Azadlığın mübarək, Aqil əmi!

Azadlığın mübarək, Aqil əmi!<b style="color:red"></b>

Xəyalə ZƏRRABQIZI

Adamlar doğulduğu, böyüyüb boya-başa çatdığı yerə, təbiətə bənzəyirlər. Nədənsə belə düşünürəm həmişə. Cavid Azərbaycanda yox, bir başqa yerdə doğulsaydı, heç vaxt həyata bu qədər dirəniş göstərə bilməzdi, buna gücü yetməzdi. Naxçıvan sözü də Cavidin mayəsinə güc qatan torpaq kimi beynimdə assosiasiya yaradır… Necə ki Bakı bu gün hamıya qucağını açıb, cənnətməkan Hacı Zeynalabdin də o cür səxavətlə döşünə çəkirdi, yiyə dururdu adamlara… Şuşadan ayrı torpaq da Üzeyir bəyi yetişdirə bilməzdi… Qurban olduğum bu torpaqdan halal toxumlar boy verib, həqiqət cücərib, ədalət göyərib həmişə…

Mən Ağdamı görməmişəm… Amma Aqil Abbasa hər baxanda elə bilmişəm ki, o Ağdamdı… Aqil Abbası Ağdama oxşatmışam. Ağdamın üzü Haqqa dayanan başı qarlı dağıdır Aqil Abbas…

27 ildir, Ağdama yağan qar Aqil Abbasın saçlarında kədərə çevrilirdi, ürəyinin içinə yağırdı, iliklərinə qədər üşüdürdü onu… Adam nə qədər dözümlü olmalıydı ki, buza dönməsin. Amma ürəyinin istisi əridirdi o qarı… bütün soyuğu öz canına çəkirdi Aqil Abbas, qıymırdı dostlara, doğmalara, heç kimə…

“Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” deyirdi və o nisgili dilinə gətirənə qədər ürəyi köz kimi olurdu… Qışın oğlan çağında külə dönür, yayın qora bişirən vaxtı iliklərinə qədər üşüyürdü Aqil Abbas… 27 ildir, ondan ötrü fəsillər də mahiyyətini itirmişdi, baharı unutmuşdu… payız da sadəcə təqvimdən yarpaq kimi qopurdu…
Amma O, bütün qəlbiylə inanırdı və inandırırdı ki, bir gün Günəş doğacaq, ömrünə Bahar gələcək, bir gün biz həqiqətən ürəkdən güləcəyik… “Biz qayıdacağıq” deyən dünyagörmüş bir müdrikin gözlərində ümid kimi işarırdı bu arzular…

Kimliyində doğum tarixi 1 aprel 1953-cü il yazılmışdı…
Amma Allah onun yaşadığı ömür kimi tərtəmiz alnına bir də Azadlığın bətnindən doğulacağı günü yazmışdı… Qələminə, xəttinə qurban olum, İlahi…

20 noyabr 2020-ci il Aqil Abbasın  Azadlığın bətnindən doğulduğu gündür…

Adam Azadlığın bağrından qopub dünyaya gələndə daha böyük olur, daha da bütövləşir, tam olur, tamamlanır…

27 ildir, Aqil Abbas yarımçıq idi… yarım qalmışdı, illəri təqvimdən qopara-qopara ümidlə bütövləşəyi günü gözləyirdi…

Deyirlər ki, 1 aprel – Aqil Abbasın dünyaya gəldiyi gün – Gülüş günüdür…

Məncə, bundan sonra Aqil Abbasın təqvimində 20 noyabrdır Gülüş günü…

Gülüşün mübarək, Aqil əmi! Səni ürəkdən güldürən Səbəblərin mübarək! Sevincdən axan Göz yaşın mübarək! Ömrünə doğan Günəşin mübarək!

Adamın nə böyüklükdə ürəyi olmalıdır ki, gedə yurdunun daşını tapmaya, quruca torpağını öpüb şükr eliyə… Ağdamda qol götürüb oynayanda elə bildim ki, İmarət meydanında bir qartaldır, qanad açıb… Qanadların mübarək, Aqil əmi! Ata yurduna müqəddəs qayıdışın mübarək!

Azadlığın mübarək, Doğma Adam! Əziz Adam! Ağdama oxşayan Adam… Ağdam boyda Adam…

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 155
  • 45
  • 4,137
  • 22,199
ILK-10 Azeri Website Directory