Regionun qüdrətli hərbi gücü

Azərbaycan Silahlı Qüvvələri dünyanın modern standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır

Azərbaycanda bütün sahələrdə müşahidə olunan yüksəliş Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə başlanan, bu gün isə Prezident İlham Əliyev tərəfindən keyfiyyətcə yeni mərhələdə, dövrün tələblərinə uyğun davam etdirilən inkişaf strategiyasının bəhrəsidir.

İldən-ilə dinamik inkişaf edən Azərbaycan iqtisadi qüdrətini artırmaqla regionun əsas aparıcı dövlətinə çevrilib. Məhz bu amil dünya birliyini Cənubi Qafqazla bağlı istənilən məsələdə ölkəmizlə hesablaşmağa vadar edir.

Ona görə də indi respublikamızın iştirakı olmadan Cənubi Qafqaz bölgəsində hər hansı bir qlobal layihənin həyata keçirilməsindən söhbət belə gedə bilməz və Azərbaycan regionla bağlı məsələlərdə öz diktəsini edən tərəfdir. Amma bu, hələ başlanğıcdır. Azərbaycanın iqtisadi cəhətdən qüdrətini şərtləndirən iri layihələrin verdiyi bəhrələrin artması, bir sıra layihələrin isə tezliklə tam gücü ilə işə düşməsi, o cümlədən yeni iqtisadi islahatların davam etdirilməsi, dövlət proqramlarının icrası, qeyri-neft sektorunun inkişafı yaxın illərə hesablanan daha möhtəşəm nailiyyətlərdən xəbər verir.

Arxada qalan hər bir il ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi ilə əlamətdar olur. Və bu inkişaf paralel şəkildə digər sahələrin inkişafına, o cümlədən ordumuzun döyüş imkanlarının artırılması istiqamətində qarşıya qoyulan vəzifələrin daha sürətlə həyata keçirilməsinə təkan verir. Güclü ordu dövlətin və xalqın təhlükəsizliyinin əsas təməl prinsiplərindən biridir. Ona görə Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin daim artırılması torpaqlarımızın işğal altında qaldığı bir vaxtda təbii olaraq qarşıda dayanan ən əsas vəzifədir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fəaliyyətində ordu quruculuğu məsələləri daim prioritetdir. Bu istiqamətdə Heydər Əliyevin başlatdığı işləri layiqincə davam etdirən ölkə rəhbərinin qarşıya qoyduğu vəzifə Silahlı Qüvvələrin döyüş qabiliyyətinin ən yüksək səviyyəyə çatdırılmasıdır.

Artıq bu istiqamətdə son 16 ildə möhtəşəm nailiyyətlərə imza atılıb. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində bu dövrdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Ordunun döyüş imkanlarının artırılması sahəsində diqqət yetirilən əsas məsələlərdən biri isə modernləşmə, yəni ən son hərbi texnologiyaların silahlanmaya cəlb edilməsidir. Bu baxımdan indiyədək keçirilən möhtəşəm paradlarda nümayiş etdirilən silah və texnikalar Silahlı Qüvvələrimizin həm güc və qüdrətini, həm də modernləşdiyini təsdiqləyir. Bu paradlar həm də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramının təntənəsi və gözəl nümunəsi idi. Çünki Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsi və işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilməsi yönündə Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək əzmkarlıq Heydər Əliyev ideyalarının davam etdirilməsi deməkdir.

Hazırda Azərbaycan Silahlı Qüvvələri regionun qüdrətli hərbi gücüdür. Ən mühümü odur ki, ölkəmiz işğalçı Ermənistan qarşısında əzici üstünlüyə malikdir. Bunu ötən illərdə baş vermiş bir sıra hadisələr də təsdiqləyir. 2014-cü ilin avqust hadisələri, 2016-cı ilin aprel döyüşləri və nəhayət bu il Naxçıvanda Günnüt zəfəri Azərbaycan Silahlı Qüvvələrinin gücünün praktik təsdiqidir. Son iki döyüşdə ordumuz əlverişsiz mövqelərdən çıxaraq strateji mövqelərə sahib oldu. Bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edilsin və istənilən tədbir görülsün.

Hazırda dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları silahlar Azərbaycanda var. Bunun nəticəsidir ki, Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Həmçinin beynəlxalq reytinq agentliklərinin hesabatlarında Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır. Məsələn, bu günlərdə ABŞ-ın “Global Firepower” araşdırma mərkəzinin açıqladığı dünyanın ən güclü ordularının siyahısında Azərbaycan Silahlı Qüvvələri də yer alır. Mərkəzin dünyanın 137 ölkəsinin hərbi gücü ilə bağlı araşdırmasına əsasən, Azərbaycan 52-ci yerdə qərar tutub. Bununla yanaşı, Azərbaycan tank və zirehli maşınlar, raket və artilleriya sistemləri göstəricilərinə görə siyahıda daha da qabaqdadır. Belə ki, “Global Firepower” hesab edir ki, Azərbaycan Ordusu tanklarına görə dünyada 32-ci, zirehli döyüş maşınlarına görə 41-ci, özüyeriyən artilleriyaya görə 27-ci, raket sistemlərinə görə isə 21-ci yerdədir.

Bu siyahıda ölkəmiz Qazaxıstan, Macarıstan, Avstriya, Çili, Slovakiya, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Filippin, Portuqaliya, Belçika, Yeni Zelandiya kimi qabaqcıl ölkələrdən irəlidədir. Cənubi Qafqaz regionundan Gürcüstan 85-ci, işğalçı Ermənistan isə 96-cı yerləri tutublar.

Təbii ki, hər bir ordunun gücü həm də onun şəxsi heyətinin mənəvi-psixoloji durumunun yüksək səviyyədə olmasından asılıdır. Fəxarət hissi ilə qeyd etməliyik ki, Azərbaycan Silahlı Qüvvələrində rütbəsindən asılı olmayaraq xidmət keçən hər bir şəxs öz hərbi borcunu layiqincə yerinə yetirir. Ordumuzda fərarilik halı isə ümumiyyətlə yoxdur. Prezident İlham Əliyevin tapşırığına əsasən bu günlərdə hərbi hissələrdə olan Müdafiə naziri Zakir Həsənov da bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayarkən şəxsi heyətin mənəvi-psixoloji hazırlığını da yüksək qiymətləndirib.

Bütövlükdə, qürurverici göstəricilərin nəticəsi olaraq qeyd etdiyimiz kimi, Azərbaycan Silahlı Qüvvələrinin adı dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları sırasında çəkilir. Bundan başqa, ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar yaradır. Təsadüfi deyil ki, indi Azərbaycanda istehsal olunan silah-sursat növləri öz göstəricilərinə görə fərqlənir və bir sıra orduların arsenalında yer alır.

Azərbaycanda həyata keçirilən inkişaf strategiyası Silahlı Qüvvələrimizin də müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayıb. Ordumuz artıq çoxdandır ki, arzuladığımız səviyyəyə çatıb, öz döyüş imkanları ilə fərqlənən hərbi gücə çevrilib. Xalqımız öz Silahlı Qüvvələri ilə fəxr edir və sülh danışıqları nəticəsiz qalacağı təqdirdə Azərbaycan əsgəri öz sözünü deyəcək, ən müqəddəs missiyasını zəfərlə yerinə yetirəcəkdir.

Rəşad CƏFƏRLİ

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 14
  • 10
  • 2,211
  • 4,310
ILK-10 Azeri Website Directory