Ərəblərin Azərbaycanda qeyri-adi sərgüzəştləri – Vüsal Bağırlı yazır

  Ərəblərin Azərbaycanda qeyri-adi sərgüzəştləri

Baş rolda Andrey Mironovun çəkildiyi məşhur bir sovet kinokomediyası var. Film “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri” adlanır. Baxmaq istəyənlər, filmi internetdə axtarıb taba bilərlər. Amma, mən mövzunun coğrafiyasını ölkəmizə transfer etmək istəyirəm.

Ərəblərin Azərbaycandakı ağlasığmaz macəralarından və sərgüzəştlərindən bəhs edən babat əsər yazmaq, yaxud da normal bir  film çəkmək mümkündür.

Pandemiya, koronavirus, məhdudiyyətlər başlayandan bəri, xeyli müddət idi ki, turist-ərəblər gözə dəymirdilər. Ta bu ov, göyərçin, şahın, cərimə söhbəti ortaya çıxana qədər. Ümumiyyətlə, bir sıra ölkələrdə ərəblərə münasibət olduqca təzadlıdır, fəqlidir.

Məsələn, Norveç dövləti Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı turnirini boykot etməyi təklif edir. Səbəb olaraq, Qətərdə stadionların tikintisi zamanı insan hüquqlarının kobud pozuntusu və çoxsaylı insan ölümləri misal göstərilir. Ruslar çukçaları, özbəkləri, kalmıkları öz lətifələrində necə əfəl, avam formada təqdim edirlərsə, anadolu türkləri də “anladımsa arap olayım” məsəli ilə ərəblərə eyni münasibəti bəsləyirlər. 

Öz-özümə fikirləşirəm, “dirisiylə rusca, ölüsüylə ərəbcə danışan xalqım”ın ərəb görəndə xoşlanmamağının, ağız büzməyinin səbəbi nədir görəsən?  Əcəba, avropalı da eyni qaydada özünü dartıb  təkəbbür nərdivanına çıxaraq bizə üstdən aşağı baxmırmı?  Biz də onların gözündə həmin o “ərəb turisti” deyilikmi?

“Google”də “ərəblər Azərbaycanda…” yazıb axtarış verdim. Cürbəcürə, al-əlvan, rəngarəng məlumatlar, ağlasığmaz faktlar, informasiyalar çıxdı ortaya. İlk əvvəl birinci məlumatın üzərində dayanaq: “Ərəblərin Azərbaycanda kef məclisləri”.   Məlumatı türklər demiş, “tıklayıb” oxuyuram. Məqaləyə əlavə edilmiş fotoşəkildə, bir dəstə çalmalı, uzunətək ərəb gənc, əsl bədəvi həyat tərzinə uyğun olaraq, hansısa rayona məxsus düzənlik ərazidə kef-bardaş süfrəsi qurub və ovladıqları çöl quşlarını elə istirahət etdikləri yerdəcə basmarlayıb yeyirlər. 

Keçək ikinci və üçüncü xəbərlərə: “Ərəblər Azərbaycanda qoyun ətini bahalaşdırdılar”, “Ərəblər Azərbaycanda qoyun-quzu qoymadılar”.   Yəni, “yeməmisən qaz ətini, nə biləsən ləzzətini” deyimiylə eyş-işrət məclislərində, restoranlarda kabablayıb, şişə çəkdikləri  tərəkəmə qoyununu eləcə sürüylə də alıb, daşıyıb başqa yerlərə aparırmışlar. Və bu da bizdə ət qıtlığına səbəb olurmuş. Qiymətlər kəllə-çarxa qalxır, kasıbın evi yıxılır və sair. Ərəbinsə nə vecinə, pul-para onsuz da xirtdəkdəndi.

Digər məlumatlar da maraqlıdır. “Gənc qızların şeyx arzusu”, “Ərəblərin qadınlarımıza əxlaqsız təklifi”,  “Ərəb öz təbii ehtiyacını küçənin ortasındaca ödədi”, “Ərəb turist əxlaqsız qadının ağuşunda keçindi”. Gördüyünüz kimi ərəblərin adı heç bir mədəni tədbirdə, kino, teatr, balet, kitab, rəsm, muzey sərgisi kimi xeyirli-uğurlu, intellektual məzmunlu, əhval yüksəldən, pozitiv enerji verən xəbərlərlə yanaşı çəkilmir.

Məlumatları oxuyub bir anlıq düşüncəyə daldım. Əslində, düzünə qalsa, ərəblərlə bizim ümumi, oxşar cəhətlərimiz çoxdur axı!? Din birliyimizi bir kənara qoysaq, məlum olar ki, onlar da dəbdəbəli həyatı sevir, biz də. Onların da tükənməz neft, karbohidrogen ehtiyatları var, bizim də. Onlar da şöhrətpərəstdir, biz də. Onlar da kitab-dəftərdən, mütaliədən gen gəzir, biz də. Onlar da oxuyub yazmaqdan, elmdən qaçaqdır,  elə biz də.  Bir tərəfdən, oxumağın, təhsilin yaxşı olduğunu guya anlayırıq, alqışlayırıq, digər tərəfdən də pulumuzu kitaba, elmə, kitaba xərcləməyə heyfsilənirik.  Ərəblər kimi, elə bizim də həyata verdiyimiz qiymət, “həyat qısadır, oxuyum, öyrənim”dən deyil, “dünya beş günlükdür, ye-iç, kef elə”dən keçir. Bir az dərindən fikirləşəndə, ərəb görərkən, güzgüdə özümüzü görmürükmü? Biz də həmin ərəb ölkələrinə istirahətə getsək, oradakı çimərlikləri – qarpız qapığı, plastik butulkalarla, küçə və prospektləri – zibil, siqaret kötüyü, tum qabığı ilə doldurmarıqmı? Məsələnin nisbi fəqliliyi odur ki, ərəblərin pulu-parası, malı-dövləti daha çoxdur və əslində bizi qıcıqlandıran da, əsəbiləşdirib cin atına mindirən də elə budur. 

 Vəstamam-şütsalam.

Vüsal Bağırlı

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 71
  • 11
  • 18,902
  • 34,208
ILK-10 Azeri Website Directory