İtaliyalı tərəfdaşımız

BTC-nin  11 səhmdarından biri – “Eni”

Azərbaycan və İtaliya arasında iqtisadi münasibətlər  getdikcə daha da inkişaf edir.  Xüsusilə son illər hər iki ölkənin dövlət başçılarının və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri  zamanı bir çox önəmli sənədlər imzalanıb. Onların arasında Çoxölçülü Strateji Tərəfdaşlıq haqqında sənəd xüsusi əhəmiyyətə malikdir. Sənəd iki ölkə arasında strateji tərəfdaşlığın daha yüksək səviyyəyə çatdırılmasına xidmət edir.

“Cənub qaz dəhlizi”  bu iki ölkənin əlaqələrini daha da möhkəmləndirib. Dəhlizin sonuncu seqmenti olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri)  artıq  işə düşüb. Türkiyə-Yunanıstan sərhədindən başlayaraq Yunanıstandan, Albaniyadan  və Adriatik dənizinin  altından keçən bu kəmər Azərbaycan qazını İtaliyaya çatdırıb. Bu da o deməkdir ki, Azərbaycan və İtaliya gələcək onilliklər ərzində enerji sahəsində daha yaxın tərəfdaş olacaqlar.

İtaliya şirkətləri indiyədək Azərbaycanın həyata keçirdiyi neft-qaz və ixrac layihələrində fəal iştirak ediblər. “Azəri-Çıraq-Günəşli” layihəsi  çərçivəsində aparılan tikinti-quraşdırma işlərində  “Saypem” şirkətinin sanballı zəhmət  payı olub. 

“Eni”  şirkəti  isə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin 11 səhmdarından biridir. “Eni”nin  BTC-də  5 faiz iştirak payı var. Şirkət bu layihəyə hələ 2002-ci ildə qoşulub. Həmin il sentyabrın 18-də BTC-nin  Səngəçal terminalında keçirilən təməlqoyma mərasimində Ulu Öndər  Heydər Əliyev  kəmərin  səhmdarları sırasında “Eni”nin də adını çəkib. 

“Eni” İtaliyanın  tanınmış  neft-qaz konsernidir. 1953-cü ildən  fəaliyyət göstərir  və məqsədi enerji ehtiyatlarının hər kəs üçün əlçatan olmasına, hamının onlardan səmərəli istifadə edə bilməsinə  dəstək  verməkdir.

Bu  nəhəng  korporasiyanın  fəaliyyəti  neft  və qazın  axtarışına, hasilatına, nəqlinə  və satışına  yönəldilib. Ətraf mühitin qorunması, texniki  innovasiyalar, iqlim  dəyişikliyinə  qarşı  və  enerji səmərəliliyi  uğrunda  mübarizə  onun başlıca   prioritetlərindəndir. Əməkdaşlıq, beynəlmiləlçilik və sabitlik.   Şirkətin fəaliyyətini bu   amillər də xarakterizə edir.

“Bizım işimiz daim hərəkətdə olmağa, yeni ideyalar irəli sürməyə, səriştəmizin artırılmasına əsaslanır. Biz bunlara həm fərdilikdə, həm də hamımız birlikdə can atırıq.  Biz çalışdığımız ölkələrlə uzunmüddətli əməkdaşlığın dəyərli olduğuna inanırıq”.  Şirkətin  çoxsaylı işçiləri belə deyirlər.

“Eni” daim öz əməkdaşlarının təkmilləşdirilməsinə və təhlükəsizliyinə   çalışır. Davamlı inkişaf  işçilərin, eləcə də  şirkətin təmasda  olduğu  kollektivlərin  əmək şəraitinin və  yaşayış  səviyyəsinin  yükşəldilməsinə  əsaslanır. Belə ki,  yarandığı vaxtdan “Eni”  öz əməkdaşları ilə  sıx münasibətlər qurub. Onlar da öz növbəsində   şirkətə qəlbən bağlıdırlar və burada çalışdıqlarından  qürur duyurlar.  

 Təsadüfi deyil  ki, qısa bir zamanda  şirkətin rəhbərliyinin təşəbbüsü ilə  işçilər üçün   qəsəbələr salınmış, yaşayış  kompleksləri  inşa edilmiş və  istirahət bazaları yaradılmışdır. Cəmi bir  neçə il ərzində  şirkət  möhkəm təşkilat  strukturu   formalaşdırmış, nəticədə  əməkdaşlarının sayını sürətlə artırmışdır.

“Eni” dünyanın onlarca ölkəsində təmsil olunub və şirkətin ofislərində 10 minlərlə insan çalışır. Şirkətin  müasir  tədqiqat  laboratoriyalarında  və  karbohidrogenlərin  öyrənilməsi ilə məşğul olan institutunda yüksəkixtisaslı texnoloqlar, digər təcrübəli   mütəxəssislər fəaliyyət  göstərir .

“Eni” getdikcə  öz fəaliyyət sahəsini genişləndirir. Məsələn, bu  yaxınlarda  o,  İtaliyanın “Enel” energetika şirkəti ilə birlikdə yaşıl  hidrogen  istehsal edəcək.  Bunun üçün  “Eni” və “Enel” 2022-2023-cü illərdə hər birinin gücü 10 MVt olacaq iki elektrolizator quraşdıracaqlar. 

Şirkət   digər  ölkələrlə  çoxdan əməkdaşlıq və tərəfdaşlıq etməyə başlayıb. Belə ki,  İtaliyanın  enerji resurslarına  ehtiyacını təmin  etmək  məqsədilə  “Eni” yarandığı vaxtdan az sonra –  1954-cü ildə  ölkənin  hüdudlarından kənara çıxmalı oldu.  Həmin ilin sonunda  birgə müəssisə yaratmaq  barədə  Misir hökuməti ilə  razılıq əldə edildi. Üç il sonra  sözügedən  razılaşmaya İran da qoşuldu  və bu, “Eni”nin  neft  hasil edən  ölkələrlə  münasibətində  başlanğıc və mühüm bir mərhələ oldu. 1960-cı illərdə şirkət keçmiş SSRİ ilə əlaqələr yaratdı. Beləliklə, onun  əməkdaşlıq etdiyi ünvanlar şaxələndi. İllər sonra “Eni” Azərbaycana da gəldi. Onun BTC kimi qlobal  bir lahiyədə iştirak etməsi  ölkəmizin neft-qaz tarixinə   bir səhifə kimi yazılmış və Azərbaycan-İtaliya iqtisadi münasibətlərinin möhkəmlənməsində  əhəmiyyətli rol oynamışdır.

Dünyada hökm sürən koronavirus pandemiyası  bu  əməkdaşlıq münasibətlərinə mane ola bilmir.  Azərbaycanın birinci ticarət tərəfdaşı olan   İtaliya  ilə  ticarət dövriyyəsi   hər il milyardlarla dollara çatır. Bunun böyük hissəsi enerji resurslarına aiddir. Lakin gələcək illərdə qeyri-neft sektorunda da əməkdaşlıq və tərəfdaşlığın inkişafı üçün potensial, həmçinin məqsəd var. Odur ki, yaxın vaxtlarda Azərbaycanda İtaliyanın daha çox şirkəti fəaliyyətə başlayacaq. Prezident İlham Əliyev  bildirib ki, buraya ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, erməni vandallarının dağıtdığı şəhər və kəndlərimizin bərpasına dair böyük planlar da daxildir.   Həmin ərazilərdə dost ölkələrin şirkətləri də çalışacaq. Bu ölkələr sırasında İtaliyanın özünəməxsus yeri var. Artıq  “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Videokonfrans formatında imzalanan müqaviləyə əsasən, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz İtaliya şirkəti həyata keçirəcək.

İki ölkə arasında əməkdaşlığın daha da genişlənməsi üçün yeni perspektivlər açılır. 

Flora SADIQLI

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 147
  • 45
  • 4,129
  • 22,191
ILK-10 Azeri Website Directory