Azərbaycan Respublikası Milli Məclisi ilə ABŞ Konqresi arasında ikitərəfli münasibətlərə dair videokonfrans keçirilib

Fevralın 25-də Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupu (qeyd edək ki, hal-hazırda 40-a yaxın Konqres üzvü bu qrupa daxildir) arasında videokonfrans formatında görüş keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın ABŞ-la parlamentlərarası əməkdaşlığı, müharibədən və atəşkəsdən sonra bölgəmizdə yaranmış yeni vəziyyət və regional əməkdaşlıq imkanları, habelə Azərbaycan tərəfindən həyata keçirilən yenidənqurma işləri və ABŞ-ın potensial dəstəyi məsələsi müzakirə edilib.

Görüşdə Xocalı qətliamının 29-cu ildönümü geniş yad edilərək ölkəmizə başsağlığı verilib.

Görüşdə Azərbaycan tərəfindən Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Səməd Seyidov, İşçi Qrupunun üzvləri – deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə, Tural Gəncəliyev, Sevil Mikayılova, Məlahət İbrahimqızı və onların köməkçiləri, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov və səfirliyin əməkdaşları, ABŞ tərəfindən isə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri və Azərbaycan üzrə işçi qrupunun həmsədrləri Stiv Şabot (Respublikaçı-Ohayo), Henri Kueyar (Demokrat-Texas) və Robert Aderholt (Respublikaçı-Alabama), onların xarici siyasət məsələləri üzrə köməkçiləri, İşçi Qrupunun digər həmsədri Stiv Kohenin (Demokrat-Tennesi) xarici siyasət məsələləri üzrə köməkçisi iştirak ediblər.

Tədbirdə Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov, deputatlar və səfir Elin Süleymanov çıxış edərək işçi qrupları arasında keçirilən bu görüşün ölkələrimiz arasında parlamentlərarası münasibətlərin inkişafı baxımından əhəmiyyət daşıdığını vurğulayıblar, Konqres üzvləri tərəfindən ölkəmizə göstərilən dəstəyə görə minnətdarlıq bildiriblər. Fevralın 26-da 29-cu ildönümü tamam olan Xocalı qətliamı xatırlanıb və müharibə zamanı baş vermiş qırğınların təkrarlanmaması üçün bölgədə sülhün, sabitliyin və əmin-amanlığın təmin edilməsinin vacib olduğu vurğulanıb.

Çıxışlarda Cənub Qaz Dəhlizinin reallaşmasında müxtəlif ABŞ administrasiyalarının və Konqresin dəstəyi xatırlanıb. Konqres üzvlərinə müharibə zamanı Ermənistan tərəfindən mülki əhalinin hədəfə alınması, mülki əhali arasında itkilər, yaşayış məntəqələrinə qarşı baş vermiş hücumlar barədə məlumat verilibdir. Azərbaycanın bölgədə sülhün bərqərar olması və regional əməkdaşlığın inkişafı üçün çalışdığı diqqətə çatdırılıb. Ölkəmizdə həyata keçirilən islahatlardan, erməni vətəndaşlarımız ilə birgəyaşayışın təmin edilməsi planlarından və siyasi, humanitar, iqtisadi sahədə reinteqrasiya işlərindən bəhs olunubdur. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən aparılan və planlaşdırılan yenidənqurma işlərinə ABŞ-ın dəstəyinin vacib olduğu bildirilibdir.

Sonra çıxış edən Konqres üzvləri Stiv Şabot, Robert Aderholt və Henri Kueyar müharibənin nəticələri barədə verilmiş məlumata görə təşəkkür bildiriblər. Onlar atəşkəsin əldə edilməsinə görə məmnunluqlarını, Ermənistan və Azərbaycanın birgə səylərlə problemlərin öhdəsindən gələcəklərinə əminliklərini ifadə ediblər. Bölgədə həyata keçirilən əməkdaşlıq layihələrinin, Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətə malik olduğunu vurğulayıblar. Konqres üzvləri Xocalı faciəsinə görə başsağlığı veriblər və bu faciənin yad edilməsinin əhəmiyyətini diqqətə çatdırıblar. Konqres üzvləri ölkəmizə səfər etməkdən məmnun olacaqlarını bildiriblər, yaranmış yeni vəziyyətdə ABŞ şirkətlərinin müharibədən sonra Azərbaycanda yenidənqurma işlərinə cəlb edilməsi potensialının araşdırılmasının vacib olduğunu diqqətə çatdırıblar.

Görüş zamanı ABŞ-la Azərbaycan arasında təmasların daha da genişləndirilməsinin vacib olduğu vurğulanıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 147
  • 45
  • 4,129
  • 22,191
ILK-10 Azeri Website Directory