün bu iki ölkəni bir-birindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Bütün məsələlərdə eyni-vahid mövqedən çıxış edir, bütün məsələlərdə bir-birilərinə qeyd-şərtsiz dəstək verirlər. 

Yadınızdadırsa, bir neçə il öncə İsveçrədə  növbəti Davos İqtisadi Forumu keçirilərkən, Türkiyə prezidenti məlum səbəblərdən ora qatılmamışdı. Həmin vaxt Türkiyə ilə bağlı sual verilərkən Azərbaycan prezidenti cənab İlham Əliyev “Türkiyə dövləti, onun rəhbəri burada təmsil olunmur, amma biz qardaş dövlət kimi buradayıq, Türkiyə ilə bağlı məsələ bizim də məsələmizdir” – deyərək, tarixi nailiyyətə imza atmışdı. 

Türkiyə dövləti, Türkiyə prezidenti də daim bütün tribunlardan Azərbaycana dəstəyini ifadə edir, Qarabağ, Xocalı ağrılarını gur səslə dilə gətirir. Odur ki, bu iki ölkə arasında heç bir sahədə problem yoxdur, ola bilməz və olmamalıdır. Son qərar, son addım da bir daha bunun sübutudur”.

Kamil HƏMZƏOĞLU

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 14
  • 10
  • 2,211
  • 4,310
ILK-10 Azeri Website Directory