Baş Nazirin müavini Əli Əhmədov Türkiyənin sabiq Baş Naziri Binali Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Noyabrın 2-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının sabiq Baş Naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binali Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Əli Əhmədov bu səfəri iki ölkə arasında yüksək səviyyəli əlaqələrin nümunəsi kimi dəyərləndirib.

Ümummilli liderimiz Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladan Əli Əhmədov qeyd edib ki, bu gün bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının, tarixi dostluğunun bir daha şahidi olur. Xüsusilə, indiki dövrdə Türkiyənin Azərbaycanın yanında olması, haqq savaşımızı dəstəkləməsi tarixdən gələn qardaşlığımızın və dostluğumuzun ən bariz ifadəsidir.
YAP Sədrinin müavini söyləyib ki, bütün dünya bu gün haqq mübarizəsi aparan Azərbaycanın yanında Türkiyə kimi böyük dövlətin olduğunu görür və bu fakt, həmçinin dünyaya bir mesajdır. Türkiyə Prezidentinin, dövlət rəsmilərinin, bütün türk cəmiyyətinin bizə verdiyi mənəvi və siyasi dəstək Azərbaycanın gücünü və qüdrətini daha da artırır. Bu səfər də Azərbaycan-Türkiyə qardaşlığının bariz ifadəsidirsə, digər tərəfdən Türkiyənin 27 sentyabrdan indiyədək ölkəmizə ifadə etdiyi dəstəyin əyani göstəricisidir. Azərbaycan xalqı bu dəstəyi çox yüksək qiymətləndirir.
Əli Əhmədov, həmçinin İzmirdə baş verən zəlzələ nəticəsində çoxsaylı insan itkisi ilə bağlı xalqımızın kədərləndiyini bildirib, vəfat edənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib.
Qardaş Azərbaycana səfər etməsindən məmnunluğunu bildirən Binali Yıldırım torpaqlarının işğaldan azad edilməsi üçün böyük mücadilə aparan Azərbaycan xalqına uğurlar arzulayıb. O, bu yolda şəhid olan hərbçilərə və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.
Problemin 30 ildir həll olunmadığını deyən B.Yıldırım qeyd edib ki, bu illər ərzində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı davam edib. Türkiyə olaraq biz hər zaman Qarabağ torpaqlarının erməni işğalından azad olunmasının, azərbaycanlı qaçqın və köçkünlərin öz doğma torpaqlarına qayıtmasının tərəfdarı olmuşuq. Bu məqsədlə indiyə kimi aparılan diplomatik danışıqlar heç bir nəticə verməyib. Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçı Ermənistana qarşı heç bir addım atmayıb, işi zamana buraxaraq problemi unutdurmağa çalışıblar. Ona görə də iş bu həddə çatdı ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün haqq savaşına başladı və bu savaşda can Azərbaycan bir dastan yazır.
Türk xalqının hər zaman Azərbaycana dəstək verdiyini deyən B.Yıldırım 102 il öncə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun göstərdiyi dəstəyi də xatırladıb. O, Türkiyənin bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağını deyərək, səfərin məhz Azərbaycana dəstək xarakteri daşıdığını vurğulayıb.
B.Yıldırım, həmçinin İzmirdə baş verən zəlzələ ilə əlaqədar Azərbaycan xalqının dəstəyini yüksək dəyərləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2020
S M T W T F S
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 72
  • 29
  • 406
  • 1,663
ILK-10 Azeri Website Directory