Qarabağın builki yazı bir ayrı yazdır

İndi Ağdam kəndlisi torpaqla təmasdan fərqli zövq alır

Son 30 ilin yazına bənzəməyən bir yaz gəlib Qarabağa. Bu yaz müzəffər Ordumuzun erməni işğalından azad etdiyi torpaqlarımızın azad nəfəs alması və uzun zamanlardan bəri qələbə həsrəti ilə yaşayan yurd nisgilli insanların möhtəşəm Qarabağ zəfərinə köklənən yüksək əhvali-ruhiyyəsi və xoş ovqatıyla bənzərsizdi.

Al-əlvan çiçək örpəyinə bürünən meyvə bağlarını, zümrüd libaslı taxıl zəmilərini, göz işlədikcə uzanan göy çəmənləri seyr etdikcə ruhumuza sığal çəkən təbiətlə bu xoş təmasdan qeyri-adi bir məmnunluq duyuruq.

Qarabağın coğrafi mərkəzi olan Ağdamda da bu yaz günündə gerçək bir bayram əhvali-ruhiyyəsi yaşanır. Taleyini həyat qaynağı olan bərəkətli torpağa, halal zəhmətə bağlayan, firavan həyatı, xoş güzəranı üçün əməyinə güvənən Ağdam kəndlisi cari ilin yaz-tarla işlərinə minbir həvəslə başlayıb. Məqsəd uzun çəkən həsrətdən sonra qovuşduğumuz torpaqların hər qarışından səmərəli istifadə etməklə bolluq yaratmaq, ölkənin iqtisadi qüdrətinə sanballı Qarabağ töhfəsi verməkdir.

Bərəkətli çöllərdə yaz-tarla işlərinin vüsət aldığı bu günlər Ağdamda olduq. Təsərrüfatlarda iş başdan aşırdı. Dondurma şumu edilib, qış aratına qoyulmuş əkin sahələrinə mala çəkilib, çiyid səpininə hazırlanırdı. Keçən il müharibənin yaratdığı çətinliklərə baxmayaraq, ağdamlılar döyüşlərdə olduğu kimi, əmək meydanında da qəhrəmanlıq göstərmişlər. 2120 hektardan 7096,4 ton pambıq istehsal edilmiş, məhsuldarlıq 33,5 sentnerə çatmışdır. Ötən ilin obyektiv çətinliklərini, mövcud reallıqları nəzərə alaraq deməliyik ki, Ağdam pambıqçısının qazandığı bu nəticə kiçik deyil.

Buna baxmayaraq, pambıqçılıq sahəsində ilin hədəfləri daha böyükdür. Bu il pambıq əkən torpaq istifadəçiləri ilə 2282 hektar üçün müqavilə bağlanıb. Çiyid səpininə hazırlıq artıq başa çatıb. Səpin texnikası etibarlı təmir edilib, tələb olunana qədər keyfiyyətli çiyid, müxtəlif herbisidlər, mineral gübrələr gətirilib.

Builki yazın fərəh doğuran, ürəkaçan bir əlaməti də işğaldan azad edilmiş ərazilərdə əkin işlərinə start verilməsidir. 1993-cü ildən bəri erməni quldurlarının işğalı altında qalan ərazilərimizi indi özümüz əkib-becərməyə başlamışıq. Artıq 2046 hektarda taxıl əkilmişdir. Bu imkan təbii ki, getdikcə sürətlə artacaqdır. Mütəxəssislərin rəyinə əsasən demək olar ki, həmin taxıl zəmilərindən yüksək məhsuldarlıq gözlənilir.

Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramal Məmmədovla söhbətlərimizin əsas qayəsi kəndliyə davamlı dövlət dəstəyi ilə bağlı oldu. Həmsöhbətimiz ildən-ilə artan bu dəstəyin nəticələrini minnətdarlıqla vurğuladı: “Prezident İlham Əliyev cəbhə bölgəsi olduğuna görə Ağdama hər zaman xüsusi qayğıkeşlik və diqqət göstərmişdir. Məhz bu münasibət ağdamlılara güclü maddi və mənəvi stimul vermiş, bizi böyük qələbənin tezliklə qazanılacağına inandırmışdır. Nə xoş ki bu inam ordumuzun parlaq qələbəsi ilə doğruldu, Qarabağ işğaldan azad edildi. İndi biz uzun illərin həsrətindən sonra doğma yurdumuza qovuşmuşuq. Ürəyimizin oduyla, əllərimizin hərarətiylə, isti nəfəsimizlə bizim üçün qəribsəmiş torpaqlarımızı yenidən əkib-becərməyə başlamışıq. İnanın ki, səmimi deyirəm, torpaqla işləmək ağır olsa da, bu, heç kəsi yormur, əksinə, adamlar bu təmasdan zövq alır, sanki rahatlıq tapırlar. İndi yaz-tarla işlərinin qızğın çağıdır. Taxıl zəmilərində becərmə işləri gedir, zəmilərə yemləmə gübrəsi verilir, suvarılır, alaq otlarına qarşı mübarizə aparılır. Pambıqçılıqda mühüm təsərrüfat kampaniyası sayılan çiyid səpininə yaxın günlərdə başlayacağıq. Bütün hazırlıq işləri artıq başa çatdırılmışdır. Tərəvəz əkini sahələrində də becərmə işləri mütəşəkkilliklə davam edir”.

Ramal Məmmədovla söhbətdən onu da öyrəndik ki, keçən təsərrüfat ilində Ağdam rayonunun 15 kənd ərazi komissiyası üzrə 8203 istehsalçıya 21 min 962,8 hektar əkin sahələrinə görə 3,7 milyon manatdan çox subsidiya hesablanmış və həmin vəsait torpaq istifadəçilərinin kart hesablarına köşürülmüşdür. Həmçinin süni mayalanma yolu ilə alınan 1829 baş buzovun hər birinə görə fermerə 100 manat həcmində subsidiya verilmişdir. Pambıqçılıqda isə 521 min 800 manat subsidiya ödənilmişdir. Barama istehsalçıları da dövlətdən 12 min 450 manat subsidiya almışlar. Bunlardan əlavə, 2020-ci ildə rayonun  ehtiyac duyulan ərazilərində dövlət vəsaiti hesabına 22 subartezian quyusu qazılıb istifadəyə verilmiş, dizel yanacağının qiymətinin artması ilə əlaqədar əkin əmsallarına yenidən baxılmış, torpaq istifadəçilərinə dövlət dəstəyi daha da gücləndirilmişdir.

Lazım QULİYEV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 153
  • 45
  • 4,135
  • 22,197
ILK-10 Azeri Website Directory