Qarabağı azad görmək onun ən böyük arzusu idi

Azərbaycan Ordusunun zəfər yürüşündə iştirak edərək 44 gündə tarix yazan və şəhidlik məqamına yüksələn qəhrəmanlarımızdan biri də Rusif Kazımovdur.

1997-ci ilin martın 29-da Cəlilabadın Uzuntəpə kəndində dünyaya göz açan Rusif hərb sənətini öyrənməyi hələ uşaqlıqdan qarşısına məqsəd qoymuşdu.

AZƏRTAC xəbər verir ki, o, 2012-2015-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseyin, 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunu olub. Təhsil aldığı illərdə xüsusi təyinatlı texnikaları və sistemləri mükəmməl öyrənən Rusif həm də, qoşun kəşfiyyatı, bölmə və hissələrin tətbiqi üzrə peşəkar hərbçi kimi yetişir. Vətən müharibəsi başlayanda leytenant Kazımov da rəhbərlik etdiyi bölüklə Murovdağ istiqamətində düşmən üzərinə atılıb.

Şəhidin atası Yusif Kazımov deyir ki, ona ad günü keçirməyə heç vaxt imkan edə bilməyiblər. Çünki Rusif 15 yaşından Vətənə xidmət edirdi: “Oğlum Vətən üçün doğuldu və şəhadətə qovuşdu. Sonuncu dəfə mənimlə telefonla danışanda dedi ki, ata, artıq müharibə başlayıb, irəli gedirik, haqqını halal et. Dedim, halal olsun oğul, çalış Vətən yolunda başını uca tut. Elə belə də oldu. Oğlum Vətən uğrunda şəhidlik zirvəsinə yüksəldi”.

Rusifin iki böyük arzusu var idi. Anası Zərifə Kazımova bildirir ki, bu arzularından biri evlənməkdi. “Deyirdi, ana, toyumu edəcəyəm. Şükür Allaha, bu arzusuna qovuşdu. Müharibədən qabaq gəlin gətirmişdim. O biri arzusu isə torpaqlarımızın azad olunması idi. Müharibə qurtardı, torpaqlar da azad edildi. Onun bu arzusu da reallığa çevrildi Balam isə şəhid oldu”, – deyə şəhid anası bildirir.

Rusif Vətənin azadlığı uğrunda son anadək düşmən üzərinə yeridi, qisasını aldı. Kiçik kəşfiyyat dəstəsi ilə keçirdiyi və iştirakçısı olduğu hücum əməliyyatlarında onlarla strateji yüksəkliyin azad olunmasında, darmadağın edilməsində əsl şücaət göstərdi. Kəlbəcər, Suqovuşan və qələbə qoxusunu duyaraq noyabrın 4-də şəhadətə qovuşduğu Şuşayadək şərəfli döyüş yolu keçdi.

Şəhidin qardaşı Tosif Kazımov söyləyir ki, döyüş yoldaşları Rusifin qəhrəmanlığından ağız dolusu danışırlar. Deyirlər ki, o, qəhrəmancasına və igidliklə döyüşüb, xeyli düşməni məhv edib.

Qorxmaz, cəsur döyüşçü kimi qəlblərdə əbədi yaşayacaq 23 yaşlı kəşfiyyatçı Rusif Kazımov şəhadətindən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 155
  • 45
  • 4,137
  • 22,199
ILK-10 Azeri Website Directory