“Xoş gördük, ala sağsağan” -Firidun Ağazadə yazır

Məmməd Arazın hər şeirindən bir esse yazmaq olar. 1980-ci ildə şair Pitsundada istirahət edərkən (şair istirahət etmir, özəl bir məkan axtarır ki, düşüncələri ilə baş-başa qalsın) bir şeir yazmış: “Xoş gördük, ala sağsağan”. Şəhər uşaqları, xüsusən, digital əsrin şəhər uşaqları qarğa, sağsağan tanımaz, ayırmazlar da onları. Ayfonlardan gözünü ayırıb göyə baxmağa macal tapmır bunlar… Amma biz bilərik, nə yuvanın quşudu bu qarğalar, sağsağanlar.

Bir az zooloji-elmi informasiya verim. Sağsağana (Latınca Pica pica) el dilində “qəcələ”, “zığ-zığ quşu” da deyirlər. Qarğalar fəsiləsindən olan quşdur. Cütlərlə yaşayırlar. Sağsağanın qida rasionu zəngindir, hər şey yeyən quşdur… Pardon, amma “hərşeyşünas” deyil… Sağsağan bioloji növ kimi də zərərli quş deyil.

Zəruri izah: Bu yazıda qarğa ilə işimiz yox, amma söhbətimizə dəxli var deyə bir mənbənin onunla bağlı dediyinə baxaq: “Qarğalar insanların varlığına və həyat tərzinə həddindən artıq uyğunlaşan quş tipidir. Güclü yaddaşı var, problem həll etmə qabiliyyətinə malikdir. Belə ki, qarğalar qozu maşınların keçdiyi yola atır və təkərin üstündən keçərək qırdığı qozun içini yeyirlər. Bir qarğa cinsi olan sağsağan özünü güzgüdə taniya bilən tək quş cinsidir. Bədən ölçülərinə nisbətən iri beyni var. Bu nisbət insan və insan beyni nisbətindən bir az aşağıdır (!). Dünyanın ən ağıllı və zəkalı heyvanlarını sıralayıb “Ağıllı 10-luq” yaradıblar. Qarğa da bu 10-luqdadır”.

Haşiyə. İyirmi beş il qabaq bir dəstə jurnalist İrana səfər etmişdik. İlk dayanacağımız Ərdəbil idi. Küçədə yanvar çovğunu vardı, buna görə Ərdəbili yaxşı seyr edə bilməsək də, “Sabalan” (niyə Sabalan?) otelində xoş bir ovqatla rahatlandıq. Yolumuz Tehrana idi, səhər tezdən çıxacaqdıq. O illərdə bu taydan gələnlərə Ərədibldə dayanacaq etməyə az imkan verirdilər… Axşamüstü otelin pəncərəsindən ətraf damlarda qarğalar gördüm. Otaq yoldaşım Mirheydər Abbasova zarafatla dedim: “Qarğa olsa da adi qarğa deyil, Ərdəbil qarğasıdı. Bax, yadında saxla. Deyirlər, qarğalar 300-400 il yaşayır. Qulaq ver, bəlkə keçən əsrlərdən nəsə deyirlər. Şah İsmayıldan, sufilərdən, qızılbaşlardan… Ərdəbillə bağlı hər şey bizim üçün müqəddəsdir”.

Məmməd Arazın “Xoş gördük, ala sağsağan” şeiri məni folklora aparıb çıxartdı. Folklorumuzda sağsağanla bağlı inanc və sınamalar var. Eldə, obada ona “xeyir xəbər” quşu, “xoş xəbərlər müjdəçisi” kimi yanaşıb, nəğmə qoşublar. “Eyvana, həyətdəki ağaca, dirəyə və ya dam üstünə qonub qarıldayan sağsağana belə deyirlər:

Sağsağan, a sağsağan,

Xeyir xəbər olasan.

Oğlunun da oğlu olub,

Qızının da oğlu olub.

Düşməninin kor qızı olub.

Yerini dəyiş, görüm, kim gəlir?

Görüm, nə xəbərlə gəlmisən?

Sağsağan yerini dəyişib, ardıcıl qarıldayırsa, dimdiyini tez-tez yerə vurub qaldırırsa, deməli, kimsə, çoxdan həsrəti çəkilən şəxs, gözlənilən xəbər gerçəkləşəcək”.

Bəşir Əhmədovun etimoloji lüğətindən: “Sağsağan” sözünün bir forması da mənbələrdə “sağızyeyən” kimi yazılıb (sağsağana “çəyirtkəşquşu” da deyiblər). Deməli, quşun adı saqqızla bağlıdır, “saqqız yeyən” deməkdir. Saqqız isə xüsusi ağacdan sızan qətrandır”.

Bir qeydimi də deyim, sonra keçək sağsağanın poetik obrazına. Bir mənbə də deyir ki, “qarğa” (Latınca Corvus) türk sözü olub “qara quş” deməkdir – bu da türklüyə xidmətimiz olsun… Anadoluya gedə bilməsək də, barı burda “mutlu” olaq.

İlk baxışda təəccüblüdür: sağsağan şairə niyə mövzu olmuş? Məmməd Araz Azərbaycan təbiətinin böyük aşiqidir, onun poeziyası Azərbaycan torpağının, Azərbaycan mənəviyyatının, tarixinin canlı bir əzasıdır. Amma bu şeirdə şairin iti müşahidəsinin obyektivində təkcə sağsağan deyil, sağsağan xasiyyətidir, sağsağanlıqdır, sağsağan bicliyi, hiyləgərliyidir… Həm də zaman-zaman yaşayan inancımızdır. “Xoş gördük, ala sağsağan”, yəni, mən səni tanıram, köhnə tanış, dağda, aranda səni çox görmüşük, köhnənin bicisən, özünü bicliyə vurma, avazın yaxşı gəlir “yağlı bağırsaq” olanda. Şeirdə, xalq inancında özünə möhkəm yer eləmiş bu quşun obrazı insan mənəviyyatı, insan davranışı ilə qiyas edilir. Həmişə olduğu kimi, bu şeirdə də Məmməd Araz dilin səthində söz gəzmir, ana dilimizin təkinə enir, dil ağacımızın “dal budaqlar”ında hər adamın əli çatmayan meyvələri dərir. Şeirdə Məmməd Araz poeziyası üçün xarakterik olan leksika aydın görünür. Şair özünəməxsus dillə, necə dadlı söz və ifadələrlə bu qədim inancı, bu “xeyirxəbər” quşun davranışını rəsm etmiş: dal budaq, qur-qur, gölməçə, marağınan, marığına, gizdilinpaç, kətanköynək, qozlarınan, yağlı bağırsaq, qurut, dağarcıq, ətcəbala, zəy dili, qoca hiyləgər, ala sağsağan. Şeiri bütöv təqdim edirəm, zövq alın.

Səsin gəlcək susdu meşə,

Bülbül köçdü dal budağa.

Qur-qurunu gölməçədə

Tezcə uddu göy qurbağa.

Tülkü baxırdı tələdə

Yağlı ətə marağınan,

Çaşdı – aşdı öz xoşuna

Ov itinin marığına.

Bəd xəbəri yayan kimi

Çəkilərsən bazarına.

Gizdilinpaç oynayarsan

Kətanköynək qozlarınan.

Qarğa gördün – qarıldarsan,

Qırğı gördün – qırıldarsan,

Sərçə gördün – nərildərsən;

Xoş gördük, ala sağsağan!

Deyirlər xoş xəbərlisən,

Yağlı bağırsaq olanda.

Eyvanlarda qurut dolu

Köhnə dağarcıq olanda.

İndi yoxdu qurut qoyan,

Sürü dağda, biz aranda.

Xəbərdən olmaz xəbərin

Ayılar palıd qıranda.

Yerin uca budaq ucu,

Çərəzin ətcəbalalar,

Qaranquşlar səndən qaçıb

Damda, tavanda balalar…

Zəy dilini nahaqca gəl

Batırma bala, sağsağan!

Xoş gördük, qoca hiyləgər,

Xoş gördük, ala sağsağan!..

Uşaq yaddaşımızda bir “Səlli əla sağsağan, isti fətir, göy soğan” deyimi də var. Əbdürrəhim bəy Haqverdiyevin “Sağsağan” pyesindəndi. Belə məlum olur ki, sağsağan obrazını ədəbiyyatımıza ilk dəfə Əbdürrəhim bəy Haqverdiyev gətirib. İnanca görə, sağsağan xeyir xəbər gətirəndir. Pyesdə səfərə getmiş atanın yeniyetmə oğlu Qədim deyir: “Qapıda sağsağan qarıldayırdı. Nənəm dedi, yəqin, dədən gəlir. Çıx dеginən: “Sağsağan, a sağsağan, xeyir xəbər olasan. Oğlunun da oğlu olub, qızının da oğlu olub…”. Mən də  çıxdım, dedim. Sağsağanın quyruğu bizim evə tərəf idi, başı Muradgilin çəpərinə tərəf. İndi nənəm deyir ki, yəqin, sağsağan atanın ölüm xəbərini gətirib. Atan sağ olsaydı, sağsağan başını bizim evə tərəf tutub qarıldardı”. Və bundan sonra uşaqlar Qədimi ələ salıb yuxarıdakı sözləri oxuyurlar: “Səlli əla sağsağan, isti fətir, göy soğan”.

İlyas Əfəndiyevin “Təmizkar sağsağan” hekayəsi var. “Yazıçı bu quşun qeyri-adi təmizkarlığını təsvir etməklə, uşaqları da səliqəli olmağa, yaxşı vərdişlərdən nümunə götürməyə səsləyir”.

p.s. Başqa bir mənbə sağsağan haqqında bunları yazmış: İsveçdə sağsağan quşu cadu ilə əlaqələndirilir, ingilis adalarında sağsağan bəduğur kimi yozulur. Şotlandiyada bir sağsağan evin pəncərəsinə qonubsa, bu, ölümü bildirir. Alman folklorunda sağsağanlar həm də oğru hesab edilir. Çin inancında isə bu quşlar yaxşı bəxt və uğur göstəricisidir. Rus dilində sağsağana “soroka – vorovka” deyirlər, yəni, “sağsağan-oğru”, belə ki, bu quş qızıl, parildayan şeylər oğurlayır . “Soroka” (tələffüzdə “saroka) sözü rus dilində qadın cinsindədir. Maraqlıdır ki, deyilənə görə, ərəb dilində qadın cinsində “oğru”ya “sarıqa” deyilir – سرقة- sarıqa. Fikir verin: saroka=sarıqa.

p.p.s. Deyirəm, bir xeyirxəbər sağsağan ola, özləm yaxan könlümüzə bir xoş xəbər verə, gözlədiyimiz sükutu qıra, bir zəng eləyə… Siz nə deyirsiz?

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 75
  • 11
  • 18,906
  • 34,212
ILK-10 Azeri Website Directory