Faiq QİSMƏTOĞLU: QƏZALARI KİMLƏR YARADIR?

 Sükan arxasında əyləşmiş hər bir sürücü öncə onu düşünməlidir ki, avtomobildə hərəkət edərkən bütün qanunlara, o cümlədən “Yol hərəkəti haqqında” Qanuna əməl etməyə borcludur. Ən azından ona görə ki, o sürücü qanunlara əməl etməklə həm özünün, həm də digər hərəkət  iştirakçısının təhlükəsizliyini  təmin etməyi bacarır. Əks təqdirdə, yəni qanun qozuntusuna yol verməklə sürücü taleyini təhlükə qarşısında qoyur. Hələ biz başqa hərəkət iştirakçılarını nələr gözlədiyini demirik.

Heç kimə sirr deyil ki, Bakı şəhərində nəqliyyat vasitəsini idarə etmək digər yaşayış yerlərinə nisbətən daha çətindir. Çünki paytaxtımızda nəqliyyat vasitələrinin sayı bir  milyondan çoxdur və eyni zamanda, küçələrdə, prospektlərdə səhər, axşam saatlarında bir sıxlıq yaşanır.

Hətta bəzən sıxlıq hərəkəti dayandırır, avtomobillər nə az, nə çox yarım saatdan artıq tıxacda qalır. Təbii ki, belə bir durumda nəqliyyat vasitəsini idarə etmək sürücüdən çox böyük məsuliyyət və təcrübə tələb edir. Çünki adi bir diqqətsizlik və adi bir səhlənkarlıq hər hansı bir qəzaya gətirib çıxarır. Üstəlik də belə sıxlıqda bəzi sürücülər ara məsafəsi saxlamır, maşını digər maşının lap arxasına, 2-3 sm-ə qədər gətirirlər. Belə bir şəraitdə, belə bir durumda bayaq dediyim kimi, qəzalar qaçılmaz olur.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov toxunduğumuz məsələlərə münasibət bildirərək deyir ki, nəinki səhər və axşam saatlarında, hətta adi vaxtlarda  belə şəhərin müxtəlif prospektlərində, küçələrində tıxaclar yaranır. Elə bəzən bu tıxaclara da səbəb sürücülərin özləri olurlar. Yəni yol hərəkəti qaydasına əməl etmir, bir cərgədə durub yolun açılmasını gözləmir, bununla yanaşı, səbirsizlik edib qarşıdan gələn avtomobilin yoluna çıxırlar. Demək bir sürücünün yol hərəkəti qaydasını pozması və qarşı tərəfə çıxması yeni bir problemin yaranmasına, daha doğrusu, hər iki yolun bağlanmasına səbəb olur. Ona görə də idarəmizin əməkdaşları səhər və axşam saatlarında paytaxtın küçə və prospektlərində tıxacları aradan qaldırmaq üçün operativ xidmət göstərir. Belə ki, onlar həmin ünvanlarda olur, hərəkəti tənzimləyir və sıxlığı, tıxacları aradan qaldırırlar. Üstəlik də bəzən işıqforlar işləməyən yerə biz əlavə naryadlar göndəririk. Yağışlı havalarda bu cür hallara daha tez-tez rast gəlmək mümkündür. Birmənalı olaraq mürəkkəb hava şəraitində əməkdaşlarımızın iş rejimi daha da gərginləşir, mövcud problemi aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər görülür.

Bakıda  təbii ki, hərəkətin  təhlükəsizliyinin təmin edilməsində Yol  Patrul Xidməti Alaynın üzərinə böyük məsuliyyət düşür. Ona görə böyük məsuliyyət düşür ki, bu alayın əməkdaşları şəhərin mərkəzi küçə və prospektlərində sutkanın 24 saatı xidmət aparır, yol hərəkəti qaydalarını pozanlara qarşı davamlı olaraq tədbirlər görür və eyni zamanda, hərəkət iştirakçılarının təhlükəsizliyi üçün lazımi addımlar atır. Bu mənada Yol Patrul Xidməti Alayının 5-ci tağımının əməkdaşlarının işi xüsusilə qeyd edilməlidir. Ona görə ki, 5-ci tağımın əməkdaşları “20 Yanvar”, “Şamaxinka” deyilən yerdə və Zərdabi küçəsində hərəkətin təhlükəsizliyini birmənalı olaraq təmin edirlər. Istər qışda, istərsə də yayda tağım əməkdaşları mütəmadi olaraq sürücülərin maarifləndirilməsini diqqət mərkəzinə çəkirlər. Başqa sözlə demiş olsaq, onlar baş verə biləcək qəzaların qarşısının alınması üçün bütün qabaqlayıcı tədbirləri vaxtında həyata keçirirlər.

Düzdür, elə sürücülər var ki, onlar dəfələrlə yol hərəkəti qaydasını pozur, yol nişanlarına məhəl qoymur, işıqforun qırmızı işığında keçir və bununla da digər hərəkət iştirakçıları üçün böyük təhlükə törədirlər. Aydındır ki, bu cür sürücülər inzibati məsuliyyətə cəlb olunur, cərimə edilirlər.

Bir faktı da qeyd edək ki, Yol Patrul Xidməti Alayının 5-ci tağımının komandiri, polis kapitanı Nurlan Əliyev çox peşəkar, öz işini bilən və tapşırılan vəzifəni vaxtında icra edən bir zabitdir. Onun tağımı davamlı olaraq kobud qayda pozuntularına qarşı mübarizə aparıb və bu cür sürücüləri aşkarlayıb. Əlbəttə, tağım əməkdaşları ilk növbədə küçə və prospektlərdə xidmət apararkən hərəkətin təhlükəsizliyini diqqət mərkəzində saxlayır. Indi heç kimə sirr deyil ki, Bakı şəhərində “Dayanma” və “Durma” qaydalarını pozan sürücülər daha da çoxalıb. Bax, bu cür sürücülərə qarşı tağım əməkdaşları davamlı olaraq tədbirlər görür, onlar barəsində lazımi ölçü götürürlər. 

Çox qəribədir, bəzi sürücülər elə bilir ki, nəqliyyat vasitələrini istənilən yerdə saxlaya bilərlər. Və hətta bəzən görürsən ki, “Dayanma” və “Durma” nişanları olan yerdə hansısa sürücü avtomobil saxlayıb. Yol polisi əməkdaşı qanunu pozan sürücü barəsində tədbir görəndə onlar deyirlər ki, “rəis, bağışla, burda mağazada bir dəqiqə işim vardı ona görə dayandım”. Əbəttə, bəzi sürücünü, özü də intizamlı sürücünü bağışlamaq da olar. Və hətta qayda pozan bir çox sürücünü maarifləndirmək də mümkündür. Amma gərək bundan sürücü nəticə çıxarsın, təkrar qayda pozuntusuna yol verməsin. Tağımın əməkdaşlarından polis leytenantı Ramil Quliyev, polis serjantı Rasim Kazımov keçirilən tədbirlərdə öz üzərlərinə düşən  işin öhdəsindən bacarıqla gəlirlər.

Qayıdaq əvvəlki söhbətimizə. Yəni qəzaları yaradan kimlərdir? Bu suala birmənalı olaraq deyə bilərik ki, bütün qəzalara səbəb yol hərəkəti qaydalarının pozulmasıdır. Özü də kobud qayda pozuntuları daha böyük təhlükə və faciə yaradır. Bütün bunlara rəğmən hər bir sürücü diqqətli olsa, qaydalara əməl etsə, özünün və hərəkət iştirakçılarının taleyini düşünsə, ağır qəzalar baş verməz və bu qəzalar zamanı ölənlər və xəsarət alanlar az olar. Deməli, yenə bütün məsuliyyət sükan arxasında əyləşən sürücünün və digər hərəkət iştirakçılarının üzərinə düşür.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 13,041
  • 96
  • 20,418
  • 34,342
ILK-10 Azeri Website Directory