“Bütün aktyorlar teatr səhnəsini görməlidir”- MÜSAHİBƏ

“Teatrda ilk dəfə səhnəyə çıxanda, sözün həqiqi mənasında, ayağımın altından yer qaçdı. O, həyəcan deyildi, qorxu idi. Çünki səhnədən dünya kiçik görünür. Səhnə o qədər uca bir zirvədir ki, oradan dünya çox kiçik görünür. Hər adam o mərhələni keçə bilmir. Fikir verirsinizsə, barmaq qədər sayılacaq aktyorlarımız var. Teatr aktyorlarından gedir söhbət. Bu gün belə səhnəyə çıxanda həyəcanlanıram”. “Ədalət” qəzetinin qonağı Sumqayıt Dövlət Dram Teatrının aktyoru Şəmistan Süleymanlıdır.

-Zəhmət olmasa, özünüzü təqdim edin…

-1992-ci ildə Naxçıvanda anadan olmuşam. Ailəmdə məndən başqa sənət nümayəndəsi yoxdur. 2009-cu ildə Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşam. 2013-cu ildə Universiteti bitirib əsgərliyimi də başa vurduqdan sonra Sumqayıt Dövlət Dram Teatrının aktyor truppasında yer aldım. Hazırda həmin teatrın aktyoruyam. Müxtəlif seriallarda fərqli rolları oynamışam, hazırda “Yad Gəlin” serialında çəkilirəm.

-Aktyorluq peşəsi sizi niyə cəlb etdi?

-Əslində bu sual şablon sualdır. Bu sualı şablon sayıram. Bunun xüsusi bir mənası yoxdur. Fikrimcə, incəsənət insanı cəlb edir. Məni incəsənət cəlb elədi, tək aktyorluq yox. Musiqi cəlb elədi, rəssamlıq cəlb elədi, hətta heykəltəraşlıq cəlb elədi. Bunların da içində, mənə görə, onların şahı teatr sənəti idi ki, mən bu yolu seçdim. Peşman da deyiləm.

“Obrazın kimliyinə bürünürük”

-Deyirlər ki, aktyorluq çətin peşələrdən biridir. Axı insan hər dəfə yeni rolu, yeni obrazı, personajı canlandırmalı olur. Bu barədə nə düşünürsünüz?

-Mənim üçün həyatımın ən gözəl illəridir Universitetdə keçirdiyim illər. Bu gün tanınmış, peşəkar, populyar aktyor və aktrisalar var ki, o vaxt mənimlə eyni səhnəni bölüşüblər. Onları görüb çox şad oluram ki, belə insanlarla bir Universitetdə oxumuşuq. Aktyorluğu seçməyimə uşaqlıqdan baxdığım filmlərin, o filmlərdə müxtəlif rolları canlandıran aktyorların da təsiri olub. Hətta ədəbiyyat müəllimimin, orta məktəb müəllimlərimin də əməyi böyükdür. Düzünü desəm, teatrdan uzaq bir kənd məktəbində oxuyurdum. Lakin bunlarla yanaşı böyük bir həvəsim var idi. Teatra gedən yolda 17 yaşımdan addımlamağa başladım. Şükür ki, az-çox nələrsə etmişəm. Aktyorluq çətin peşələrdən biridir. Hətta deyərdim ki, ən gözəl, ən rəngli, ən maraqlı və ən çətin peşələrdən biridir. Təsəvvür edin ki, insan bir neçə dəfə ölə, bir neçə dəfə ağır xəstələnə bilir, insan bir neçə dəfə xəyanət edir, bir neçə dəfə xəyanətə uğrayır. İnsan gülünc vəziyyətə düşür və s. Bunların hamısı, təbii ki, səhnədə olur. Bunları bacardığı qədər tamaşaçıya satmalıdır. Odur ki, aktyorluq çətin peşədir.

-Yeni rolu canlandıranda özünüzü gələcək personajın yerinə qoyursunuzmu?

­-Obrazın kimliyinə bürünürük. Özümüzü onun yerinə qoyuruq, gələcəkdə yox, elə həmin an. Obrazla tanış olanda özümüzü onun yerinə qoyuruq və dünyaya onun kimi baxmağa çalışırıq. Ki, hansısa uğur əldə edə bilək. Gələcəkdə bir neçə müsbət obrazlar var ki, onları oynamaq istəyərəm.

-Şübhə etmirəm ki, teatrda səhnəyə çıxdığınız günü xatırlamayasınız. Yəqin, həmin an həyacan da keçirmisiniz…

-Teatrda ilk dəfə səhnəyə çıxanda, sözün həqiqi mənasında, ayağımın altından yer qaçdı. O, həyəcan deyildi, qorxu idi. Çünki səhnədən dünya kiçik görünür. Səhnə o qədər uca bir zirvədir ki, oradan dünya çox kiçik görünür. Hər adam o mərhələni keçə bilmir. Fikir verirsinizsə, barmaq qədər sayılacaq aktyorlarımız var. Teatr aktyorlarından gedir söhbət. Bu gün belə səhnəyə çıxanda həyəcanlanıram.

“Teatr aktyorların ikinci evidir”

-Teatr, yoxsa kino?

-Mənim üçün fərqi yoxdur. Əgər ikisi də sənətkarlıq baxımından yaxşı işdirsə, sənət səviyyəsində hazırlanıbsa, ikisi də ola bilər. Amma sıralama ilə deyirsinizsə, əvvəlcə teatr, sonra kino. Şəxsi düşüncəmdir ki, teatrdan keçməyən aktyor, teatr səhnəsini görməyən aktyor filmdə o qədər də uğur qazana bilməz. İstisnalar var təbii ki. Kimliyindən asılı olmayaraq bütün aktyorlar teatr səhnəsini görməlidir. O canlı səhnəni, o canlı sənəti, tamaşaçının gözlərinin parıltısını hiss etməlidir. Ondan sonra kinoda böyük uğurlar əldə edə bilər.

-Teatr üçün darıxmısınız?

-Çox darıxmışam. Teatr aktyorların ikinci evidir. Bu da şablon sözdür, bütün aktyorlar bunu işlədir. İnsan evi üçün əlbəttə darıxar. Aktyor da insandır və mən də evim üçün darıxıram. Tək Sumqayıt Dövlət Dram Teatrı üçün yox, tamaşalarına baxdığım teatrlar üçün də darıxmışam. Bir şey deyim, sirr deyil. Bəlkə də, bunu siz də hiss etmisiniz tamaşalara baxmağa gedəndə. Teatrların fərqli-fərqli qoxuları var. Çox mükəmməl qoxullar teatrlar. O qoxunu teatrlardan başqa yerdən ala bilməzsən. Ona görə də teatrlardan ötrü darıxırıq. Hansı sənət yoldaşımla söhbət edirəmsə, ilk cümləsi bu olur, teatr açılsaydı, necə gözəl olardı?! İnşaAllah dünyada pandemiya bitər və teatrlarımız açılar.

-Bir filmin uğuru nədən ibarətdir?

-İlk növbədə senaridən asılıdır. Senari gözəl olandan sonra iş də yaxşı olur. Təbii ki, məsələ senari ilə də bitmir. Amma birinci növbədə senari yaxşı olmalıdır. Senari yaxşı rejissorun əlinə düşməlidir. Yaxşı rejissor yaxşı aktyorlar yığmalıdır ətrafına. Yaxşı aktyorlar da (yəni rolu üstünə düşən) iş ortaya qoymalıdır. Bütün bu amillər toplananda film uğurlu olur.

“Səmimiyyəti sevirəm”

-Paxıl insansınız?

-Bu suala əslində cavab vermək istəmirdim. Paxıl insan deyiləm. Qısqanc insanam. Sənətimi də qısqanıram, ailəmi də qısqanıram, dostumu da qısqanıram. İfrat dərəcədə olmasa da, qısqanclıq var. Heç kimə paxıllıq çəkmirəm. Hər kəsin öz qisməti var və ondan artığı da verilmir.

-Bəs sizə paxıllıq edənlər var?

-Bilmirəm, sözün açığı hiss etməmişəm. Varsa da, bu, məni sevindirər. Demək, mən varam ki, paxıllığımı edirlər.

-Sizi nə qane etmir?

-Məni bu şəraitdə suallarınıza cavab vermək qane etmir. Kaş üzbəüz olardıq və daha səmimi söhbət edərdik. Mən səmimiyyəti sevirəm. Yəqin ki, danışığımdan da hiss edirsiniz ki, sadəyəm. Kaş üzbəüz oturardıq və mən suallarınıza cavab verərdim.

-Səmimiyyətiniz üçün təşəkkür edib, cavablarınıza görə sizə minnətdarlığımı bildirirəm.

-Siz sağ olun.

Rövşən Tahir

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 157
  • 45
  • 4,139
  • 22,201
ILK-10 Azeri Website Directory