Azərbaycan “2021-ci il Qadın ili”nə öz töhfəsini verəcək

ISESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” beynəlxalq günü münasibətilə fevralın 11-də keçirilən videokonfransda aktual məsələlər müzakirə olundu. Konfransda Birinci vitse-prezident Mehriban Əliyevanın fəxri qonaq qismində iştirakı Azərbaycanın bu platformada ali səviyyədə təmsil olunması demək idi. Eyni zamanda bu, Azərbaycanla ISESCO arasında yüksək səviyyəli əlaqələrin göstəricisidir.

Ümumiyyətlə, Azərbaycan tərəfdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlarla səmərəli-faydalı əməkdaşlıq qurub. ISESCO-nun fəaliyyət prinsipinə uyğun olaraq ənənəvi dəyərlərin təbliği və mühafizəsi sahəsində Azərbaycan dünya üçün nümunə sayılan bir model yaradıb. Qadınların elm və təhsildə rolu, eyni zamanda təhsildə gender bərabərliyinin təmin olunması sahəsində də Azərbaycan yüksək  nümunə sərgiləyir. Birinci vitse-prezident Mehriban Əliyevanın videokonfransda qadınların savadlılıq səviyyəsinə dair səsləndirdiyi yüksək göstəricilərdən ibarət statistika bunu bir daha təsdiqləyir.

Bu gün Azərbaycan qadını ictimai-siyasi həyatda layiqli mövqeyini tutaraq ölkəmizin mədəniyyətinə, elminə, təhsilinə, səhiyyəsinə böyük töhfə verməkdədir. Ölkəmizdə birinci vitse-prezidentlik institutunun yaradılması, dövlət idarəçiliyində gender bərabərliyinin tam təmin edilməsi Azərbaycanın bu sahədə geniş təcrübəyə malik olduğunu göstərir. Azərbaycan qadınları ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında fəal iştirak edirlər. Hakimiyyətin bütün qollarında zərif cinsin nümayəndələri nüfuzlu postlar tutur.

Elm, texnologiya və innovasiyanın cəmiyyətlərin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrildiyi bir vaxtda qadınların təhsili, onların elm sahəsində iştirakının yeni çağırışlara uyğunlaşdırılması da zərurətə çevrilir. Azərbaycan bütün humanitar məsələlərdə olduğu kimi, bu prosesdə də əsas təşəbbüskar qismində çıxış edir. ISESCO-nun Azərbaycanda təsis edəcəyi regional nümayəndəlik də bu sahədə əməkdaşlığı dərinləşdirmək baxımından əhəmiyyətlidir. Mehriban Əliyevanın da söylədiyi kimi, ictimai-siyasi sahədə, o cümlədən elm sahəsində uğur qazanan qadınlar təbii ki, yeni yetişən gənc nəsil üçün ilham mənbəyidir. Şərqdə ilk dəfə seçib-seçilmək hüququ qazanan Azərbaycan qadını bu gün XXI əsrdə yüksək əxlaqa malik, intellektual, milli-mənəvi dəyərlərə, bəşəri prinsiplərə sadiqliyi ilə özünəməxsus portretini qoruyub saxlayıb.

Əminliklə söyləmək olar ki, islam dünyasının ən layiqli üzvü kimi Azərbaycan qadını malik olduğu dəyərlərlə “2021-ci il Qadın ili” çərçivəsində bu prosesə öz töhfəsini verəcək.

Könül NURULLAYEVA

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 78
  • 12
  • 18,909
  • 34,215
ILK-10 Azeri Website Directory