Sosial ədalətin təmin edilməsi dövlət siyasətinin əsas prioritetidir

Ölkədəki inkişafdan hər bir vətəndaşın layiqincə bəhrələnməsi  qarşıya vacib vəzifə kimi qoyulub

Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsi məqsədilə mütəmadi olaraq mühüm qərarlar qəbul etməsi danılmaz faktdır. Dövlət başçısının bu il fevralın 5-də “Əmək pensiyalarının  indeksləşdirilməsi haqqında” imzaladığı sərəncama əsasən,  orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq cari il yanvarın 1-dək  təyin olunmuş bütün növ əmək pensiyalarının sığorta hissəsinin, həmçinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində sözügedən tarixədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçiriləcək.

Bu sərəncamın icrası ölkədə sosial cəhətdən həssas təbəqənin maddi durumunun yaxşılaşmasında önəmli rol oynayacaq. Başqa sözlə, bu,  həssas kateqoriyadan olan insanların sosial müdafiəsi istiqamətində dövlət tərəfindən atılan növbəti addım, eləcə də indiyədək uğurla aparılan sosial siyasətin davamlı xarakter daşıdığının təsdiqidir.

Son dövr bu istiqamətdə görülən işlərə nəzər yetirdikdə görürük ki, ölkənin iqtisadi imkanları artdıqca, sosial sahəyə daha çox vəsait ayrılır. Özü də bu vaxt sosial qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlətin yaratdığı imkanlardan faydalanır. Məsələn, əvvəllər fərdi mənzillər və yaşayış binaları qaçqın və məcburi köçkünlər üçün tikilirdisə, indi şəhid ailələri və Qarabağ müharibəsi əlilləri də yeni evlərlə təmin olunurlar.

Koronavirus pandemiyası dövründə dünya iqtisadiyyatında yaranan durğunluq sayəsində “kəmərsıxma” siyasəti həyata keçirilsə də, ölkəmizdə bunun əksini görürük və bu, təsadüfi deyil. Hələ pandemiya başlayanda Prezident İlham Əliyev bəyan etmişdi ki, əhalinin sosial müdafiəsinin təminatı davamlı olacaq. Məhz bu hesaba pandemiya zamanı sosial yardım alanların sayı artmış, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərilmişdir.

Üstəlik, belə çətin durumda dövlət başçısının qəbul etdiyi qərarlar sayəsində ölkədə heç bir sosial layihənin icrası dayandırılmadı. Əksinə, bu sahədə bir sıra rekordlara imza atıldı. Belə ki, ötən il rekord sayda – 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin edildi, şəhid ailələri üçün 1500 ev tikilərək istifadəyə verildi, orduda qüsursuz xidmət etmiş onlarca hərbçi mənzillə təmin olundu.

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, eləcə də bu sahədə aparılan uğurlu islahatlar ölkə əhalisi ilə yanaşı, beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti Yoakim Bröye ölkəmizdə sosial sahədə aparılan islahatları, əldə olunan nailiyyətləri layiqincə dəyərləndirir. O, həmçinin dövlətimizin bu sahədə gördüyü işlərin pandemiya dövründə əhalinin sosial rifahına daha müsbət təsir göstərdiyini vurğulayır, sosial sahədə atılan addımların təqdirəlayiq olduğunu bildirir, Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində görülən işləri dünyaya nümunə göstərir.

Əhalinin sosial müdafiəsi sahəsində 2030-cu ilə qədər daha bir sıra uğurlu layihələr icra ediləcək. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də bu sahəyə böyük önəm verilir. Həmin sənəddə qeyd edilir ki, ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial müdafiəsinə əlavə imkanlar yaradacaq. Bununla yanaşı, sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağıgəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatının gücləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə ölkədə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəyə çatdırılması qarşıya bir vəzifə kimi qoyulur. Bunun üçün pensiya təminatı sisteminin uzunmüddətli inkişafı, onun maliyyə dayanıqlığının gücləndirilməsi, pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi də milli prioritetlərdə əsas kimi götürülür.

Milli prioritetlərdə cəmiyyətdə sosial ədalətin təmin edilməsi vacib vəzifə kimi qeyd edilir. Çünki dünyada baş verən iqtisadi inkişaf özü ilə bərabər bir sıra problemlər də yaradır. Xüsusilə yeni texnika və texnologiyalardan istifadə əhalinin məşğulluğunun təminatına mənfi təsir göstərir. Həmin problemlərlə qarşılaşmamaq üçün isə davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. Bir sözlə, ölkədəki inkişafdan hər bir vətəndaş bərabər şəkildə bəhrələnməli, yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət, paytaxt və regionların tarazlı inkişafı təmin edilməlidir. Dövlətin 2030-cu ilədək həyata keçirəcəyi iqtisadi layihələrin gətirəcəyi faydalardan ölkə vətəndaşlarının bəhrələnməsi milli prioritetlərin əsas məqsədidir.

Rüstəm KAMAL

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 22
  • 7
  • 6,760
  • 23,633
ILK-10 Azeri Website Directory