Kamal Abdulladan Çingiz Abdullayevə doğum günü təbriki

Kamal Abdulladan Çingiz Abdullayevə doğum günü təbriki<b style="color:red"></b>

7 aprel Xalq yazıçısı Çingiz Abdullayevin doğum günüdür. Bu münasibətlə Xalq yazıçısı, akademik Kamal Abdulla Çingiz Abdullayevə təbrik məktubu ünvanlayıb.

Həmin məktubu təqdim edirik. 

“Əziz Çingiz müəllim! Sizi ömrünüzün əlamətdar günü – doğum gününüz münasibəti ilə ürəkdən təbrik edir, uzun ömür, cansağlığı, könül xoşluğu arzu edirəm. Azərbaycan mətbuatının doğum gününüzə olan həssas və diqqətli münasibəti, müxtəlif sosial şəbəkələrdə sizə ünvanlanan xoş sözlər bir daha təsdiq edir ki, təkcə yazıçı kimi yox, eyni zamanda nümunəvi ziyalı kimi də insanların böyük məhəbbətini qazanmısınız. Əlbəttə, bu, ömrünü kitablara, ədəbiyyata həsr edən bir insan üçün böyük xoşbəxtlikdir. Siz bu xoşbəxtliyi haqq edən əziz dost, gözəl yazıçı, təəssübkeş vətəndaşsınız.

Müəllifi olduğunuz kitablar dünyanın müxtəlif ölkələrində oxunur, sevilir və təbliğ olunur. Bunun şəxsən şahidi olmuş və əlbəttə, çox sevinmişəm. Kitablarınız bütün dünyada ölkəmizin güclü təbliğatçısıdır. Nə gözəl ki, gənc nəsil oxucular da sizin yaradıcılığınıza maraq göstərir, romanlarınızı sevə-sevə oxuyurlar.

Sizi Azərbaycanda gedən ictimai-siyasi proseslərdə həmişə öndə görmüşəm. Bütün situasiyalarda əsl ziyalı mövqeyini göstərməyiniz dövlətimiz və xalqımız tərəfindən rəğbətlə qarşılanıb. Məhz bu rəğbət və ehtiramın bariz nümunəsidir ki, dövlətimiz yaradıcılığınızı yüksək dəyərləndirib, Azərbaycan dövlətinin ali təltiflərinə layiq görülmüsünüz.

Sizi doğum gününüz münasibəti ilə bir daha ürəkdən təbrik edir, yeni-yeni kitablarınızın çap olunmasının tükənməyən sevincini yaşamağı arzu edirəm!”

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 358
  • 129
  • 6,884
  • 21,217
ILK-10 Azeri Website Directory