Vətən müharibəsindəki Qələbə ilə soyqırımı qurbanlarının da qisası alındı

Tariximizə şanlı qəhrəmanlıq salnamələri ilə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Mart soyqırımları amansızlığına və miqyasına görə təkcə Azərbaycan deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.

Bakıda erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəşi martın 30-da açdılar. Səhəri gün tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan məhəllələrə hücum etdilər. Stepan Şaumyanın xahişi və Leninin xüsusi göstərişi ilə göndərilən iki təyyarə havadan, hərbi gəmilər isə dənizdən azərbaycanlıların yaşadığı məhəllələri bombalamağa başladılar. Yaxşı silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə soxulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, körpələri süngülərin ucuna keçirirdilər.

Hər cür vəhşiliyə əl atan bolşevik-erməni cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetirirdilər. Şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının meyiti tapılmışdı. Çoxlu gənc qadını diri-diri divara mıxlamışdılar. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün şəhərin müəyyən yerlərində əvvəlcədən pulemyotlar qoyulmuşdu.

Martın 31-də ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırmaqla yanaşı, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri də dağıtdılar.

Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə də xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.

Təkcə Bakıda bir həftə ərzində əksəriyyətini dinc sakinlər və əsas etibarilə müsəlmanlar təşkil edən 12 mindən çox insan vəhşicəsinə qətlə yetirildi. Bolşevik-daşnak dəstələri hətta azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə icazə vermirdilər. Onlar cəsədləri yanan binalara atır, quyulara, dənizə tökürdülər. Bakıda Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tam hakimiyyətinin bərqərar olması qurbanların dəqiq sayının hesablanmasına imkan vermədi. Lakin İranın Bakıdakı konsulu Məhəmməd Səid-ol Vesarə Marağeyinin yazdığına görə, təkcə onun yaratdığı xüsusi komissiya tərəfindən paytaxtın küçə və həyətlərindən 5000-dən çox müsəlmanın meyiti toplanmış və dəfn olunmuşdu.

Menşeviklərin “Naş qolos” qəzeti həmin günləri belə təsvir edirdi: “Hər tərəf meyitlərlə doludur – yanıb kül olmuş, doğranmış, eybəcər hala salınmış meyitlər…”

Həmin dəhşətli günlərin şahidi olmuş alman A.Y.Kluqe qeyd edirdi ki, ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.

M.Ə.Rəsulzadə A.Y.Kluqeyə istinadla yazırdı: “Kluqenin, digər əcnəbilərin o günlərin xatirəsi olmaq üzrə almış olduqları və bu gün əllərdə mövcud olan fotolar çox faciəli mənzərələri əks etdirir. Bir yığın qızlı-erkəkli cocuq ölüləri üzərində qocaman çoban köpəkləri bu məsum yavruları gəmirir… Çılpaq bir qadın yerə sərilmiş, ölmüş… bu ölü vücudun qurumuş məməsini canlı bir yavru əmməkdədir…”

1918-ci ilin mart-aprel aylarında Şamaxıda öldürülənlərin sayına gəlincə, bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində isə 8-12 min, hətta 40 min olduğu göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb.

Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyası mart soyqırımını – ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri və İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu. Bununla da azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərildi. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu.

1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı  “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Fərmanla soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplandı, Quba şəhərində kütləvi məzarlıq aşkarlandı. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş, faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımları 74 il sonra yenidən təkrarlandı. 1992-ci ilin fevralında Qaradağlıda, Xocalıda  ermənilərin zaman-zaman törətdikləri qanlı qırğınların davamı olan dəhşətli soyqırımları baş verdi.  Erməni faşistlərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq ərazimizin 20 faizi işğal edildi, minlərlə vətəndaşımız şəhid oldu, bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salındı.

Ötən il sentyabrın 27-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən müharibəsi ölkəmizin qələbəsi ilə başa çatdı və Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etdi. 30 ilə yaxın erməni işğalçılarının tapdağı altında qalan Qarabağımız Müzəffər Ordumuzun vətənpərvər, igid oğullarının sayəsində azadlığına qovuşdu. Azərbaycanın Qarabağda qazandığı qələbə ilə şəhidlərimizin, günahsız insanların, soyqırımı qurbanlarının qisası alındı.

Xəyalə MURADLI

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 1,045
  • 52
  • 7,236
  • 24,675
ILK-10 Azeri Website Directory