Gəncədən gələn… – Əks-səda

Gəncədən gələn... - <b style="color:red">Əks-səda</b>

II Qarabağ Müharibəsi zamanı baş vermiş Gəncə hadisələrinə dair

Gəncə həm qədim, həm də müasir Azərbaycanın strateji baxımdan mühüm şəhərlərindən biridir. Nə qədər Sankt-Peterburq şəhəri Rusiya Federasiyası üçün və ya İstanbul şəhəri Türkiyə Cümhuriyyəti üçün böyük əhəmiyyət kəsb edirsə, bir o qədər də Gəncə şəhəri Azərbaycan üçün böyük dəyərə malikdir. Təsadüfi deyil ki, Gəncə dedikdə hər bir azərbaycanlının gözləri qarşısında qədim və zəngin tarixi olan gözəl və böyük bir şəhər canlanır.

Buna rəğmən, tarixən Gəncə şəhəri bir çox ictimai-siyasi və hərbi hadisələrin episentrində yerləşərək, həm özü, həm də əhalisi güclü sınaqlara məruz qalmışdır. Müasir tariximizin son mühüm hadisəsi – II Qarabağ Müharibəsi zamanı Gəncə və gəncəlilərin yaşadıqları faciələr bunun bariz nümunəsidir.
2020-ci  il oktyabr ayının 4-də Gəncə şəhərinə erməni ordusu tərəfindən ilk raket zərbələri endirilir və bu terror aktı dəfələrlə təkrarlanaraq, XXI əsrin başlanğıcında dinc əhaliyə və ümumiyyətlə insanlığa qarşı törədilmiş ən qorxunc hadisələrindən biri kimi tarixə yazılır.

Bununla da, erməni separtçıları əsl erməni vəhşiliyi və vandallığı nə olduğunu bir daha dünyaya nümayiş etdirdi. 
Uzun illərdən bəri ermənilər bizi Gəncəni məhv edəcəkləri, bununla da Azərbaycanın qədim tarixinə ziyan vuracaqları ilə təhdid edirdi. 2020-ci ildə II Qarabağ Müharibəsi zamanı fürsətdən istifadə edib, öz məkrli məqsədlərinə çatmaq üçün Gəncə şəhərini raket atəşinə tutmaqla, şəhərin infrastrukturuna, ticarət obyektlərinə, yaşayış məntəqələrinə çox ciddi ziyan vurmuş, məqsədlərinə qismən də olsa çatmış oldular. Bu terror aktları nəticəsində şəhid olmuş mülkü şəxslər, çoxsaylı yaralılar, ən ağrılı isə şəhid olan körpə məktəblilər xalqımızın heç zaman unudulmayacaq qaydasız savaş kimi qiymətləndirilən və beynəlxalq hüquq normalarının pozulduğu cinayətin qurbanları kimi anılacaqdır. Məsum, heç bir günahı olmayan mələküzlü Nilay hər iki valideyndən məhrum oldu. Bir körpənin ata-anasız böyüməsi hər bir dövrün ən ağrılı, acılı həyat hekayəsidir.
Biz, Azərbaycan xalqı ermənilərin törətdiyi soyqırımları unutmamalıyıq. Bəli, Gəncə hadisələri də soyqırımdan heç də geri qalmır. Hadisələrin canlı şahidi kimi, bunu əminliklə deyə bilərəm.

Artıq 44 günlük II Qarabağ müharibəsindən 5 ay keçir və nəticədə 30 il işğal altında qalan torpaqlarımız azad olunaraq, Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa edə bildi, dövlətin suverenlik dayaqlarını möhkəmləndirdi. Başda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı İlham Əliyev olmaqla, Azərbaycan ordusu, Azərbaycan əsgəri zəfər qazandı. əbəs yerə deyilməyib ki, “Torpaq, uğrunda ölən varsa¸ Vətəndir!”.

30 il ərzində itirdiklərimizi geri qaytarıb, qazanmaq, elə də asan olmadı: minlərlə igid oğullarımız həlak olaraq, şəhidlik zirvəsinə ucaldı.
2020-ci ildə COVID-19 pandemiyası bütün dünyanı cənginə aldığı kimi Azərbaycandan da yan keçmədi. Bir tərəfdən müharibə, digər tərəfdən virus pandemiyası təhsilimizə də kifayət qədər ziyan vurdu. 
Bu gün bir çox təhsil müəssisələrində olduğu kimi Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Pedaqoji Kollecində də onlayn dərslərdən ibarət distant təhsil davam edir. 
Mənim daimi yaşayış yerim Gəncə şəhəri olduğuna görə, qərara gəldim ki, burada yaşayan tələbələrlə görüş keçirim. Məqsədim isə raket zərbələri nəticəsində Gəncədəki dağıntıları kollecimizin tələbələri və müəllimləri bir daha və əyani şəkildə yaxından görə bilməsidir. Əlbəttə, ölkədə, bütün kütləvi informasiya vasitələri, o cümlədən televiziya kanalları ölkəmizdə baş verən hadisələr haqqında hər birimizin dolğun məlumatlandırılması və maariflənməsi üçün kifayət qədər informasiya yayımlasa da, düşünürəm ki, gələcəyin müəllimləri belə hadisələr barədə daha çox məlumat əldə etməli, həmin hadisələrin nəticələri ilə yaxından, bilavasitə tanış olmalıdırlar.

Biz Pedaqoji Kollecin 2010sbrq qrupunun tələbələri ilə Gəncədəki Qələbə parkı adlanan ərazidə olduq. Burada yerləşən kiçik  şəhərcik  11 oktyabr 2020-ci ildə tam dağıdılmış, günahsız insanlar evində ikən belə şəhid olmuşdur. 
Azərbaycanda qadınlar arasında ən çox sevilən-seçilən peşə şübhəsiz ki, muəllimlikdir. Qadın-müəllim eyni zamanda gözəl ana deməkdir ki, bu da onun həm öz övladlarına, həm də şagird və tələbələrinə aşıladığı Vətən, torpaq sevgisinin ülvilik və təmənnasızlıq mücəssəməsi olduğundan irəli gəlir. Bugünkü nailiyyətlərimiz, Vətənə olan xoş münasibətimiz məhz analar və müəllimlər sayəsindədir. Deməli, 30 il ərzində həm analarımız, həm də müəllimlərimiz bizə həqiqətən düzgün istiqamət verməyi bacarmışlar.

Gəncədə baş vermiş son hadisələr bir daha dünyaya göstərdi ki, biz qədim bir xalq kimi hər bir bəlaya sinə gələ bilərik. Və nə qədər paradoksal olsa da, ermənilər tərəfindən Xocalı, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdə törədilən vəhşiliklərlə bərabər, Gəncəyə atılmış raketlər də bizi bir daha səfərbər edərək, II Qarabağ Müharibəsində qalib gəlməyimizin bir növ zəmanətçisi oldu.

SƏADƏT Əliyeva

Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində 
Azərbaycan Pedaqoji Kolleci
İngilis dili müəllimi

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 151
  • 45
  • 4,133
  • 22,195
ILK-10 Azeri Website Directory