Azərbaycan yaxın gələcəkdə həm də “yaşıl enerji” məkanı olacaq

Müasir dövrdə dünyanın qabaqcıl ölkələrində alternativ və bərpaolunan enerji mənbələrindən istifadə getdikcə genişlənir.

Bu baxımdan Azərbaycanda da enerjidən səmərəli istifadə edilməsinə və yeni dayanıqlı enerji mənbələrinin yaranmasına üstünlük verilir. Təsadüfi deyil ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də bu məsələ özünə önəmli yer alıb. Sənəddə qeyd edilir ki, indiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir. Həmçinin elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla iqlim dəyişikliklərinə təsir azaldılmalıdır.

Energetika naziri Pərviz Şahbazov və Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə külək elektrik stansiyası inşa edəcək “ACWA Power” şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyanın videokonfrans formatında keçirdikləri görüş də bu məqsədə xidmət edir. Görüşdə qoyuluş gücü 240 meqavat (MVt) olan külək elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma müqavilələrinin imzalanmasından sonrakı müddət ərzində görülən və planlaşdırılan işlər müzakirə edilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin “Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə yaradılmış komissiyanın artıq beş iclası keçirilib.

Hər iki tərəfdən layihənin icrasına cəlb olunan ekspertlərin peşəkarlığı yüksək qiymətləndirilib. Bildirilib ki, müqavilə tərəfləri arasında yüksək inam və etibarın olması layihənin vaxtında və uğurla tamamlanacağına əminlik yaradır. Sahə üzrə eləcə də təlim, seminar, məlumat mübadiləsi tədbirlərinin həyata keçirilməsinin zəruriliyi vurğulanıb. Çünki bu, yalnız biznes layihəsi deyil,həm də bilik və təcrübə transferi layihəsidir.

Xatırladaq ki, sözügedən külək elektrik stansiyası layihəsi ilə bağlı müvafiq müqavilələr Energetika Nazirliyi və “Azərenerji” ASC ilə “ACWA Power” şirkəti arasında ötən il dekabrın 29-da imzalanıb. 

Prezident İlham Əliyevin tapşırığına əsasən, ümumiyyətlə, ölkənin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilədək 30 faizə çatdırılması, habelə investisiya şirkətləri ilə yeni layihələrin həyata keçirilməsi ilə bağlı danışıqların aparılması üçün tədbirlər davam etdirilir. Bu məqsədlə beynəlxalq məsləhətçi şirkət cəlb edilərək elektrik şəbəkəsinə qoşulacaq yeni güclərin dövrlər üzrə optimal həddinin müəyyənləşdirilməsi təmin olunub.

Almaniyanın VPC şirkəti tərəfindən hazırlanmış hesabata əsasən, qarşıya qoyulmuş 30 faiz hədəfinə nail olmaq üçün ölkəmizdə 2030-cu ilədək ümumilikdə 1500 meqavat qoyuluş gücündə yeni bərpaolunan enerji stansiyaları quraşdırılmalıdır. Ümumi gücün 2020-2022-ci illərdə 440 meqavat, 2023-2025-ci illərdə 460 meqavat, 2026-2030-cu illərdə 600 meqavat olmaqla 3 dövrdə şəbəkəyə inteqrasiyası məqsədəuyğun hesab edilib. Eyni zamanda şirkət tərəfindən bərpaolunan enerji üzrə yeni qoyuluş güclərinin inteqrasiyası ilə bağlı müvafiq tədbirlər paketi təqdim edilib. 2030-cu ilə qədər olan müddət ərzində tədbirlərin həyata keçirilməsi üçün vaxt cədvəli hazırlanıb, lazımi tədbirlər üçün tələb olunan büdcə hesablanıb və müvafiq dövrlərdəki fəaliyyətlər üzrə bölünüb. Hazırda hesabat müvafiq sahədə fəaliyyət göstərən təsərrüfat subyektləri ilə müzakirə edilir.

Sözügedən istiqamətdə görüləcək işlərdən biri də Böyükşor gölündə üzən günəş panellərinin quraşdırılması layihəsidir. Belə ki, “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kilovata qədər gücə malik olacaq 9 fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsilə milli potensialın gücləndirilməsi planlaşdırılır. Layihənin icrasının 2023-cü ilin mart ayına qədər başa çatdırılması nəzərdə tutulur.

Hazırda Xəzər dənizində və sahilyanı ərazilərdə də külək enerjisinin potensialı öyrənilir. Bu məqsədlə Energetika Nazirliyi Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası ilə “Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması istiqamətində əməkdaşlıq edir. Yol xəritəsinin hazırlanması prosesi coğrafi məkan xəritələrinin tərtib olunması, zonaların müəyyənləşdirilməsi, iqtisadi, maliyyə, ekoloji və sosial aspektlərdə təhlillərin aparılması, təsirlərin qiymətləndirilməsi, icazə və razılıqların verilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi, ötürücü şəbəkənin yenidən qurulması, təchizat zəncirinin öyrənilməsi kimi məsələləri əhatə edəcək. “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Dünya Bankı qrupu arasında dənizdə külək enerjisindən istifadə sahəsində əməkdaşlığa dair anlaşma memorandumu”nun imzalanması nəzərdə tutulur.

Dövlət başçısının tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərimizdə də “yaşıl enerji” zonasının yaradılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı özəl investisiyaların cəlb olunması üçün investorlarla müzakirələr aparılır.

Həyata keçirilən ardıcıl tədbirlər deməyə əsas verir ki, ölkəmizdə tezliklə bərpa-olunan enerjidən daha geniş istifadə ediləcək. Azərbaycan həm də “yaşıl enerji” məkanına çevriləcək.

Flora SADIQLI

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 144
  • 44
  • 4,126
  • 22,188
ILK-10 Azeri Website Directory