İgid ölər, adı qalar

Bir gün gələn bir gün getməlidir. Necə deyərlər, “Ölüm haqdır, çıxmaq olmaz əmrdən”. Bir az geci-tezi olur onun. Başlıca şərt isə ulu Tanrının verdiyi ömür payını necə yaşamaqdır. Bu baxımdan şəhidlər ən uca məqamda qərar tuturlar. Çünki şəhidlik şüurlu ölümdür. Unudulmaz şairimiz Şəhriyarın sözləri ilə desək:

Şəhidlik bir səadət ki, hər kəs ona çata bilməz,

Allah ilə alım-satım, hər kəs alıb-sata bilməz.

İnsan gərək özün atsın, hər kəs özün ata bilməz.

Şəhidlərdir bunca çatan böylə böyük səadətə,

İgid bala, ayrılırıq, görüş qalsın qiyamətə.

Keçən il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı yüzlərlə salyanlı gənc də Vətənin müdafiəsinə qalxdı. Onların arasında nisbətən təcrübəlisi də, bığ yeri təzəcə tərləyəni də vardı. Bütün Azərbaycan oğulları kimi onları da bir amal, bir istək birləşdirirdi – nəyin bahasına olursa-olsun 30 ilə yaxın düşmən tapdağı altında qalan Qarabağı işğaldan azad etmək!

Bəli, biz heç vaxt xalqımızda belə birlik, döyüşkən ruh görməmişdik. Yaxşı deyiblər: “El bir olsa, dağ oynadar yerindən, güc bir olsa, zərbi kərən sındırar”.

Müdrik xalqımız bu dəfə də ən çətin vaxtda nəyə qadir olduğunu göstərdi, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdi. Birlik isə dirilikdir. Bu birlik dəmir yumruğa dönüb düşmənin başını əzdi.

44 günlük müharibədə düşmən və onun havadarları ən çirkin niyyətlərə əl atdılar. Amma sonda Ermənistanın baş naziri N.Paşinyan kapitulyasiya aktını imzalamaq məcburiyyəti qarşısında qaldı. Qarabağ, mədəniyyət beşiyimiz Şuşa işğaldan azad oldu.

Bu qələbənin qazanılmasında istər ön, istərsə də arxa cəbhədə olsun, salyanlıların da payı vardır. Vətən uğrunda gedən döyüşlərdə 58 salyanlı gənc qəhrəmancasına həlak oldu. Onlar böyük izdihamla, dərin ehtiramla doğulduqları qəsəbə və kəndlərdə torpağa tapşırıldı. Şəhidlərimiz dövlət tərəfindən medal və ordenlərlə təltif edildilər.

Dövlətimiz  şəhid ailələrinin bütün ehyiyaclarını qarşılayır, onlara böyük ehtiram göstərilir. Salyan şəhərində, rayonun ayrı-ayrı yaşayış məntəqələrində şəhidlərin böyüdülmüş şəkilləri ən görkəmli yerlərdə asılıb. Salyan şəhərindəki lövhədə isə 58 şəhid bir yerə toplaşıb. Lövhə gecələr xüsusi lampalarla işıqlandırılır. Buradan sakit keçib getmək mümkün deyil. Hər kəs bu lövhənin önündə dayanıb şəkillərdən boylanan qəhrəmanlara baxır, lövhənin önünə gül-çiçək qoyur, şəhidlərin ruhuna dualar oxuyur.

Seyran CAVADOV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 154
  • 45
  • 4,136
  • 22,198
ILK-10 Azeri Website Directory