Əbədi məhəbbət dastanı

Martın sevinci, aprelin kədəri, məktəbin qovuşdurduğu, göylərin ayırdığı tale…

“…Zəhranın müəllimi mənə zəng etdi ki, uşağın yanında heç nə danışmayın, məktəbdə ağlayır ki, atama nə isə olacaq. Dedim, axı elə bir söhbət olmayıb evdə. Uşağa nə isə agah olmuşdu…”

Onda hələ 2016-cı ilin martı idi… Zəhra ibtidai sinifdə oxuyurdu. Atalı, analı xoşbəxt bir ailənin övladı idi… Bu gün isə atasının şəhidliyinin ildönümüdür. “Bizim hekayəmiz” layihəsində həmsöhbətimiz şəhid mayor, “Azərbaycan Bayrağı” ordenli Urfan Vəlizadənin xanımı Könül Vəlizadədir…

Urfan Vəlizadə Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru idi. 2016-cı ildə Aprel döyüşləri zamanı Əbubəkir İsmayılov və Təbriz Musazadə ilə birgə ermənilər tərəfindən vurulan Mİ-24 hərbi vertolyotunun ekipaj üzvü olub…

İlk tanışlıq

– Bir sinifdə oxuyurduq. Əslim-köküm Qərbi Azərbaycandandır. Atamla anam evlənib köçüblər Aşqabada, mən orda dünyaya gəlmişəm. Ailəmizdə bir bacı, iki qardaş olmuşuq. Orta məktəbi də Aşqabadda oxuyurdum. 1993-cü ildə köçdük Bakıya.

Yazıldığım məktəbdə sinifləri texniki və humanitar fənlər üzrə ayırmışdılar. Mən də Tibb Universitetinə hazırlaşırdım deyə texniki bölümə düşmək üçün imtahana gəlmişəm. Bir oğlan da mən duran pəncərənin qarşısında dayanıb, imtahana girəcəyini gözləyirdi. Arıq, hündür oğlan idi. Çox utancaq təsiri bağışlayırdı, sıxılmışdı pəncərənin bir küncünə… Birdən əlimdəki kitab yerə düşdü, tez əyilib kitabı qaldırıb verdi mənə.

İmtahana birinci girdim, ondan xəbərim olmadı. Sentyabrda dərsə gələndə gördüm o da sinifdədir. Öyrəndim ki, adı Urfandır. İki il bir sinifdə oxuduq, çox savadlı idi. İki ildə onunla heç düz-əməlli danışmamışdım, çox mədəni davranırdı. Bir dəfə imtahan vaxtı ortadakı sırada oturmuşdum, Urfan birinci sırada idi, gördü ki, yaza bilmirəm, çətinlik çəkirəm, səssizcə dəftərini qoydu qarşıma. Elə utandım. Son zəngimizdə məni rəqsə dəvət etmişdi, tərs qız idim, hiss edəndə ki, kiminsə məndən xoşu gəlir, uzaqlaşırdım ondan. Dəvət etdi rəqsə, getmədim, köntöy söz də dedim. Sonralar bunun əzabını çəkirdim ki, xətrinə dəydim. Bütün sinif onu çox sevirdi, riyaziyyatı, tarixi, fizikanı, kimyanı əzbər bilirdi. Müəllimlərin sevimlisi idi. Bir dəfə sinfə girəndə gördüm lövhədə yazılıb ki, “Urfan Könülü sevir”, məni ağlamaq tutdu, çıxdım sinifdən. O da sinfə gəlirdi, baxdım ona hirslə, heç nədən xəbərsiz maddım-maddım mənə baxdı. Nə o bildi kim yazıb, nə də mən.

Evləndikdən sonra bunların hamısını danışıb gülürdük. Deyirdi ki, qarşı partada əyləşib sənə güzgüdə baxırdım.

Urfanın adını çəkməyə ürəyi gəlmir deyəsən, adından çox “o”, “bu” ifadələrindən istifadə edir. Söhbətə başlayandan gözlərinin yaşı yanaqları boyu süzülüb axır. Bəlkə də qaysaqlamaqda olan yarasını qopardım deyə qınayıram özümü. Könül xanım isə gözlərinin yaşını silir, bəzən xatirələrin axarında gülümsəyir, bəzən də o gülüşü yenidən kədər və göz yaşı əvəz edir. Hər bir halda tamamilə Urfanlı günlərə qayıtdığından onu o aləmdən ayırmağa qıymadan dinləyirəm…

Ayrılıq

– Məktəbi bitirən kimi dayımın toyu oldu. Toyda Rusiyadan gələn bir qohumumuz mənə elçi düşdü. Qoymadılar ali məktəbə sənəd verim, ağlaya-ağlaya nişanladılar. İki il yarım nişanlı qaldım. O qədər fərqli idi ki, o vaxtın gəncləri, böyüklərin sözündən çıxa bilmədim, amma xoşbəxt də deyildim. Axırda çətinliklə nişanımı qaytardım. İndi evlənib boşanmaq da adiləşib, o vaxtsa nişan qaytarmaq müsibət idi. Nişanlı vaxtı Urfan tez-tez yuxuma girərdi. Durub özümü qınayırdım ki, mən nişanlı qızam, onu niyə yuxuda görürəm. Ailə qurandan sonra dedi ki, o qədər səni düşünürdüm ki, ona görə yuxuda görürmüşsən məni.

Urfan Türkiyədə Hərbi Hava Ali Məktəbinə qəbul olunmuşdu. Mən də nişanı qaytarıb instituta qəbul olundum. Rus dili filologiyası üzrə təhsil alırdım. Bir dəfə dərsdən gələndə küçədə onunla rastlaşdım, hərbi formada çox gözəl görünürdü. Məktəbdəki Urfan deyildi, daha yaraşıqlı olmuşdu. Baxıram ona, o isə məni süzə-süzə qarşımdan ötüb keçir. Dəli oldum ki, salam vermədi. Sən demə, tanımayıb.

Təsadüfi görüş

– Bir gün diplom işimi çap etdirməli idim. Qardaşımla birlikdə getdik çap etdirməyə. Gördüm kompüter zalının ortasında Urfan dayanıb, amma heç reaksiya vermir mənə. Qayıtdım ki, Urfan, bura gəl. Gəldi, indi təəccüblə üzümə baxır. Soruşdum ki, tanımadın məni? Deyir yox, dedim “utanmırsan sinif yoldaşını tanımırsan? Onda çıx get”.

Döndü ki, getsin. Dedim hara gedirsən, qayıt geri. Qayıtdı. Nə deyirəm onu edir robot kimi, amma tanımır məni. Axırda demişəm ki, Könüləm, gözləri hədəqəsindən çıxmış halda üzümə baxdı. Sonralar deyirdi ki, bilmirdim səni kimdən, necə soruşum tapım, sən də gəlib durmusan qarşımda gözlərimə inanmadım. Deyir sinif oğlanlarından soruşurdum ki, qızlardan kim ailə qurub, kim yox, bunu eşidib-bilən var? Düşünürdüm ki, bəlkə səndən bir xəbər verələr.

Çox səbrli, təmkinli rəftarı və davranışı vardı. Nömrəsini verdi mənə, dedi mənim evdə kompüterim var, nə isə çap etmək lazım olanda zəng elə, yaxında yaşayıram. Öyrəndim ki, məzuniyyəti bir-iki günə başa çatacaq, gedəcək Türkiyəyə. Zəng etdim, nə qədər danışdıq telefonda bilmirəm. Səhər yenə zəngləşib, sonra vədələşib görüşdük. Gəl görüşək deyəndə əvvəlcə razı olmadım, niyə səninlə görüşməliyəm dedim. Təkid etdi Urfan, görünür, mənim də içimdən gəlirdi görüşmək. Anama dedim, icazə verdi, dedi noolar, get görüş, söhbət edin.

Urfanın simasında hüzur vardı. İndi elə insanlar yoxdur. Adam onunla rahatlıq tapırdı. Onunla ilk görüşə gedəndə çox hirsləndim… Restorana dəvət etmişdi. Gördüm gəlib məni aparmağa, adi yay köynəyi geyinib, mən də gözləyirdim ki, ilk görüşümüzdü, yəqin dəbdəbəli kostyum geyinər…

Mənə görə Türkiyədən şənbə günü gəlib, bazar günü qayıdırdı geri…

Toy günü

– 2005-ci ildə nişanlandıq. Ailələrini Urfan saxlayırdı, imkansız idilər. Atası yaşlı, xəstə idi. Çətinliklə pul yığırdı toyumuz üçün. Soruşurdu sənə nə almalıyam? Deyirdim Urfan, qızıl alma, gücün çatmaz, büjuteriya al, taxaram, kim nə biləcək.

Nişanımız evdə oldu. Toya hazırlaşırdıq, anası yatdığı yerdə infarkt keçirib rəhmətə getdi. İkimizin də anasının adı Qətibədir. Urfan uçuşlarını da təxirə saldı, çox sarsıntı keçirdi. Mən də onun halından sarsıldım. Anam tibb bacısıdır, apardı məni klinikaya, analiz verdim, məlum oldu ki, şəkərli diabet olmuşam. Anam Urfana dedi ki, bala, sən get başqası ilə evlən, qızım sənə problem olacaq. O razılaşmadı. Dedi heç kimə deməyin, atam eşitməsin. Anasının ili çıxmamış toy etdik, çünki atası, qardaşı, Urfan – üç kişiyə evdə qadınsız çətin idi.

İyunun 26-da toyumuz oldu. Anasına görə sönük keçirdi, amma həmin gün elan olundu ki, 26 iyun ordu günü kimi qeyd ediləcək, zabitlərin də maaşı 100 faiz artırılacaqdır. Urfan dedi Könül, qədəmlərinlə mənə xoşbəxtlik gəlir.

Qaynatamgildə yaşayırdıq. İlk övladımız mənim şəkərim ucbatından qalmadı, öldü. Xəstəxanada mənə göstərmədən Urfan uşağı qucağına alıb aparıb dəfn edib. Anam deyir ki, Könül, elə yazığım gəldi Urfana, çox əlacsız görkəmi vardı. İki uşaq itirmişik, bir dəfə də onu üzümə vurmadı, axı onları mənim xəstəliyim üzündən itirirdik. Deyirdi mən istəyirəm çox uşağımız olsun, amma sənə nə isə olmasına da razı ola bilmərəm, sən yaxşı ol. Uşaqlar da aprel ayında ölmüşdülər, Urfan özü də aprel ayında şəhid oldu. Aprel bizə heç düşmədi. Böyük qızımız Zəhra martda dünyaya gəldi. Ailəmizə xeyli sevinc bəxş etdi.

Heç bilmirəm məni necə belə yarı yolda qoyub gedə bildi

– Evimiz yox idi, kirayədən kirayəyə köçürdük, çox əziyyət çəkirdik, amma bir-birimizə dayaq dururduq. Toydan əvvəl mənə demişdi ki, qoymayacam sən mənim hərbçi olduğumu hiss edəsən. Elə də edirdi. Yorğun gəlirdi, amma evdə mənə kömək edirdi. Deyirdim qoy mən də işləyim, ailənin yükü tək sənin üzərinə düşməsin. Deyirdi yox…

Çox çətinliklərdən keçmişdik, Əlinin papağını Vəlinin başına qoya-qoya. Bu evi şəhid olandan sonra verdilər. Heç köçmək istəmirdim onsuz… Uşaqlara qarşı da çox həssas idi. İkinci qızımız Betül olanda çox qorxurdu ki, birdən mənə nə isə olar. Ona “mənim ay parçam” deyirdi. Zəhranın dərsləri ilə məşğul olurdu. Deyirdi ona dərsləri mən öyrədim, sən də Betül ilə məşğul ol. Acığım gəlirdi ki, sən hara gedirsən ki, elə deyirsən uşağa? İkisini də özün hazırlaşdırarsan. Elə rahat idim ki, uşaqlarım riyaziyyatı, fizikanı yaxşı biləcəklər, çünki bu fənləri mükəmməl bilən ataları öyrədəcək.

Betülün 1 yaşı olanda Urfan dedi ki, gəl iki övladımızın da doğum gününü bir yerdə restoranda qeyd edək. Martın 14-ü Betülün, 23-ü Zəhranın ad günüdür. Dedim ona imkanımız çatmaz axı. Dedi yox, Könül, xahiş edirəm, sən razılıq ver. Martın 23-ü ikisinin də doğum günlərini bir yerdə qeyd etdik. Heç oynamayan adam oynadı, oxudu, sağlıq dedi, mənə şeir həsr etdi. Hamının yanında dedi ki, istəyirəm bir qızım da olsun. Məəttəl qaldım ki, atamın yanında bu nə əcəb belə danışır. Anam dedi ki, ay Könül, bu nə yaman oynadı. Sən demə, bilirmiş hara gedəcəyini.

Bizə təlim dedi, amma döyüşə gedirmiş…

Evə qayıdanda qapının astanasında məni saxlayıb soruşdu ki, düzünü de, sən xoşbəxtsən? Dedim Urfan, məndən xoşbəxt qadın yoxdur Yer üzündə. Deyirdim sən yanımdasan, mənə heç nə lazım deyil. Heç nə istəmirəm həyatda, bircə kaş ki,  Urfan yanımızda olaydı, balalarım onunla çox xoşbəxt idi.

… Deyir və bütün bədəni ağlayır. Sözgəlişi deyim deyil, bayaqdan gözlərindən axan yaş elə bil bütün vücudundan keçib gözlərindən süzülür…

Arxasınca su səpdim

– Aprelin 2-i anamın ad günü idi. Heç vaxt ad günü keçirməyən anam dedi ki, uşaqların ad günü keçirilən yer xoşuma gəldi, 65 yaşımı orda qeyd edək. Getdik Urfanla danışdıq yeri. Çıxdı getdi təlimlərə. Getməzdən əvvəl mənə dedi ki, gedək ipoteka ilə ev götürək. Qalada şəhərcikdə ev verirdilər hərbçilərə. Təbriz, Əbubəkir götürmüşdülər. Dedi ki, orda o qədər evsiz-eşiksiz, kirayə qalmağa imkanı çatmayan cavanlar var, qoy onlar alsınlar. Mən kirayədə qala bilirəm. Bir xəstə sinif yoldaşımız vardı, həmişə ona da yardım edərdi. Çox təmiz adam idi, əyriliklə işi olmazdı. Kiminsə şəxsi işinə qarışmağı sevməzdi.

Bir dəfə Təbriz bizdə idi, süfrə arxasında Urfan dedi ki, mən şəhid olacam. Təbriz də qayıtdı ki, qardaş, səninlə şəhid olmağa da hazıram. Elə də oldu. Təkrar-təkrar eyni məkana xilas əməliyyatına gediblər. Bir də gedəndə vertolyot işə düşməyib, keçiblər Əbubəkir olan vertolyota…

İşi barədə heç nə danışmazdı. Təlim dediyi müharibəyə getməzdən əvvəl bədənində səpki əmələ gəlmişdi. Ona demişdilər ki, sən xəstəxanada yatmalısan, müalicə almalısan. Demişdi yox, mümkün deyil, təlimlər başlayır. Bayramlardan sonra iş başlayanda Urfan mənə zəng etdi ki, ola bilər bu gün çıxarıq təlimə, mənim əşyalarımı yığ. Gəldi, tələm-tələsik qayıtmalı idi, rəngi çox tutqun idi. Dedim, Urfan birdən məni aldadarsan, hara getdiyini düz deməzsən. Dedi, nə danışırsan, təlimlərimiz başlayır, heç nə yoxdur. Urfan təlimə də gedəndə  həyəcan keçirirdim. Çıxanda hiss etdim ki, bir ayağı gedir, biri evə çəkir onu. Zəhranı, Betülü qucaqlayıb ikisini də dərindən qoxladı. Elə bil qoxularını içinə çəkmək istəyirdi. O səhnə bu illər ərzində gözlərimdən çəkilməyib.

Dedi, ananın ad gününə gəlib özümü çatdıracam. Onu da deyim ki, işə gedəndə bizi öpməsə çıxmazdı evdən. Hərdən küsürdüm ondan. Gedirdi, yoldan qayıdırdı ki, sən məni belə yola salırsan işə? Ürəyim dözmürdü, qorxurdum gedər uçuşa, nə isə olar, barışırdıq. Qadının “dəliliyi”… Kaş o günlərimiz olaydı…

Maşın gəldi onu aparmağa. Qaçdım ki, su gətirib atım arxasınca, qonşu itlə düşürdü pilləkənləri, elə pis gəldi mənə, dedim buna bax, arxasınca it hürdü. Mən də belə əlamətlərə fikir verirəm. Qaçdım qucaqladım onu. Arxasınca dua oxudum ki, evə sağ-salamat qayıtsın. İçimdə bir həyəcan vardı, özümdən asılı olmadan ağladım.

Düşündüm ki, bəlkə də sağdır

– Gün ərzində tez-tez zəng edirdi… Aprelin 2-si səhər zəng etmişdi. Urfan yaxşı mütəxəssis idi, öz işini yaxşı bilirdi. Qorxsam da, inanmırdım ona nə isə olar.

Axşam restorana getmədim. Qonşu gəldi dedi ki, vertolyot vurublar, nigaranıq. Dedim, qorxmayın, bayaq danışmışam Urfanla. Mənə demişdi ki, sən get restorana, mən birbaşa ora gələcəm. Gedə bilmirdim, paltar götürürdüm əlimdən düşürdü. Qardaşım gəldi, imtina edə bilmədim, getdim onunla. Restorana girəndə qanım qara, həyəcanlı idim. Sonra dedilər ki, sənin sifətində dəhşət ifadəsi vardı.

Çox qalmadım restoranda, Qardaşım məclisi yığcam etdi, gəldik evə. Hamı yığıldı bizə.  Qardaşım dedi ki, Könül, insulinini vur. Bilir ki, eşidəndə öləcəm. Qalmışam üzlərinə baxa-baxa ki, hamı niyə bizə gəlib… Düşünürəm…

Zəng edirəm Urfana, zəng çatmır. Sonra baldızım evə zəng etdi, dedi ki, dur gəl bizə. Soruşdum ki, niyə gəlim bu gecə vaxtı? Eltim aldı dəstəyi, dedi Urfan şəhid olub. Öldüm ayaq üstə. Sonra da xəbər gəldi ki, yalandır. Daha sonra bir xəbər də gəldi ki, ola bilsin əsir düşüblər.

Yas çadırı qurdular həyətdə, haray saldım ki, qurmayın bu çadırı. Molla gəlməsin, Urfanın meyiti yoxdur, bəlkə sağdır.

10 gün sonra gəldi çıxdı nəşləri…

Açmağa da qoymadılar tabutu, dedilər tamam yanıb…

Könül xanımla söhbət zamanı qapı arasından nigaran baxışlarla analarını müşayiət edən Zəhra və Betüllə sağollaşıb, pilləkənləri düşürəm. Blokun qarşısına vurulmuş barelyefin önündə bir anlıq ayaq saxlayıram. Ürəyimdən keçir ki, nə yaxşı bu ilin apreli şəhidlərimizin qarşısında üzümüz ağdır…

Onların uğrunda qurban getdikləri Qarabağ torpaqları işğaldan azad edilib…

Qalibik – Urfanların, Təbrizlərin, Poladların, Mübarizlərin, Ali Baş Komandanın sayəsində…

Ramilə QURBANLI

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 144
  • 44
  • 4,126
  • 22,188
ILK-10 Azeri Website Directory