Qarabağ savaş meydanından tikinti meydançasına çevrilir

İldırım sürətli qələbə və onun ardınca işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə start verilməsi Azərbaycan dövlətinin sülhə, əminamanlığa və inkişafa nə dərəcədə maraqlı olduğunu bütün dünyaya bəyan edir.

Qarabağda 30 illik işğal siyasəti yeridən Ermənistanın necə amansız və dağıdıcı varvar olduğunu artıq dünya dərk etməkdədir. Bizim haqq işimizə dəstək verənlər qurub yaratdıqlarımızı, bütünlükdə sülh təşəbbüslərimizi alqışlayır və təlqin edir.

Ermənistan isə özünü dünyaya nə qədər “əzabkeş xalq” qiyafəsində sivil bir cəmiyyət kimi sırımağa və sızlayıb ağlayaraq himayədarlarının qoltuğuna qısılsa da, törətdiyi sonsuz vəhşilikləri artıq gizlədə bilmir. Dünya ictimaiyyəti erməni yalanlarına yox, gördüklərinə, ermənilərin ərazilərimizdə törətdikləri vəhşiliklərin lal mənzərələrinə daha çox inanır.

Bu baxımdan Qarabağda başlanan bərpa-quruculuq işləri bütün dünyanın diqqətini özünə çəkir. Azərbaycan Prezidenti işğaldan azad edilən torpaqları qarış-qarış gəzir, uzun illər Ermənistan rəhbərliyi və onun havadarlarının gizlətdikləri vəhşilikləri və buna göz yuman beynəlxalq təşkilatları şəxsən ifşa edir. Dövlət başçısı bu barədə belə açıqlama vermişdir: “Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir. Məhz buna görə biz oraya jurnalistləri, diplomatik korpusun nümayəndələrini dəvət edirik. Daha da böyük sayda dəvət etməliyik ki, hər kəs görsün. Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik”.

Məlum olduğu kimi, azad edilmiş ərazilərin bərpasını mərkəzləşmiş qaydada aparmaq üçün qərargah yaradılmışdır. Bütün təkliflər, təşəbbüslər və ideyalar burada cəmlənir, analiz edilir, ən vacib addımların atılmasına qərar verilir. Ərazilərin minalardan təmizlənməsi və infrastrukturun yaradılması təcili görülməli işlərin sırasındadır. Bu səbəbdən Minatəmizləmə Agentliyi yenidən formalaşdırılır, onun fəaliyyəti daha səmərəli qurulur. Ardınca işğalçıların vurduqları ziyanlar hesablanacaq ki, təzminat davasında ziyanın tam mənzərəsi və həcmi aydın olsun. İnfrastruktur layihələrinin icrası, bütün şəhərlərin, kəndlərin bərpasının baş planlarının “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında hazırlanması sonrakı mərhələdə görüləcək işlər sırasındadır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) baş analitiki Günay Quliyeva Prezidentin azad edilmiş ərazilərdə qurulacaq “smart-city”, “smart-village”, yəni “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasını şərh edərkən qeyd edib ki, bu addımı, ilk növbədə, dünyada baş verən qlobal cağırışlara cavab kimi qəbul etmək olar. Belə mükəmməl yanaşmanın tətbiqi ona imkan verir ki, həm Qarabağ regionu texnoloji investisiyalar üçün maraq mərkəzinə çevrilsin, həm də digər regionlarımızda ağıllı şəhər-kənd texnologiyalarının tətbiqi pilot layihələr kimi irəli çıxsın.

İİTKM-nin təqdim etdiyi araşdırmada göstərilir ki, müasir dünyada insanların 54 faizi şəhərlərdə yaşayır və bu nisbətin 2050-ci ildə 66 faizə çatacağı gözlənilir. Əhalinin ümumi artımı ilə birlikdə urbanizasiya növbəti üç onillikdə daha 2,5 milyard insanın şəhərlərə axmasına səbəb olacaq.  Şəhərlərə insan axının getdikcə güclənməsi və ekosistemlərin burada cəmləşməsi isə iqlim dəyişikliyinə təsir edir. Belə ki, qlobal istixana qazı tullantılarının 70 faizdən çoxu şəhərlərin payına düşür və bu üzdən şəhərlilər daha çox mənfi təsirlərə məruz qalırlar. “Ağıllı şəhərlər”in yaranma konsepsiyası da bu səbəbdən gündəmə gəlmişdir.

Dünya liderləri 2019-cu ildə Osakada keçirilən G20 Sammitində ilk dəfə “ağıllı şəhər” anlayışını ciddi müzakirə edərək bu istiqamətdə çalışan mövcud müəssisə-təşkilatları birləşdirə bilən ittifaqın yaradıldığını elan etmişlər. Həmçinin şəhərləri daha davamlı, əhatəli və təhlükəsiz hala gətirmək Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərindən biri olaraq müəyyənləşdirilmişdir.

Bu baxımdan yüksək texnologiyaların və “smart city” konsepsiyasının işğaldan azad olunmuş ərazilərdə tətbiqi Azərbaycana dünyada misligörünməmiş islahatları həyata keçirməyə imkan verəcək. İşğalçıların 30 il ərzində xaraba qoyduğu əraziləri Azərbaycan yaxın gələcəkdə ayağa qaldırmaqla bölgədə sülhün və iqtisadi islahatların davamlı olmasına çalışan dövlət imicini təsdiq edəcək. “Ağıllı şəhər” layihələrini tətbiq etməklə biz təhlükəsizlik, vaxt və rahatlıq, sağlamlıq, ətraf mühitin keyfiyyəti, sosial əlaqə və vətəndaş iştirakı, iş yerləri və yaşayış xərci kimi müxtəlif həyati keyfiyyət göstəricilərinə də təsir edə biləcəyik.

Bundan başqa, “ağıllı şəhər” texnologiyaları vətəndaşların sağlamlığını və rifahını yaxşılaşdırmaq gücünə sahib olmaqla bərabər, iqtisadi inkişafın yeni yollarını təqdim edir. Bərpa olunan ərazilərdə müasir texnologiyaların tətbiqi regionun bərpa prosesini sürətləndirəcək, texnoinvestorlar üçün xüsusi maraq kəsb edəcək, texnologiya əsaslı investisiyaların axınını sürətləndirməklə yanaşı, Qarabağda innovasiya mərkəzləri və texnoparkların yaradılmasının fundamental əsaslarını təşkil edəcək.

Faktiki olaraq qarşıdakı 10 ildə yüksət texnologiyalar işğaldan azad edilmiş ərazilərdə bütün sahələr üzrə tətbiq olunacaq. Götürək su məsələsini. Bütövlükdə ölkə iqtisadiyyatı üçün vacib sayılan su ehtiyatlarına qənaət edilməsi işğaldan azad olunmuş ərazilərdə yaradılacaq “ağıllı şəhər”lərdə mümkün olacaq. Ağıllı suvarma sistemləri, su sızıntısı, suyun keyfiyyəti və istehlakının izlənməsi kimi tətbiqetmələr bir gündə adambaşına su istehlakını 25-80 litr arasında saxlamağa imkan verəcək.

“Ağıllı şəhər” texnologiyaları böyük turizm potensialına malik Qarabağ regionunda bu sektoru da inkişaf etdirmək üçün əlavə imkan yaradacaq. Bu aspektdən ilk olaraq pilot layihə kimi Şuşanın “ağıllı şəhər” konsepsiyası çərçivəsində qurulması turizm potensialına əlavə üstünlük verəcək. Məsələn, Şuşada interaktiv məlumatverici lövhələrin quraşdırılması, turizm xidmətləri ilə bağlı mobil tətbiqlər, tarixi abidələr, keçmiş münaqişənin izləri haqqında məlumat verən robot-bələdçilər, intellektual nəqliyyat sistemi, “yaşıl enerji” istehsalının tətbiq olunması regiona xarici turist axınına şərait yaradacaq.

“Ağıllı şəhər”lə bərabər, postkonflikt ərazilərdə “ağıllı kənd” layihəsinin də həyata keçirilməsi nəzərdə tutulub. Beynəlxalq təcrübədə “smart village” dedikdə kənd əhalisinin qarşılaşdığı əsas problemlərin həlli və daha önəmli olan kənd ərazilərində yeni iqtisadi imkanların yaradılması başa düşülür. “Ağıllı kənd” texnologiyasının – rəqəmsallaşma, kənd hüdudlarından daha geniş çərçivədə böyük düşünmə, kəndlə ətraf bölgələr arasında yeni əməkdaşlıq formatının tətbiqi həmin ərazilərə sosial innovasiyaların, start-up tipli mikro və kiçik sahibkarlığın kənd əhalisi arasında geniş yayılmasına şərait yaradacaq. 

Bahadur İMANQULİYEV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 11
  • 5
  • 6,749
  • 23,622
ILK-10 Azeri Website Directory