Faiq QİSMƏTOĞLU: GÖZƏ KÜL ÜFÜRMƏK OLMAZ

Bizim millət həmişə bayramlar gələndə bir şeyə can atır. Ki, heç olmasa, adi günlərdə də ala bilmədikləri mer-meyvə, digər ləziz yeməklər və şirniyyat məhsulları süfrədə olsun. Hətta ən kasıb adam belə Novruzda süfrəsini dolu görmək istəyir. Ən azından o süfrədə şəkərbura, paxlava, badambura, bununla yanaşı, qoz, fındıq, badam və digər çərəzlər stolun üstündə olsa, bu bayram süfrəsi arxasında əyləşənlərin hamısının sevincinə səbəb olar.

Belə bir məsəl var: “Toxun acdan xəbəri yoxdu”. Yəqin ki, bunu yaşadığımız həyatda çoxumuz görmüşük. Tox olanlar elə bilir ki, hamı toxdu, ac qalanlar da təsəvvür edir ki, hamı acdı. Adam var nəinki bayram süfrəsində, hətta adi günlərdə belə o süfrəyə yüz cür nemət düzür. Amma gəlin onunla razılaşaq ki, bu gün elə insan da var ki, bayram plovu bişirməyə gücü çatmır. Hətta onu bişirsə belə, Novruzu qarşılamaq üçün süfrəsinə lazım olan çərəzləri və mer-meyvələri qoymaqda min bir əzab-əziyyətlə üzləşir.

Ancaq biz istəməzdik ki, kiminsə süfrəsi bayram günlərində boş olsun və ürəyi istədiyi ləpələri, çərəzləri, mer-meyvələri və digər ət məhsullarını almaqda çətinlik çəksin. Qəribə də olsa deməliyik ki, Bakı şəhərində ucuzluq yaratmaq üçün “kənddən şəhərə” yarmarkaları fəaliyyətə başlayıb.  Göründüyü kimi, adı çox gözəldir. Yəni “kənddən şəhərə” devizi ilə həyata keçirilən bu yarmarkaya insanlar, xüsusən də kasıb adamlar daha böyük ümidlə baxırlar. Ümidlə baxırlar ki, onlar bazar-dükanda baha satılan məhsulları bu yarmarkadan ucuz qiymətə alacaqlar. Elə ona görə də bir çoxları Novruz bazarlığını həmin yarmarkalardan eləməyi düşünür.

Təbii ki, bu yarmarkanı Bakının 3-4 yerində  təşkil ediblər. Özü də təşkilatçı Kənd Təsərrüfatı Nazirliyidi. Bir fikri səsləndirək ki, həmin yarmarkaların görünüşü çox gözəldir və səliqə-səhmanı da öz yerində. Camaat da bu görünüşə və səliqə-səhmana güvənib həmin yarmarkalara üz tutublar. Belə yarmarkalardan biri də metronun “Gənclik” stansiyasının yanında təşkil olunub.

Özü də bu yarmarkalar bayram günlərindən öncə şənbə-bazar günləri fəaliyyət göstərir. Aydındır ki, şənbə-bazar günləri də Bakıda icrimai nəqliyyat işləmir. Bax onda insanların həmin yerə gəlib alış-veriş etməsi çox müşkül  məsələyə çevrilir. Yəni kimsə gəlib o yarmarkadan bir şey alsa, mütləq ya şəxsi avtomobillə, ya da taksi ilə təşrif buyurmalıdı. Bu isə ikinci bir problem yaradır. Yəni kasıb adamın pulu olsa, onu taksiyə yox, elə yaxınlıqdakı bazara gedib xərcləyər və ürəyi istədiyi məhsulları alar.

Bayram ərəfəsində “Gənclik”dəki yarmarkaya biz də baş çəkdik. Qiymətlər göz qamaşdırırdı. Xüsusən də qozun, fındığın, ləpənin və digər çərəzlərin qiyməti bazarlardan, konkret olaraq 8-ci Kilometr bazarından daha yüksək idi. Bu isə o deməkdir ki, yarmarkada heç də əhalinin kasıb təbəqəsi nəzərə alınmayıb. Yeganə kartofun qiyməti 45 qəpik idi. Onun da keyfiyyəti bir o qədər  yaxşı deyildi. Üstəlik də lövhədə yazılan qiymətlə satıcının satdığı məhsulun qiyməti arasında fərq vardı. Bu isə camaatın və alıcıların çox böyük narazılığına səbəb olurdu.

Yarmarkanı təşkil edənlər zəhmət çəkib Bakının öncədən bir çox bazarlarındakı qiymətlərlə maraqlanmalıydı. Yəni onlar çox yox, 8-ci Kilometr bazarında monitorinq aparsaydılar, görərdilər ki, yarmarkada satılan məhsullar həmin bazarla müqayisədə bahadı. Üstəlik də bu yarmarkada fəaliyyət göstərən bəzi satıcılar digər bazarlarda lövbər salanlardı. Yəni zəhmətkeş kəndli öz halal zəhmətini gətirib ucuz qiymətə sata bilmir. Yarmarkada olan bir adam nə qədər çeşiddə məhsul istehsal edə bilər? Bax, bunun özü təəccüb yaradır və adamı düşünməyə vadar eləyir.

Yaşı 60-ı haqlamış Məmməd Həsənovla söhbərtləşirik. O, bir-bir piştaxtanın üstündə olan məhsullara baxır və başını bulayır. Deyir ki, bu yarmarkanı təşkil edənlər bizim yox, özlərinin mənafeyini düşünürlər. Istədim mer-meyvə alım, bir az da çərəzlərdən götürüm. Ancaq baxıb gördüm  ki, bazarlarda bundan ucuzluqdu. Bilmirəm, bunlar bizimlə məzələnir, ya özləriylə. Axı yarmarka daha çox ucuz yer olmalıdı. Biz bura gəlirik kabab iyinə, görürük eşşək dağlayırlar. Belə  yarmarka bizə lazım deyil. Görünür, hansısa imkanlı adam bunu təşkil edib və pul qazanmaq istəyir.

Alış-veriş edən bir xanımla, Səmayə Məmmədova ilə də söhbət etdik. O da dedi ki, qardaş, vallah mən məəttəl qalmışam. Bunlar bilmir ki, bu gün hər yerdə bayram məhsulları satılır? Elə bizim evin yanında qoz, fındıq, ləpə bundan xeyli ucuzdur. Hələ mer-meyvəni demirəm. Mən də haya-küyə düşüb gəldim burdan bazarlıq eləyim. Amma səhv elədiyimi hiss etdim və indi peşmançılıqla bazara gedib ordan nə lazımdısa alacam. Onlar elə bilir ki, sadə adamlar heç nəyi başa düşmür. Guya ucuzluq yaratmaq istəyirlər, amma burda ucuzluqdan söhbət gedə bilməz. Bunlar sadəcə olaraq bizim gözümüzə kül üfürürlər. Ancaq bilmirlər ki, camaat çörəyi qulağının dibinə yemir. Biz yaxşı bilirik ki, kim kimdir.

Ümumiyyətlə, Bakı şəhərində əvvəllər də yarmarkalar təşkil edilirdi. Hardasa şəhərin 6-7 yerində belə  yarmarkalar fəaliyyət göstərirdi. Heç o yarmarkalardan da əhalinin çox hissəsi narazı idi. Çünki qiymətlər baha idi, məhsullar keyfiyyətsiz idi, üstəlik də onun xeyrini o yarmarkanı təşkil edənlər görürdü. Və indiki “kənddən şəhərə” yarmarkası da ona bənzəyir. Yəni bu yarmarkanı təşkil edən Kənd Təsərrüfatı Nazirliyi camaatın ürəyincə xəbər verə bilmir və insanları sevindirmir. Belə ki, yarmarkalar ayrı-ayrı məmurlara yox, sadə insanlara, maddi cəhətdən çətinlik çəkən adamalara xeyir gətirməlidir. Bizdə isə bu cür yarmarkalar təşkil etməklə ayrı-ayrı qurumlar öz mənafelərinə xidmət eləyir, camaatın gözünə kül üfürürlər. Və nəticədə insanlar yarmarkadan yox, gedib bayram alış-verişlərini bazarlardan eləyirlər. İndi sadə insanları aldatmaq o qədər də asan deyil və o insanlar deyilənlərə yox, gördüklərinə inanırlar…

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 152
  • 45
  • 4,134
  • 22,196
ILK-10 Azeri Website Directory