2021-ci il sürətli yüksəliş ili olacaq

Cənubi Qafqazın lideri kimi qalib Azərbaycanın qarşısında tam yeni dövr başlayır

2020-ci il Azərbaycan dövləti üçün böyük Zəfər ili kimi yadda qaldı. 2021-ci il isə ölkəmiz qarşısında tam yeni dövrün başlanğıcı kimi xarakterizə edilə bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan özünün ən şanlı dövrünü yaşayır. Çünki tarixdə heç vaxt bu qədər güclü olmayıb. Bu həm siyasi, həm iqtisadi, həm də hərbi gücdür. Dövlət məhz bu gücdən istifadə edərək qarşısında duran əsas vəzifəni uğurla reallaşdırır.

Post-müharibə dövrü və qarşıda duran strateji vəzifələr

Bu gün həm də post-müharibə dövrünün ilk mərhələsini yaşamaqdayıq. Azərbaycan yeni tarixi hədəflərini müəyyən edir. Yəni qarşıda tam yeni bir dövr dayanır – böyük quruculuq, inkişaf dövrü… Düzdür, bu o qədər də asan proses deyil. Ən azından ona görə ki, düşmən 30 il ərzində işğaldan azad edilmiş ərazilərimizi darmadağın edib. Azərbaycan hər şeyi yenidən başlayacaq və ona görə də bu dövr şərəfli dövr olacaq.

Bu səbəbdən də Prezident İlham Əliyev ilk növbədə işğaldan azad olunan ərazilərimizin bərpası və yenidən qurulması məsələsini strateji vəzifə olaraq müəyyən edib. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması məqsədilə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması və 2021-ci ilin dövlət büdcəsindən ilkin olaraq 2,2 milyard manat vəsaitin ayrılması da bunu bir daha təsdiqlədi.

İlin əvvəlində Prezidentin imzaladığı növbəti mühüm sərəncamla “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramında nəzərdə tutulmuş inkişaf kursunun 5 prioritetindən birinin Qarabağa böyük qayıdışın təmin edilməsi proqramı kimi müəyyənləşməsi İlham Əliyevin bu məsələyə nə qədər böyük önəm verdiyini göstərdi.

Yeni dönəmdə əsas hədəflərdən biri də investisiyaların işğaldan azad edilmiş ərazilərimizə cəlb edilməsidir. Prezident iştirak etdiyi bütün konfranslarda, keçirdiyi görüşlərdə tərəfdaş ölkələrə, şirkətlərə mesaj ünvanlayaraq onları Qarabağa investisiya qoymağa dəvət edir. Çünki Vətən müharibəsinədək Azərbaycan bütün investorlar üçün ən cəlbedici məkanlardan biri sayılırdı. Bu gün isə böyük investorlara daha yaxşı imkanlar yaranıb. İşğaldan azad edilmiş ərazilərimizdə istənilən infrastruktura investisiyanın yatırılması böyük iqtisadi divident gətirə bilər.

Göründüyü kimi, qarşıdakı dövrdə ölkəmiz qarşısında böyük quruculuq, abadlıq işləri dayanır. Bu da əlbəttə ki, Azərbaycan tarixinə dirçəliş ili kimi düşərək yaddaşlarda əbədi qalacaq.

Pandemiya ilə mübarizə, sosial-iqtisadi islahatlar

Ötən il dünyanın siyasi, iqtisadi mənzərəsi həm də ziddiyyətli olması ilə yadda qaldı. Koronavirus pandemiyasının yaratdığı problemlər üzündən 2020-ci il dünya iqtisadiyyatı üçün “itirilmiş il” hesab oluna bilər.

Məhz pandemiya ilə mübarizə tədbirləri dövlətlərin iqtisadiyyatına mənfi təsirlərini göstərdi və sosial çətinliklər xalqların həyatına, dövlətlərin fəaliyyətinə təsirsiz ötüşmədi. Azərbaycan iqtisadiyyatında da tənəzzül yaşansa da, Prezidentin reallaşdırdığı qabaqlayıcı tədbirlər, islahatlar ölkəmizin bu çətinlikdən çox az itki ilə çıxmasını şərtləndirdi.

Sevindirici haldır ki, inkişaf etmiş dövlətlərin aciz vəziyyətə düşdüyü pandemiya şəraitində də Azərbaycan inkişaf kursunu davam etdirir. Belə ki, ölkəmiz örnək xarakterli sosial-iqtisadi siyasəti ilə diqqəti cəlb edir, inkişafa xidmət edən kompleks islahatlar davamlı xarakter daşıyır və respublikamız qlobal müstəvidə həmrəyliyə, əməkdaşlığa xidmət edən məqsədyönlü təşəbbüslər ortaya qoyur.

Dövlət idarəçiliyi sistemini daha da təkmilləşdirən İlham Əliyevin bu il də struktur və kadr islahatlarının şahidi oluruq. Aprelin 5-də Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən Prezident bir daha bu məsələlərə toxunaraq qeyd etdi ki, hər bir yerdə müasir menecment, idarəetmə olmalıdır. Son vaxtlar aparılan kadr islahatları da onu göstərir: “Harada ki, müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik, vicdan varsa, orada nəticə də olacaqdır”.

Bu fikri ilə dövlət başçısı bir daha struktur və kadr islahatlarının davam etdiriləcəyini və bütün sahələrdə yeniliklərin, müasir idarəetmənin tətbiqinin davamlı olacağını göstərdi.

Beləliklə, görüləcək işlər bir daha təsdiqləyir ki, Azərbaycan bundan sonra da İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişafını davam etdirəcək. Ərazi bütövlüyünü təmin etmiş Azərbaycan bu gün daha güclüdür və dövlətin iqtisadi qüdrəti istənilən islahatın həyata keçirilməsi üçün real zəmin yaradır.

Rəşad BAXŞƏLİYEV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 152
  • 45
  • 4,134
  • 22,196
ILK-10 Azeri Website Directory