Qazax: “Özü “tarixi” qurtarmışdı, adını da tarixə yazdı”

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış “Qanları ilə dastan yazanlar” kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.

Kitabda şəhidimiz leytenant Məmmədov Məhəmməd Zakir oğlu haqqında yazılmış “Özü “tarixi” qurtarmışdı, adını da tarixə yazdı” sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik…

“Özü “tarixi” qurtarmışdı, adını da tarixə yazdı”

Həyatda hər bir insan öz həyat tarixçəsini özü yazır. Etdiyi əməlləri, gündəlik fəaliyyəti ilə həmin tarix dəftərinin səhifələrini ağ, qara rənglərlə yazıb ömrünü başa vurur. Dünyaya gəlib yaşamış hər bir insandan tamamlanıb və yaxud yarımçıq qalan həmin ömür kitabları yadigar qalır. Elə insanlar da var ki, onlar əməlləri, mərdlikləri, şücaətləri ilə əbədiləşərək adlarını tarixə yazdırırlar. Şəhid leytenant Məmmədov Məhəmməd Zakir oğlu kimi.
Məhəmməd Məmmədov qısa, amma şərəfli, nəsillərə nümunə olacaq bir ömür yaşamış, adı tarixə yazılmışdır – şərəf, ləyaqət tarixinə. Anası Yaqut xanımın dediyi “Özü “tarixi” qurtarmışdı, adını da tarixə yazdı” sözləri Məhəmmədin yarımçıq qalan ömür tarixinin ana xətti, leytmotividir.  
1994-cü ilin yanvarın 27-də Qazax rayonunun Alpout kəndində dünyaya gəlmişdi Məhəmməd. Evin böyük oğlu idi. Kiçik yaşlarından öz dərrakəsi, yaddaşı, biliyi ilə diqqəti özünə cəlb eləmişdi. 2001-ci ildə Rəsul Mirzəyev adına Alpout kənd tam orta məktəbində oxumağa başlayanda da müəllimlər Məhəmmədin bilik və bacarığını görür, onun sabahının işıqlı olacağına inanırdılar. İnanırdılar ki, şagirdləri gələcəkdə savadlı və perspektivli bir mütəxəssis olacaqdır.
Məhəmməd Məmmədov 2012-ci ildə orta məktəbi qurtardıqdan sonra təhsilini davam etdirib valideynlərinin, müəllimlərinin ona bəslədikləri ümidləri doğrultdu. Həmin il yüksək balla Bakı Dövlət Universitetinin Qazax filialının Tarix və coğrafiya müəllimliyi fakültəsinə daxil oldu. 2016-cı ildə təhsilini uğurla başa vurub gənc mütəxəssis kimi diplom aldı. Valideynləri, müəllimləri onun öz təhsilini artırıb davam etdirəcəyini, yaxud öz ixtisası üzrə çalışacağını gözləyirdilər. Filialın direktor müavini, dosent Məmməd Yusifovun yazdığı bu cümlələr Məhəmmədin xarakterini aydın şəkildə açıb göstərir: “Təhsil illərində Məhəmməd özünü bilikli, geniş dünyagörüşünə malik olan nizam-intizamlı bir tələbə kimi göstərirdi. O, eyni zamanda vətənpərvər, el-obasına bağlı bir gənc idi. Filialda tarixi günlərlə bağlı keçirilən əksər tədbirlərə təşkilatçılıq edirdi. Qarabağ məsələsində çox həssas idi. Torpaqlarımızın işğalı ilə heç cür barışmırdı. “Nə qədər gözləmək olar?” deyirdi. Ona görə də Məhəmməd müharibəyə öncüllər sırasında getdi”.
2016-cı ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb hərbi xidmət keçəndən sonra onun arzu və istəkləri, gələcək həyat yolu birdən-birə köklü şəkildə dəyişdi. Hərbi sahə Məhəmmədi özünə elə bağladı, elə cəlb elədi ki, bir daha ondan ayrıla bilmədi. Hərbi xidmətini başa vurub evə qayıdandan sonra valideynlərinə hərbiyə gedib bu sahədə xidmət edəcəyini bildirdi.
Təəccüblü olsa da, bu, onun öz seçimi idi. Bəlkə də, bu qərar atası Zakir kişinin vaxtilə hərbidə qulluq etməsindən, Qarabağ müharibəsi veteranı olmasından və Məhəmmədin uşaq vaxtından qəlbən bu sahəyə bağlanmasından irəli gəlirdi. Bəlkə də…
Dediyi kimi də elədi. Məhəmməd Məmmədov gənc zabit kimi “N” saylı hərbi hissədə xidmət etməyə başladı. Özü seçdiyi üçün hərbi sahədə ilk gündən ürəklə, həvəslə çalışırdı. Verilən tapşırıqlara yüksək səviyyədə əməl edir, gələcəyin sağlam, yüksək əhval-ruhiyyəli bir zabiti kimi yetişirdi.
Atası Zakir kişi oğlu ilə sonuncu görüşünü belə xatırlayır:
– Sentyabrın 15-də (2020-ci ilin) evə gəlmişdi. Beş günlük məzuniyyətdə idi. Uzun müddətdən sonra ailəmiz yenə də bir yerə toplaşmışdı. Hamımız deyib-gülür, fərəhlənirdik. Məzuniyyətinin dördüncü günü komandirləri Məhəmmədə zəng elədi. Danışıb qurtarandan sonra oğlum gedəcəyini deyib hazırlaşmağa başladı. Bir-iki saat sonra bizimlə sağollaşıb (əslində isə vidalaşıb) yola çıxdı. Sonra eşitdim ki, Tərtərdə döyüşür.
Onu da qeyd edim ki, həmin vaxt Məhəmmədin qardaşı Nurlan Məmmədov da cəbhədə döyüşürdü. O, da dövlət tərəfindən medallarla təltif olunmuşdur.
“N” saylı hərbi hissənin motoatıcı taborunun tərkibində tağım komandiri olan leytenant Məhəmməd Məmmədov Vətən müharibəsi başlayan ilk gündən cəbhə bölgəsində olub, mərdliklə döyüşüb. Sentyabrın 30-da döyüşərkən ayağından və çiynindən qəlpə yarası almasına baxmayaraq, hospitala gedib müalicə olunmayıb. “Mənim əsgərim döyüşdə ola-ola mən müalicə oluna bilmərəm” – deyərək yenidən döyüşə girib.
Məhəmməd Məmmədov Suqovuşanın alınmasında, Cəbrayılın, Laçının azad olunmasında iştirak edib. O, oktyabrın 4-də səhər tezdən Cəbrayıl-Ağdərə istiqamətində gedən ağır döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən snayperlə vurulub, döyüş meydanında qəhrəmancasına şəhid olub.
Şəhid leytenant Məhəmməd Məmmədov Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Subay idi. Məhəmməd Məmmədovdan gələcək nəsillərə şərəfli bir ömür tarixçəsi yadigar qalıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 1,045
  • 52
  • 7,236
  • 24,675
ILK-10 Azeri Website Directory