Zəngəzur dəhlizi həm də türk dünyasının birliyinə xidmət edəcək

Dəhliz digər ölkələr üçün də əlavə əməkdaşlıq imkanları yaradacaq

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi regionda yeni reallıqlar yaradıb. Tarixi qələbəmiz, o cümlədən türk dünyasının daha da yaxınlaşmasına imkan verib.

Bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşü də göstərdi.

Prezident İlham Əliyevin 6 ölkə arasında əməkdaşlıq təklifi indi qlobal bir müstəviyə keçib. Belə ki, Türkiyədən Orta Asiyaya kimi geniş bir coğrafiyanı əhatə edən türkdilli ölkələrin əməkdaşlıq istəyi Mehri dəhlizinin əhəmiyyətini daha da artırır. Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin “Türk dünyasının gələcəyi – 2040” adlı sənədin hazırlanması barədə irəli sürdüyü təklif bu dəhlizin mahiyyətini bir daha vurğulayır.

Bu həm də onu göstərir ki, türkdilli dövlətlər  artıq əvvəlki kimi mədəni və siyasi əlaqələrlə kifayətlənmir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının beynəlxalq təşkilata çevrilməsi barədə bəyanatı gələcəkdə bu ölkələr arasında mədəni-siyasi əlaqələrin möhkəmlənməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın  genişlənəcəyindən də xəbər verir.

Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev  Qarabağ münaqişəsinin həll olunduğunu, o cümlədən ölkələrimiz arasında mühüm bağlantı kimi Mehri dəhlizinin açılmasına imkan yarandığını vurğulayaraq demişdir: “Artıq tam əminliklə demək olar ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həlli tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işlərinə başlayıb”.

Dövlət başçısı bir daha nəzərə çatdırmışdır ki, müharibənin başa çatması ilə bölgədə yeni imkanlar yaranıb. Bunlardan biri türkdilli ölkələr arasında yaranan nəqliyyat əlaqələridir. Prezident  bu nəqliyyat dəhlizinin əhəmiyyətini belə qeyd etmişdir: “Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda digər ölkələr üçün əlavə imkanlar yaradacaq”.

Yeri gəlmişkən, qeyd edək ki, həmin dəhlizin açılması eyni zamanda Asiya ilə Avropanın əlaqələrində də mühüm rol oynayacaq. Mehri dəhlizi həmçinin Çinin “Bir kəmər, bir yol” kimi beynəlxalq əhəmiyyətli nəqliyyat layihəsinə  öz sanballı töhfəsini verəcək. Çünki bu gün dünyada iqtisadi və ticarət əlaqələrinin genişlənməsi mühüm əhəmiyyət daşıyır. Xüsusilə istehsalçı ölkələr mallarını dünya bazarında daha tez satmaqda maraqlıdır. Çinin “Bir yol, bir kəmər” layihəsi də bu məqsədə xidmət edir.

Süveyş kanalında baş verən gəmi qəzası isə bir daha göstərdi ki, dünyanın  təhlükəsiz alternativ marşrutlara ehtiyacı var. Məlumat üçün bildirək ki, hazırda dünya dəniz ticarətinin 7 faizi bu kanal üzərindən həyata keçirilir. Səbəb çox sadədir. Asiyadan Avropaya və əksinə hərəkət edən gəmilər Afrikanı dolanıb keçdikdə 8 gündən çox vaxt itirir. Süveyş kanalından istifadə isə vaxta qənaət etməklə yanaşı, həm də artıq vəsaitin xərclənməsinin qarşısını alır.

Göründüyü kimi, Süveyş kanalından istifadə dünya ölkələri üçün mühüm əhəmiyyət daşıyır. Marşrutun qəza üzündən bağlanması nəticəsində dünya birjalarında neftin bahalaşması da bunu sübut edir. Xatırladaq ki, bu hadisədən sonra neft məhsullarının qiyməti birdən-birə 5 faiz bahalaşmışdı. Təsadüfi deyil ki, kanalın bağlı qalması hər gün dünya iqtisadiyyatına 10 milyard dollar ziyan vururdu.

Məlumdur ki, şimal qonşumuz Çindən Avropaya gedən yüklərin öz ərazisindən daşınması üçün ciddi mübarizə aparır. Bundan ötrü Transsibir dəmir yolu və Şimal Buzlu okean marşrutundan istifadə olunmasını təklif edir. Transsibir dəmir yolunun bir hissəsində elektrik qatarlarından istifadədə  sürət aşağıdır. Şimal Buzlu okeanından isə ilboyu daşımalar həyata keçirmək mümkün deyil. Bu səbəbdən Rusiya marşrutun daha uzun müddətdə işlək olması üçün güclü atom buzqıran gəmilərdən ibarət donanma yaradır. Nəticədə şimal marşrutundan istifadə müddətinin il ərzində 9-10 aya çatacağı bildirilir. Amma bu, gələcəyin işidir, söhbətsə bu gündən gedir.

Bu gün isə Avrasiya nəqliyyat dəhlizi daha cəlbedicidir. Üstəlik, Mehri dəhlizinin açılması bu marşruta olan marağı daha da artıracaq. Artıq dünyanın nəhəng yükdaşıma şirkətləri yeni marşrutların axtarışına çıxıb. Həmin şirkətlər yüklərin ünvana təhlükəsiz və tez çatdırılması üçün yeni marşrutlara üstünlük vermək istəyirlər.

Mehri dəhlizi üzərindən Naxçıvana dəmir yolu əlaqəsinin bərpası “Şərq-Qərb”, “Şimal-Cənub” dəhlizləri ilə bağlı da yeni situasiya yaradacaq. Prezident İlham Əliyevin bu siyasi gedişi gələcəyə hesablanmış nəhəng geosiyasi və iqtisadi layihə kimi mühüm əhəmiyyət daşıyır. Çünki marşrutun fəaliyyətə başlaması Azərbaycanın mövcud nəqliyyat ötürücü imkanlarını daha da artıracaq, ölkəmizə geniş iqtisadi imkanlarla yanaşı, həm də böyük siyasi dividendlər gətirəcək. Çünki Azərbaycan-Naxçıvan marşrutu mövcud Bakı-Tbilisi-Qars dəmir yolu marşrutundan 344 kilometr qısadır. Dövlətlərarası ticarətdə isə məsafə qısaldıqca daşınma xərclərinin ucuzlaşması səbəbindən bu faktora xüsusi önəm verilir. 

Digər mühüm əhəmiyyət daşıyan faktor odur ki, alternativi çox olan marşrut daha etibarlı sayılır. Məsələn, hər hansı bir siyasi və təbii  səbəb, yaxud texnogen qəzalar üzündən Bakı-Tbilisi-Qars marşrutu fəaliyyətini dayandırsa, yüklərin Çindən Avropaya daşınması üçün Azərbaycan-Naxçıvan-Türkiyə marşrutundan istifadə etmək mümkün olacaq.Vurğulayaq ki, Süveyş kanalında baş verən hadisə bir daha nəqliyyat marşrutlarının şaxələnməsinin əhəmiyyətini ortaya çıxardı.

Beləliklə, demək olar ki, yaxın müddətdə Asiyadan Avropaya daşınan yüklərin Azərbaycandan keçməsinin həcmi dəfələrlə artacaq. Bu, ölkəmizə iqtisadi dividendlər gətirməklə yanaşı, onun siyasi nüfuzunu da artıracaq. Eyni zamanda Azərbaycan türk dövlətləri arasında nəqliyyat əlaqələrinin yaranmasında açar ölkə rolunu oynayacaq.

Rüstəm KAMAL,

“Azərbaycan”

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 155
  • 45
  • 4,137
  • 22,199
ILK-10 Azeri Website Directory