Şəhid Davudun anasına son sözləri: “Ana, müharibədə şəhid olsam, mənimlə fəxr edərsən”

Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Davud Hacıyev Vətən müharibəsi başlayanda cəbhəyə könüllü yollanaraq, düşmənə göz açmağa imkan verməyən igidlərimizdən biridir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Davud Hacıyev 1998-ci ildə Xaçmaz şəhərində anadan olub. Ürəyi Vətən eşqi ilə döyünən Davud təhsilini bitirdikdən sonra 2016-cı ildə hərbi xidmətə yollanıb. Xidmətini başa vursa da, Vətən müharibəsi başlayanda cəbhəyə yollanan ilk könüllülərdən olub.

“Mənim oğlum Vətən uğrunda qəhrəmanlıqla döyüşüb. Vətənə xidmət etmək arzusu idi. Müharibəyə könüllü getdi. Füzuli uğrunda döyüşlərdə şəhid oldu. Bütün şəhid analarına deyirəm ki, başlarını dik tutsunlar. Düşmənimizi heç vaxt sevindirməyək. Oğlumu sentyabrın 27-də Xaçmazdan yola saldıq. Oktyabrın 8-də axırıncı dəfə telefonla danışdıq. Deyirdi narahat olmayın, sağ-salamat qayıdacağam. Mənə söylədi ki, “ana, müharibədə şəhid olsam, mənimlə fəxr edərsən. Vətən sağ olsun, deyərsən”. Səs yazılarını hələ də saxlayıram. Mənim oğlum şərəfli ölümü seçib. Onunla qürur duyuram”, – deyə şəhidin anası Validə Hacıyeva söyləyib.

Qəhrəman döyüşçü oktyabrın 9-u Füzuli uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək ağır yaralanıb. Davud bir müddət komada qalıb və oktyabrın 17-si şəhidlik zirvəsinə ucalıb.

Şəhidin xalası Fəridə Qəribova deyib: “Davud haqqında keçmiş zamanda danışmaq çox çətindir. Davudun şəklini oğlum avtomobilinə həkk edib. Hər gün şəhidimizin şəkli ilə danışıram. Heç yadımızdan çıxmır. Vətənpərvər övlad idi. Anası ilə nəfəs alırdı. Anası onu çox böyük çətinliklərdə böyüdüb. Axırıncı dəfə görüntülü danışdıq. Demişdim, gələrsən, sənin üçün aş bişirəcəyəm. Qismət olmadı. Bizim qürurumuzdur Davud”.

Davud Hacıyevlər ailəsinin sevimli, həmdə tək övladı idi.

“Biz uşaqlıqdan bir yerdə böyümüşük. Mənə qardaşım qədər əzizdir. Yoxluğu bizi hər keçən gün daha çox incidir. Davudla fəxr edirəm”, – deyə Davudun xalası qızı Lamiyə Qəribova söyləyib.

Şəhidin dayısı Sahib Əzizov Davudun qisasının alındığını, onun şəhid olduğu torpaqların indi azad nəfəs aldığını bildirib: “Davud bacım oğlu olsa da, mənimlə həm də dost olub. Söhbətcil, gülərüz idi. Cəbhəyə könüllü yollanıb. Axırıncı dəfə oktyabrın 8-də danışmışıq. “Dayı hər şey əladır, bundan da yaxşı olacaq” söylədi. Bir gün sonra şəhidlik zirvəsinə ucaldı. Amma qisası düşməndən alındı. Torpaqlarımız azad olundu”.

Davud Hacıyev ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 59
  • 10
  • 18,890
  • 34,196
ILK-10 Azeri Website Directory