Qazax: Doğum günündə şəhid oldu

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış “Qanları ilə dastan yazanlar” kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.

Kitabda şəhidimiz kapitan Pənahov Rövşən Mahmud oğlu haqqında yer almış “Doğum günündə şəhid oldu” başlıqlı xatirə yazısını oxuculara təqdim edirik…

Doğum günündə şəhid oldu

İnsan ömrünün başlanğıcı da var, sonu da. Amma elə ömürlər var ki, o sona çatandan sonra da davam edir, bir ulduza çevrilib başımız üstündə alışıb yanır, bizimlə birlikdə ömür sürərək yaşayır. Belə ömrə yalnız Vətən, Torpaq uğrunda şəhid gedənlər layiq olur, bu ali zirvəyə ucalaraq insan yaşadıqca daima yaşayır, hörmətlə xatırlanaraq əbədiyyət qazanır.
Elə ömürlər də var ki, başlanğıcı ilə sonu eyni günə təsadüf edir, dünyaya gəlməyi ilə dünyadan köçməyi bir günə düşür, doğum və ölüm günü bir tarixə yazılır. Bu da Tanrıdan gələn bir iltifat, Allahın bir möcüzəsidir. Həm şəhidlik zirvəsinə qalxmaq, həm də doğum günü ilə şəhadəti eyni günə düşmək nadir hadisələrdən biri, hər insana nəsib olmayan bir haldır. Şəhid kapitan Pənahov Rövşən Mahmud oğlu belə bir ömür yaşayıb – nümunə olası, qürurla qeyd ediləsi və tarix boyu yaşanası bir ömür. 2 oktyabr 1989-cu il və yenə də 2 oktyabr, amma bu dəfə 2020-ci il.
Qazax rayonunun Birinci Şıxlı kəndində ziyalı ailəsində dünyaya göz açan Rövşən Pənahov 1995-2004-cü illərdə Birinci Şıxlı kənd ümumi orta məktəbində oxumuş, sonra təhsilini Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbində davam etdirərək  2006-cı ildə orta təhsilini başa vurmuşdur. Vətənpərvər, torpağını, Vətənini bütün varlığı ilə sevən Rövşən Pənahovun həyatı həmin ildən sonra hərbi ilə bağlı olmuş, ömrünün qalan hissəsini bu amala sərf etmişdir.
Rövşən Pənahovun qısa, lakin şərəfli bir ömür tarixçəsi var. Bu ömür tarixinin hər səhifəsi hərbi ilə, vətənpərvərliklə bağlıdır. Bu ömür tarixini vərəqlədikcə gözlərimiz önündə Vətənini bütün varlığı ilə sevən bir insanın, torpaq yolunda canından keçməyə hazır olan mərd və cəsur bir hərbçinin surəti canlanır.
Hərbçi olmaq Rövşən Pənahovun ən böyük arzusu idi. Ona görə də 2006-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil  olmuş, 2010-cu ildə həmin Ali Hərbi Məktəbi bitirdikdən sonra 1 il təlim keçmək üçün Bakıda müxtəlif hərbi hissələrdə xidmət etmişdir. Sonra 2011-ci ildə Naftalan  şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət göstərmişdir. 2014-2020-ci illərdə onun xidmət yolu müxtəlif hərbi hissələrdən keçmişdir. Rövşən Pənahovun xidməti, tapşırıqları yerinə yetirməsi, ümumiyyətlə, bütün fəaliyyəti nümunəvi idi. Ona gərə də Müdafiə Nazirliyi tərəfindən medallarla təltif olunmuşdur. 24.06.2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrin 95 illiyi” yubiley, 26.06.2017-ci ildə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli və 26.06.2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları ilə təltif olunmuşdur. Eyni zamanda, bir neçə Fəxri Fərman da almışdır. Təhsil aldığı vaxtla bir yerdə 15 il qüsursuz xidmət göstərmişdir. 
Onun hərbi təhsil və xidmət tarixi zəngin olduğu qədər keçdiyi döyüş yolu da zəngin və nümunəvidir. Kapitan Rövşən Pənahov Vətən müharibəsi başlayan gündən şəhid olana qədər düşmənə qarşı rəşadətlə döyüşmüş, sözün əsl mənasında qəhrəmanlıq göstərmişdir. Müharibədə motoatıcı bölüyün bölük komandiri olmuşdur. O, müharibəyə Murov dağı uğrunda gedən vuruşmalardan başlamışdır. Sonra Kəlbəcər rayonunun azad olunması zamanı döyüş meydanında mərdliklə vuruşmuş, düşmənin başına od yağdırmışdır.
Atası Mahmud müəllim, anası Rəna xanımla tez-tez telefonla əlaqə saxlamış, ordumuzun kəndləri necə azad etməsindən qürurla danışırmış. Sentyabrın 30-da həyat yoldaşı Arzu xanıma zəng edib qızı Nilayı, oğlu Elayı soruşub. “Narahat olmayın, hər şey yaxşıdır”- deyib. Və son…
2 gün sonra, oktyabrın 2-də Kəlbəcərin Ömər dağ yüksəkliyində düşmənin atdığı minamyot mərmisi nəticəsində aldığı yaradan şəhid olmuşdur. Həmin günü 31 yaşı tamam olacaqdı.
Qəhrəman kapitan Birinci Şıxlı kənd qəbiristanlığında torpağa tapşırılmışdır.

Göstərdiyi igidlik Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Rövşən Pənahov ölümündən sonra ölkə başçısının 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “İgidliyə görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən isə “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 12,987
  • 85
  • 20,364
  • 34,288
ILK-10 Azeri Website Directory