Qaloş – Vüsal Bağırlı yazır

  Qaloş …

Bağrımı qan elədi sevgili yarın qaloşu,

Qəlbi viran elədi nazlı nigarın qaloşu.

Qaloşun geydi ki, əğyar ona meyl eyləməsin,

Yenə tufan elədi könlü qübarın qaloşu.

(Tofiq Həsənov)

Goranboy rayonunun Qurbanzadə (kəndin adında belə mistik çalar var) kəndində bir kişi yaşayır. Onun fotoşəkli vaxt aşırı müxtəlif saytların, xəbər lentlərinin diqqət mərkəzinə düşür, trendə çevrilir, maraq, ajiotaj yaradır. 

Bəs, o kişi nə edir? Nədir onun yaratdığı cəzibə qüvvəsi?

Sualın cavabı “qaloş”-dur.

Belə ki, şəfa tapmaq üçün onun yanına təşrif buyurmuş çox saylı insanlar, izdiham arasında dolaşan həmin o şəxs, əlində tutduğu qaloşu hansısa xəstəliklərdən, düçar olduğu ağır mərəzlərdən şəfa tapacağına ümid bəsləyən insanların üzünə, başına sürtür və əvəzində pul, qiymətli əşyalar alır. 

Sosial şəbəkələrdə, saytlarda bunu görənlər çox zaman öz iradlarını bildirir, ölkədə cahilliyin, xurafatın, savadsızlığın tüğyan etdiyini söyləyirlər. Mən isə burada qeyri-adi bir şey görmürəm. 

Bildiyiniz kimi, alimlər min bir əziyyətlə sivilizasiyanı irəli aparmağa cəhd edir, bioloqlar, geoloqlar, fiziklər müxtəlif mürəkkəb araşdırmalar aparır, insanlar yerin təkinə baş vurur, göyün üzünə qalxır, kosmosa uçurlar. Bu işlər müəyyən vaxt aparır, çətinliklər yaradır, ağır iş, gərgin zəhmət tələb edir.  İllər, əsrlər keçir, vaxt ötür,  bəşəri problemlər isə həllini tapmır, qalmaqda, böyüməkdə davam edir. 

Lakin siz bir görün Gədəbəyin Qurbanzadə kəndində nələr baş verir?

Adicə bir qaloş üzümüzə, gözümüzə sürtülməklə zaman-məkan daxilində məchul hərəkətlər baş verir, molekul, atom, DNK, qara dəlik, qara materiya sirləri faş olur, böyük nailiyyətlər qazanılır. Sağalmaz xəstəliklər sağalır, havalananlar, ağıllarını itirənlər ağıllanır, dünyanın çarxı tərsinə hərəkət edir. Bəyəm, bu pisdir ki?!

Nə qədər qəribə görünsə də, əslində, burada məni maraqlandıran məqam, kişi, onun qaribə ayini, əlinin sehri filan deyil,  tamam başqadır.

Mən indi “qaloşdan” bəhs etmək istəyirəm.

Beləliklə, “qaloş” barədə bir-iki kəlmə…

Qaloş daha çox kənd yerlərində kütləvi istifadə olunan, üstü qara, içi qırmızı məxməri ayaq geyimidir. Ucuzdur, sərfəlidir, buzda sürüşmür, su keçirmir, ayağı palçıqdan qoruyur, tez silinib-təmizlənir, dielektrikdir.

Qaloşu bağda, dağda, torpaq yolda, otluq-çayırlıqda, harda istəsən istifadə etmək mümkündür. Al-gey, sonra da papağını əyri qoy, gəz. Bu praktiki və olduqca əlverişli ayaq geyimi uşaqlıqda mənim üçün idman ayaqqabılarını əvəz edirdi. Kəndimizdəki bütün uşaqlar da bu qaloşu geyir və  biz rahatlıqla çəmənlikdə futbol oynayırdıq. 

Adətən yağışdan sonra kənd ərazisi qatı saqqız-horraya çevrilirdi. Yol-iz keçilməz palçıq qatıyla örtülürdü. Onda bu zaman, çıxış yolu nə idi?. Düz tapıdınız, əlbəttə ki, qaloş.

Buna görə də, sadə kənd insanlarının qaloşa sitayiş etmələri, onu üzlərinə, gözlərinə sürtüb yalvarmaları bizim üçün heç də qeyri-adi görünməməmli, gözü yumub, ağızı açacaq qədər heyrət doğurmamalıdır.

Ümumiyyətlə, indi qaloşların müasir, dəbə uyğunlaşdırılmış digər növləri də vardır. Müxtəlif tanınmış insanlar, hətta şou-biznes məşhurları, “Hollivud” ulduzları belə qaloşdan həvəslə istifadə edirlər.

Vüsal Bağırlı

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 372
  • 136
  • 6,898
  • 21,231
ILK-10 Azeri Website Directory