28 illik ayrılıqdan sonra doğma yurda qovuşmaq istəyi

Mina təhlükəsi tam aradan qaldırılmayınca bu ərazilərə getməyə tələsmək olmaz

Ötən il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində 30 ilə yaxın müddətdə işğalda qalan tarixi Azərbaycan torpaqları azad edildi.

Şanlı döyüşlərin Qələbə ilə nəticələnəcəyi bizim üçün şəksiz idi. Düşmənin illərlə yaratdığı dəmir-beton səddi Füzuli-Cəbrayıl rayonları ərazisində, əks-hücumun ilk günlərində canı-qanı bahasına yarıb keçən Müzəffər Ordumuzun hər bir döyüşçüsü qəhrəmanlıqlar göstərməklə əsl Vətən sevgisini təsdiqlədilər.

O sərt sınaqlı, qanlı-qadalı günlərdən artıq xeyli vaxt keçib. Hazırda işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi gedir. Qarşıda bizi Böyük Qayıdış kimi arzuladığımız gözəl günlər gözləyir.

Əlbətə, illərdir öz doğma, ata-baba yurdlarının xarabalığa çevrildiyini bilən, Müdafiə Nazirliyinin vaxtaşırı göstərdiyi videokadrlardan görünən o yerlərdən zorla çıxarılan və məcburi köçkünlərə çevrilmiş insanların qayıdışa, yenidən yurd-yuvasını bərpa etmək həvəsi də  anlaşılandır. Lakin unudulmamalıdır ki, düşmən o yerləri könüllü şəkildə azad etməyib. Nəinki yaşadıqları bizim  həyət-bacaları, bağ-bağçaları, hətta bütünlüklə yol-izi, təbiəti belə  qisasçılıq hissi ilə yandıraraq tərk ediblər. Eyni zamanda boşaldılan ərazilərdə külli miqdarda minalar, partlayıcı qurğular basdırıblar. Məhz bu baxımdan ANAMA-nın həmin ərazilərdə təmizləmə işlərini aparması əsas vəzifəyə çevrilib. Təəssüf hissi ilə qeyd edilməlidir ki, doğma yerlərə qayıdış istəyi bəzən insanların həyatlarını təhlükəyə atsa da, bəziləri bunun fərqinə varmır və nəticədə fəlakətlə üzləşməli olurlar.

Məsələ ilə bağlı Kəlbəcər RİH başçısının və rayon prokurorunun iştirakı ilə təhlükəsizlik tədbirləri yekunlaşmayana qədər kəlbəcərlilərin həmin ərazilərə qanunsuz daxil olmalarının qarşısını almaq məqsədilə maarifləndirici tədbir keçirilib.

Görüşdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, hüquq-mühafizə orqanlarının nümayəndələri, aidiyyəti qurumların rəhbərləri, eləcə də ağsaqqallar iştirak ediblər. RİH başçısı Müzəffər Ordumuzun qalib sərkərdəsi, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci il tarixindən başlayan və 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə başa çatdığını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş rayonlarımıza qayıdışla bağlı etdiyi proqram xarakterli çıxışına toxunan RİH  başçısı qeyd edib ki,  kəlbəcərlilərin də öz doğma yurdlarını tezliklə görmək, oraya qayıtmaq arzusu başadüşüləndir. Çünki uzun illərdir soydaşlarımız öz ata yurdlarını görmür, doğmalarının məzarlarını ziyarət etmirlər. Lakin hər bir vətəndaşımızın şəxsi təhlükəsizliyi və təhlükəsiz şəraitdə yaşaması dövlətimiz üçün əsas prioritet vəzifələrdəndir. Bu səbəbdən də işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi işi təxirə salınmadan həyata keçirilir: “Bu işlər elə aparılmalıdır ki, minalardan təmizlənmə başa çatdıqdan sonra hər hansı bir bədbəxt hadisə baş verməsin. Azad edilmiş torpaqlarda müharibədən sonra, eləcə də son günlərdə əfsuslar olsun ki, bədbəxt hadisələr baş verib. Mülki şəxslərin öz yurdlarını görmək istəyi bəzən onların canı bahasına başa gəlir. Hazırda işğaldan azad edilmiş ərazilər, o cümlədən Kəlbəcər rayonu hələ ki, ciddi təhlükə mənbəyidir. Çünki ərazidə partladılmamış mərmilər, minalar və digər hərbi sursatlar mövcuddur. Bu böyük təhlükə səbəbindən  nə piyadalarımız, nə də avtomobillərimiz ərazidə sərbəst hərəkət edə bilmir, bəzən bədbəxt hadisələr baş verir, vətəndaşlarımız yaralanır, hətta həlak olurlar…”

Rayon rəhbəri tədbir iştirakçılarının nəzərinə onu da çatdırıb ki, azad edilmiş torpaqlar minalardan təmizləndikdən sonra bərpa, quruculuq, abadlıq işləri başlayacaq və biz tezliklə öz Kəlbəcərimizə qayıdacağıq. Bu qayıdışa kimi əhali arasında maarifləndirmə və təbliğat işləri aparılmalıdır.

Kəlbəcər RİH rayonun hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət göstərərək, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsinə nəzarət edir. Rayon əhalisi arasında maarifləndirmə və təbliğat işlərinin aparılmasında ictimaiyyətin nümayəndələri də fəallıq göstərirlər. Çünki bu, ümummilli məsələdir: “…Əhali arasında təbliğat aparılır, maarifləndirmə işləri gücləndirilir. Rayon əhalisinə bir daha  xatırladılır ki, işğaldan azad edilmiş ərazilərdə mövcud təhlükələri nəzərə alıb, minalardan, eləcə də digər partlayıcı vasitələrdən tam təmizlənənədək, gediş-gəlişə icazə verilənədək həmin bölgələrə qanunsuz səfər etməkdən çəkinsinlər. Müvafiq icazəsi olmadan polis postlarından yayınan və ya onların tələbinə tabe olmayan işğaldan azad edilmiş ərazilərə qanunsuz keçən, yaxud buna cəhd edənlər haqqında rayon prokurorluğu tərəfindən qanuna müvafiq qaydada tədbirlər görüləcək”.

Məhəmməd NƏRİMANOĞLU

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 21
  • 7
  • 6,759
  • 23,632
ILK-10 Azeri Website Directory