Tovuz: Hədəf 200 min tonu keçməkdir

Keçən il Tovuz rayonunda 175 min tona yaxın kartof istehsal olunub və orta hesabla hektardan 258,5 sentner məhsul götürülüb. Razılaşaq ki, pis göstərici deyil. Həm də nəzərə alsaq ki, bir neçə il qabaq bu sahədə əməlli-başlı gerilik var idi və rayonun kartofçuluq ənənəsi bir qədər pozulurdu, o zaman əldə olunan göstəricini uğur kimi qəbul etmək olar.

Lakin hazırda rayonda “bu, son hədd deyil” söhbəti gedir. Xüsusilə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov bu işdə israrlıdır.

O, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ni xatırladır və müşavirələrdə, fermerlərlə görüşlərində dönə-dönə deyir ki, müəyyən etdiyi strateji hədəflərdən biri də kartofçuluğun inkişafı, təzə kartof istehsalının artırılmasının dəstəklənməsi, həm daxili, həm də xarici bazarlarda rəqabətqabiliyyətli kənd təsərrüfatı və emal sənayesi məhsulları üzrə istehsal potensialının gücləndirilməsidir.

Strateji Yol Xəritəsində müəyyən edilmiş tədbirlərə uyğun olaraq Tovuz rayonunda kartof istehsalı üçün əlverişli ərazilər müəyyənləşdirilmiş, bu sahədə ixtisaslaşmış fermerlər qrupu yaranmış, müasir texnologiyaların tətbiqinə başlanmış və faraş kartofçuluğun inkişafına maraq artmışdır. Kartofçuluq Tovuz rayonu üzrə ənənəvi sahədir və rayonun iqtisadi potensialının əsas hissəsini təşkil edir. Keçən il rayonda 6748,7 hektar sahədə kartof əkilmiş, 174453,5 ton məhsul istehsal edilmişdir. Orta hesabla hər hektardan 258,5 sentner məhsul götürülmüşdür.

Rayonun təsərrüfatlarında artıq kartof səpininə başlanmışdır. Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Dönük Qırıqlı və Əyyublu kəndlərində olmuş, kartof sahələrində fermerlərlə görüşmüşdür. Kartof səpinin gedişi ilə yerində tanış olan rayon rəhbəri kartofçuluğun inkişafı ilə bağlı fermerlərlə söhbətlər aparmış, onları maraqlandıran sualları cavablandırmış, kartof əkininin müasir üsullarla təşkil olunması, innovativ tədbirlərin tətbiq olunması, aqrotexniki qaydalara riayət olunması barədə tövsiyələr vermişdir. Kartofçuluqla məşğul olan fermerlərin dəstəklənməsi, onlara lazımi metodiki köməyin göstərilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq olunması, onların dövlət qayğısından lazımınca yararlanması istiqamətində aidiyyətli qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Hamlet QASIMOV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 70
  • 11
  • 18,901
  • 34,207
ILK-10 Azeri Website Directory