Yaralansa da, yenidən döyüşə atılaraq Şuşada şəhidlik zirvəsinə yüksələn Elvin Dadaşov

Qırx dörd gün davam edən Vətən müharibəsində qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, bizim xalq böyük xalqdır. Bu yurdu qorumağa qadir olan ləyaqətli oğullarımız hər zaman var olub, bundan sonra da olacaq. Sıravi əsgərindən tutmuş generalınadək hər bir döyüşçü əlində silah Vətənimizin bütövlüyü uğrunda haqq savaşında tarix yazdı.

AZƏRTAC xəbər verir ki, Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıran oğullarımızdan biri də şəhid gizir Elvin İmanqulu oğlu Dadaşovdur.

1993-cü ildə Neftçalanın Qoltuq qəsəbəsində dünyaya göz açan Elvinin uşaqlıqdan arzusu hərbçi olmaq idi. Elə həmişə də bu arzusuna çatmaq üçün can atardı. Məktəb illərində idman və hərbi hazırlıq dərslərinə xüsusi maraq göstərirdi. Dostlarına deyərdi ki, “bir tək arzum var, o da Qarabağı azad görməkdir”. Elə bu arzusu Elvini başqa peşəni seçməyə imkan vermədi. O, arzusunu gerçəkləşdirmək üçün hərb sənətini seçdi.

Şəhidin anası Sevinc Dadaşova Elvinin döyüş yolundan danışarkən deyir: “Oğlum Füzuli və Qubadlı istiqamətlərində döyüşüb. Neçə-neçə yaralı əsgərimizi döyüş meydanından çıxarıb. Arzuladığı Şuşada şəhidlik zirvəsinə yüksəlib. Onun yoxluğu ilə barışmaq çətin olsa da, bir təsəlli yerim var: Elvin Vətən uğrunda əlçatmaz zirvəyə yüksəldi”.

Vətən müharibəsi başlayan gündən igidliklə vuruşan Elvin tankçı kimi düşmənin bir neçə texnikasını, canlı qüvvəsini məhv edib. Şiddətli döyüşlər zamanı yaralı silahdaşlarını mərmi atəşi altından çıxararaq təxliyə edib. Yorulmaq bilmədən döyüşən gizir özü də bir neçə dəfə yaralanıb. O, hərbi hospitalda müalicə aldıqdan sonra yenidən müharibənin od-alovu içərisinə atılıb. Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə böyük şücaət göstərib. Döyüşlərin birində idarə etdiyi BMP vurulub və o, qəhrəmancasına şəhid olub.

“Xəstəxanadan çıxandan sonra gəldi uşağını gördü, yenə qayıtdı. İdarə etdiyi döyüş maşını vuruldu, yaralanmışdı. Axırıncı döyüş yolu Şuşa-Xocavənd istiqamətində oldu. Düzdür, başımızı uca elədi, ancaq valideyn üçün ağırdır. Vətən yolunda şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, – deyə atası İmanqulu Dadaşov bildirir.

Gizir Elvin Dadaşov 11 ay idi ki, ailə həyatı qurmuşdu. Həyat yoldaşı Türkan xanıma həmişə deyərmiş ki, övladlarını qorxmaz, vətənpərvər böyüdəcək. Döyüşlərin ən qızğın vaxtı, oktyabr ayında Elvinin övladı dünyaya gəlir. Şəhid olacağını bilirmiş kimi, yaralı olanda evə gələrək, övladını görüb, onunla vidalaşıb və yenidən döyüşə qayıdıb.

Şəhidin həyat yoldaşı Türkan Dadaşova Elvinin gözəl insan, fədakar ata, səmimi həyat yoldaşı olduğunu söyləyir. Elvinin yoxluğu ilə barışmaq onun üçün də çox çətindir. Türkan xanım həyat yoldaşının arzusunu reallaşdıracağını, övladlarını məhz Elvinin dediyi kimi, qorxmaz, vətənpərvər böyüdəcəyini deyir.

Elvin Dadaşov ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 190
  • 28
  • 3,353
  • 65,093
ILK-10 Azeri Website Directory