Peyvəndlənmə insanın ömrünü uzadır

Azərbaycan  koronavirusa qarşı vaksinasiya prosesində də ön sıralardadır

Bir ildən artıqdır ki, dünya qlobal problemlə üz-üzədir. Tibbə məlum olmayan, insan həyatı üçün təhlükə mənbəyi hesab edilən, nəinki epidemiya, hətta, pandemiyaya çevrilərək qitələri bürüyən koronavirusa qarşı mübarizə davam etməkdədir.

Təəssüf ki, ötən ilin son aylarında Avropanı bürüyən ikinci dalğa bu günlərdə ölkəmizdə də tüğyan etməkdədir. Son günlər yoluxmalardakı artan rəqəmə biganə yanaşmaq olmaz. İkirəqəmli yoluxma birdən-birə 1000 nəfərə  çatır. Demək, haradasa, insanlar məsələyə biganə yanaşır, arxayınçılıq göstərir, tətbiq edilən qayda-qanunlara əməl olunmur. Yəni kütləvilik olan yerlərdə ara məsafəsi saxlanmır, tibbi maskalardan istifadə edilmir, marşrut avtobuslarda sıxlığa fikir verilmir, ictimai nəzarət və qınaq olmur, gündəlik gigiyenik qaydalara məhəl qoyulmur və s.

 2019-cu ilin son ayından başlayaraq Çindən “ayaq tutub yeriyən” koronavirus qısa müddət ərzində dünya xalqlarını bir “çətir altına” aldı. Buna görə hər kəs öz doğmalarından belə kənar dayanmaqla yalnız özünü deyil, həm də bəşəriyyəti bu zalım xəstəliyin çənginə düşməməsinə çalışdı. Dünya Səhiyyə Təşkilatının, eləcə də ayrı-ayrı dövlətlərin səhiyyə sisteminin birgə mübarizəsi nəticəsində COVID-19-dan əsaslı şəkildə qorunmaq üçün vaksinlərin istehsalı və istehlakı xəbəri də yayıldı. Bu  şansı əldən buraxmayan inkişaf etmiş Avropa ölkələrinin bir çoxu, hətta özlərinə lazım olduğundan da artıq vaksin almağa səy göstərdilər.

Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümü günü yerli və xarici media mənsubları üçün videoformatda keçirdiyi mətbuat konfransında bu məsələni diqqətdən kənarda qoymadı: “…Pandemiyanın lap əvvəlindən biz vəziyyəti nəzarətdə saxlayırıq. Karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması üzrə görülmüş tədbirlər kifayət qədər səmərəli olub. Biz həm də Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkəyik… Bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alıblar. Misal üçün, Kanada. Mən bu barədə demişəm. Belə çıxır ki, kiməsə çatmayacaq. Amma bu, onlara maraqlı deyil. Onlar sözdə bərabərlik, insan haqları, demokratiya tərəfdarları kimi çıxış edir, praktikada isə milyonlarla insanın, yoxsul ölkələrdə yaşayan və buna imkanı olmayan insanların hüquqlarını tapdalayırlar. Hətta bu insanların imkanları olsa belə, sadəcə, onlar üçün əlçatan deyil. Sizə açıq deməliyəm, əgər biz bütün istehsalçılarla saziş bağlamasaydıq, – bunu etmişik, – bu gün biz də vaksinsiz qalardıq… Bəs, vəsaiti olmayanlar nə etsinlər? Bu adamlar ölməlidirlər? Deməli, varlılar özlərini peyvəndləyəcək, bütün istehsalı özlərinə götürəcək, necə deyərlər, elementar insan davranışı qaydalarına tam etinasızlıq göstərəcək, yoxsul ölkələr isə əziyyət çəkməli olacaqlar. Biz hansı bərabərlikdən danışırıq? Mən BMT Baş Assambleyasının xüsusi sessiyasında bu məsələni qaldırmışam və bu gün Qoşulmama Hərəkatı çərçivəsində bu məsələ barədə fəal diskussiya aparırıq. Bir çox ölkələr mənim təşəbbüsümü dəstəkləyiblər”.

“COVAX”ın təşəbbüsü üzrə “Pfizer” və “Moderna” peyvəndlərinin də ölkəmizə gətiriləcəyi əhalinin vaksinasiyaya olan tələbatının ödənilməsi deməkdir. Yaxşı ki, çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirdilər. Kliniki Tibbi Mərkəzin  modul tiplu Xəstəxanasının məsul əməkdaşı, həkim-infeksionist Maisə Heybətova söhbət zamanı xatırlatdı ki, ÜST-ün Baş direktoru Tedros Gebreyesus hər şeydən əvvəl müdafiəyə ən çox ehtiyacı olanlara – səhiyyə işçilərinə və yanaşı xəstəlikləri olan insanlara peyvənd təklif etməyə çağırmışdı: “Daha sonra, ÜST-ün hesab etdiyinə görə infeksiya riski yüksək olan əhali qruplarına qayğı göstərmək lazımdır. Eyni zamanda vaksinasiya prosesində əhali koronavirusa qarşı effektivliyi artıq sübut olunmuş qoruyucu tədbirlərə riayət etmək məcburiyyətindədir. Şübhəsiz ki, hər bir insan özü qərar qəbul edir. Lakin insanlar onu da bilməlidirlər ki, ÜST-də vaksinlərin təhlükəsizliyinə cavabdeh olan sistem yaradılıb. Hər hansı mümkün yan təsirlər diqqətlə araşdırılır. Vaksinlərin təhlükəsizliyi  peyvəndlənmədən könüllü keçmiş və ya keçən böyük sınaqların əsas amillərindən biridir”.

Həkimin bildirdiyinə görə, peyvəndlənmənin müsbət nəticələrinin özünü göstərməsinə gəlincə, bunun vaxt və zamana ehtiyacı var. Ona görə də vaksinlərin risklərindən daha çox onun faydalı olmasına diqqət yetirmək lazımdır. “CoronaVac” peyvəndinə gəldikdə isə bu vaksinin 4 milyon dozasının alınması barədə də müqavilə bağlanıb. Bəzən gündə 15-20 min nəfər vaksinlənir. Yəni, bu istiqamətdə bütün imkanlardan istifadə ediləcək. Bunun üçün müvafiq maliyyə vəsaitləri ayrılıb. Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, Azərbaycanın beynəlxalq səviyyədə, o cümlədən Qoşulmama Hərəkatının sədri olaraq təşəbbüsü ilə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyası keçirilib. 150-dən çox ölkə bu təşəbbüsü dəstəkləyib.

Bu ilin yanvar ayından etibarən ölkəmizdə Çinin istehsal etdiyi “CoronaVac” peyvəndi ilə vaksinasiya aparılır. Onu da qeyd edək ki, Azərbaycan eyni zamanda “COVAX” layihəsinə qoşulub. Bu layihə üzrə “AstraZeneca”, “Pfizer” və “Moderna” peyvəndlərini də alacaq. “AstraZeneca”nın göndərilməsi barədə Rusiya ilə müvafiq müqavilələr bağlanıb. Çünki Rusiya şirkətləri postsovet məkanında həmçinin “Sputnik” vaksininin distribüterləridir.

Unutmaq olmaz ki, dövlət öz vətəndaşlarının sağlamlığının qayğısına qaldığı halda, bəzən hələ də əhalinin laqeydliyinin şahidi oluruq. Nazirlər Kabineti yanında Operativ Qərargahın, həmçinin TƏBİB-in tövsiyə və qaydalarına əməl etməyi unudan məsuliyyətsiz insanların günahı üzündən son günlər yoluxmaların sayının artması heç də yaxşı hal deyil. Görünür, tətbiq olunan qayda-qanunların, eləcə də qadağaların yumşaldılması insanlarda məsuliyyət hissini yenidən azaldır. Bu isə koronavirusun daha geniş yayılması üçün münbit şərait deməkdir. Axı, biz bu məsələdə də mübarizənin ön sıralarında getməyi bacarmışıq. Nədir bizə məsafə saxlamağı unutduran? Maskalardan istifadə, adicə gigiyenik qaydalara əməl etmək gündəlik həyat tərzimizə daxil olub axı. Unutmayaq: “Biz birikdə güclüyük!”.

Məhəmməd NƏRİMANOĞLU

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 361
  • 130
  • 6,887
  • 21,220
ILK-10 Azeri Website Directory