Tovuz: Yaz-tarla işlərinə hazırlıq sürətlənir

Tovuz rayonunun ümumi ərazisinin 138,3 min hektarını kənd təsərrüfatı təyinatlı torpaqlar təşkil edir. Əkinə yararlı torpaqların 23,2 min hektarı daimi suvarılan ərazilərdir. Ümumilikdə 20-dən çox kənd üzrə 9,6 min hektar əkin sahəsi əsasən Ağstafa HQİİ-nin sağ sahil kanalı vasitəsilə suvarılır.

Son illər havaların quraq keçməsi səbəbindən əkin sahələrinin suvarılması üçün istifadə olunan təbii mənbələrdə suyun azalması, həmçinin Tovuzçay və Axıncaçay su anbarlarında su ehtiyyatlarının yığılmaması rayonun təsərrüfatlarında ciddi çətinliklər yaratmışdır.

Bu səbəbdən təsərrüfatların suvarma suyu ilə təminatının qismən yaxşılaşdırılması üçün Ağstafa HQİİ-nin sağ sahil kanalının xidmətindən daha səmərəli istifadə olunması, Kür çayı üzərində quraşdırılmış nasos qurğularının və daşıyıcı su kəmərlərinin işlək vəziyyətdə saxlanılması diqqət mərkəzindədir.

Hazırda rayon ərazisində yaz-tarla işlərinə hazırlıq çərçivəsində su təminatının yaradılması üçün 1981-ci ildən istismar olunan üçpilləli nasos stansiyalarında və su kəmərlərində əsaslı və cari təmir işləri aparılır, arxlar təmizlənərək qaydaya salınır. Görülən bütün bu işlərə ciddi nəzarət edilir.

Elə bu günlər rayon rəhbərliyi Kür çayı üzərində quraşdırılmış üçpilləli nasos stansiyasında olmuş və təmir-bərpa işlərinin gedişi, liltəmizləmə qurğusunun yenilənməsi prosesi ilə tanış olmuşdur. Qeyd olunmuşdur ki, rayonun əkin sahələrinin suvarma suyu ilə təmin edilməsində stansiya mühüm rol oynayır. Odur ki, bu böyük qurğunun fasiləsiz işləməsi üçün bütün zəruri tədbirlər vaxtında görülməli, xüsusilə havaların quraqlıq keçdiyi və təbii mənbələrdə su olmadığı bir şəraitdə nasos stansiyası daim işlək vəziyyətdə saxlanılmalıdır.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının öhdəsində olan əkin sahələrinin fasiləsiz suvarma suyu ilə təmin olunması üçün əlavə tədbirlər görülməsi barədə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmiş, suvarma məsələləri ilə bağlı müraciətlərə həssas yanaşılması, suyun ədalətli bölgüsü, müasir suvarma metodlarının tətbiqi diqqətə çatdırılmışdır.

Sabir ƏLİYEV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 191
  • 28
  • 3,354
  • 65,094
ILK-10 Azeri Website Directory