Prezident İlham ƏLİYEV: “Bir amalım var idi – güclü Azərbaycan qurmaq”ANA SƏHİFƏ / İQTİSADİYYAT00:48 17.02.2021

Dövlət başçısının 17 il əvvəl təsdiqlədiyi ilk regional inkişaf proqramı ölkənin tarazlısosial-iqtisadi yüksəlişinin başlanğıcı oldu

Ölkəmizdə regionların sosial-iqtisadi inkişafına yönəldilən üç dövlət proqramı müvəffəqiyyətlə həyata keçirilmişdir. Dördüncüsünün isə iki ili artıq arxada qalmışdır. Ulu Öndər Heydər Əliyevin iqtisadi strategiyasını uğurla davam etdirən və günün tələbləri baxımından uzaqgörənliklə inkişaf etdirən Prezident İlham Əliyev müəllifi olduğu bu proqramları reallaşdırmaqla Azərbaycanın hərtərəfli yüksəlişinə böyük təkan vermişdir.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illər) 17 il əvvəl fevral ayında təsdiq edilmişdir. Düzgün seçilmiş yol – ölkənin bütün regionlarının tarazlı inkişafı bugünkü nailiyyətlərə gətirib çıxarmışdır. Dövlət başçısı deyir ki, bu gün artıq dəyişən dünyada güc amili rəsmi qaydada ön plana çıxıb və güc elə iqtisadiyyatdır: “İqtisadiyyat güclü olmasa, hərbi gücdən, siyasi gücdən söhbət gedə bilməz. Biz iqtisadi müstəqillik yaratmalı idik və yaratdıq. Artıq neçə ildir ki, Azərbaycan iqtisadi cəhətdən tam müstəqil ölkədir, heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil… Güc toplamaq üçün əlbəttə ki, düzgün siyasət aparılmalıdır. Son 17 il ərzində mənim fəaliyyətimdə ölkəmizin gücləndirilməsi, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi, ölkə daxilindəki proseslərin müsbət məcrada getməsi əsas vəzifə idi. Heç bir təzyiq, heç bir təhdid məni bu yoldan döndərə bilmədi. Çünki bir amalım var idi – güclü Azərbaycan qurmaq, torpaqlarımızı işğaldan azad etmək! Biz bu illər ərzində böyük, nəhəng layihələri icra etdik. Bu layihələr bizə imkan verdi ki, biz iqtisadi inkişaf baxımından dünyada qabaqcıl yerlərdəyik. İqtisadi inkişafın templərinə görə son 17 il ərzində Azərbaycan dünya miqyasında birinci yerdədir”.

Ölkəmizin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını məhz regionların sosial-iqtisadi inkişafına yönəldilən, beşillik dövrü əhatə edən birinci dövlət proqramı qoymuşdur. Bu dövrdə iqtisadiyyatın bütün sahələrində dinamik artım müşahidə edilmişdir. Bunu həmin illərin göstəriciləri də təsdiqləyir. Belə ki, 2004-2008-ci illərdə ölkədə 27,5 mindən çox yeni müəssisə açılmış, 547,5 min daimi yeni iş yeri yaradılmış, yoxsulluğun səviyyəsi 13,2 faizədək azalmışdır. Ümumi daxili məhsulun real həcmi 2,6, qeyri-neft sektorunda məhsul istehsalı 1,8 dəfə artmışdır. Sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,2 faiz artmış, əhalinin gəlirləri 4 dəfə çoxalmışdır.

Prezident İlham Əliyev ilk regional inkişaf proqramının əhəmiyyətini vurğulayaraq demişdir: “2004-cü ildə qəbul edilmiş birinci proqram tarixi hadisə idi. O vaxt proqram mənim seçkiqabağı proqramımın tərkib hissəsi idi. O vaxt ilk dəfə prezident vəzifəsinə seçilən zaman vətəndaşlara demişdim ki, əgər mənə etimad göstərilərsə, o cümlədən regionların inkişafı ilə ciddi məşğul olacağam. Çünki bilirdim ki, Azərbaycanın regionlarında vəziyyət o qədər də yaxşı deyil. Bunun da, əlbəttə ki, təbii səbəbləri var idi – infrastruktur köhnəlmişdi, demək olar ki, sıradan çıxmışdı, bir çox müəssisələr fəaliyyətini dayandırmışdı, kənd təsərrüfatında durğunluq yaşanırdı. Ona görə hesab edirdim ki, regional inkişaf proqramı bizim üçün əsas təkanverici proqram olacaq. Eyni zamanda Azərbaycan əhalisinin böyük əksəriyyəti bölgələrdə yaşayır, rayonlarda, kəndlərdə yaşayır. Onların yaşayışı yaxşılaşmalı idi”.

2004-2008-ci illər həqiqətən də Azərbaycanın yüksəlişi üçün təkanverici dövr oldu. Bu illər ərzində həyata keçirilən ardıcıl tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, yeni müəssisələrin və iş yerlərinin yaradılmasına, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verdi. Görülən genişmiqyaslı işlər eləcə də sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynadı.

Məlumdur ki, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyini təmin edə bilməyən ölkələrdə adətən ciddi problemlər yaranır, onlar sərbəst yaşamaq imkanına malik olmurlar. Azərbaycan dövləti düzgün və məqsədyönlü siyasət yürüdərək bu istiqamətdə önəmli layihələr həyata keçirmişdir. Sözügedən dövr ərzində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, “Şahdəniz” qazını daşıyan Bakı-Tbilisi-Ərzurum xətti istifadəyə verilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinə başlanmışdır. Bir sözlə, bu, Azərbaycanın artıq regionun güc mərkəzinə çevrildiyi bir dövr idi.

İqtisadiyyatın əsas sütunlarından olan elektroenergetika sahəsinə xüsusi diqqət yetirilmişdir. Ümumi istehsal gücü 1000 meqavatdan çox olan 9 elektrik stansiyası inşa edilmişdir. Proqram sona çatarkən daha iki stansiyanın tikintisi tamamlanmaqda idi və daha ikisinin inşası davam edirdi.

Proqramın icrasına başlamazdan əvvəl ölkədə qazlaşdırmanın səviyyəsi 60-62 faiz idisə, beş il sonra bu rəqəm 85 faizə çatmışdı. Bu müddət ərzində 8 rayona qaz verilmişdir. 13 illik fasilədən sonra Naxçıvan Muxtar Respublikası qazla təmin olunmuşdur.

Kənd təsərrüfatının inkişafı da diqqət mərkəzində idi. Fermerlərə güzəştli şərtlərlə gübrə verilməsinə məhz bu illərdə başlandı. Meliorasiya tədbirlərinə diqqət artırıldı, suvarılan torpaqların sahəsi genişləndirildi. Nəticədə taxıl və digər kənd təsərrüfatı məhsullarının istehsalı artdı.

Cəmi 5 il ərzində bölgələrdə 4 aeroportun tikilməsi də həyata keçirilən tədbirlərin miqyasından xəbər verir. Belə ki, Naxçıvan, Gəncə, Zaqatala və Lənkəran aeroportları məhz bu dövrdə inşa edilmişdir.

I Regional İnkişaf Proqramının əhatə etdiyi illərdə tanker donanması maksimum dərəcədə təmin olunmuş, Xəzərdə yükdaşımalar artmışdır. Avtomobil yollarının tikintisi geniş vüsət almışdır.

Diqqət mərkəzində olan təkcə iqtisadiyyat deyildi. Sosial məsələlərin həlli də prioritet olmuşdur. Sosial proqramların həyata keçirilməsi, sosial infrastrukturun yaradılması istiqamətində də müsbət nəticələr əldə edilmişdir. Beş il ərzində minimum əməkhaqqı 8,3 dəfə, minimum pensiya 4 dəfə artmışdır. Sosial infrastrukturun yaradılmasına və yenilənməsinə böyük həcmdə vəsait yönəldilmişdir. 1600 məktəb tikilmişdir. Yüzlərlə tibb ocağı inşa edilmişdir. Onlardan 8-i yüksək standartlara cavab verən müalicə-diaqnostika mərkəzləri idi. Həmin dövrdə eləcə də 10-dan çox olimpiya idman kompleksi və digər qurğular istifadəyə verilmişdir.

2009-cu ilin fevral ayında I Regional İnkişaf Proqramına yekun vurularkən Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının artıq oturuşmuş iqtisadiyyat olduğunu və dünyanı bürümüş maliyyə böhranının ölkəmizdə çox az hiss edildiyini qeyd etmiş, sözügedən sənədin inkişafa böyük təkan verdiyini demişdir: “Bütün bunlar, əlbəttə ki, növbəti illərdə iqtisadiyyatımızın daha da şaxələndirilməsinə gətirib çıxaracaqdır. Beləliklə, ölkə öz inkişafını uğurla davam etdirəcəkdir və Azərbaycan xalqı, Azərbaycan vətəndaşları bundan sonra da ildən-ilə daha yaxşı yaşayacaqdır. Bu da 2004-cü ilin əvvəlində qarşıya qoyduğumuz ən vacib məqsədlərdən biri idi”.

Zaman qarşıya qoyulmuş vəzifələrin məqsədyönlü olduğunu, müəyyənləşdirilmiş strategiyanın düzgün seçildiyini təsdiqlədi. Həyata keçirilən çoxşaxəli proqramlar, dərin islahatlar ölkəmizi böyük inkişaf yoluna çıxardı. Odur ki, bu gün müstəqil Azərbaycan özünün ən şanlı dövrünü yaşayır. İqtisadi gücü ona bütün dünyada böyük nüfuz qazandırmış, eləcə də torpaqlarımızı işğaldan azad etməkdə, düşmən üzərində qələbə çalmaqda əsas səbəblərdən biri olmuşdur. Təsadüfi deyil ki, tanınmış beynəlxalq reytinq təşkilatları Azərbaycan iqtisadiyyatının bütün sahələrindəki nailiyyətləri yüksək dəyərləndirir. Azərbaycan dünyanın 10 ən islahatçı ölkəsi sırasında qərarlaşıb.

Flora SADIQLI

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 150
  • 45
  • 4,132
  • 22,194
ILK-10 Azeri Website Directory