Ermənistan terrorçuluğa başlamaqla hədələyir – Yazı

Ermənistan terrorçuluğa başlamaqla hədələyir - <b style="color:red">Yazı</b>

Telman ORUCOV

Ermənistanın yeni yaraları

(Əvvəli ötən cümə sayımızda)

Ermənilərə gəldikdə, onlar çoxdan dünyaya yayılmışlar. Lakin gücləri həddində olmayan çox iri planlar cızmaqla, nəticədə heç nə əldə edə bilmədikləri halda, onun əzabını çəkməli oldular. 44 günlük müharibədəki məğlubiyyət Azərbaycan barədə onların bədnam planlarını alt-üst etdi və diz çöküb yalvarmağa başladılar. Qələbə məğlub olan tərəfə ayıldıcı təsir göstərdi, Ermənistan özünə fəlakət gətirən planlardan əl çəkmək məcburiyyətində qaldı. Lakin kədər içində olsa da, sevinməlidir ki, sonrakı daha ağır faciələrə aparan istəklərindən geri çəkildi və düşmənçiliyinə son qoymaq yolunu seçməli oldu.

Babil sakinlərinin az qala Göyü qəsb etmək illüziyasına Allah özü son qoydusa, Ermənistanın xəyalpərvər istəklərinə daim Allaha sitayişi ilə seçilən azərbaycanlılar sədd çəkdi. Ermənistanın müharibə odu ilə oynayan xadimləri gerçəkliyin təsiri ilə letargik yuxudan oyanmalı oldu. Dərindən fikirləşdikdə, onlar məhvedici xülyalardan uzaqlaşmalarına görə Azərbaycan ordusuna ən azı ürəklərində minnətdar olmalıdırlar. Məğlubiyyət istedadlı, zəhmətkeş alman xalqını Hitlerdən və onun sərsəm ideyalarından uzaqlaşdırdığı kimi, İkinci Qarabağ müharibəsi də erməni xalqını öz daxilindəki iyrənc düşmənləri olduğu kimi görüb, onları yaxşı tanımağa şərait yaratdı. 

Ermənilərin qədimliyə vurğunluq xəstəliyi 

Erməni millətçiləri öz xalqının guya unikallığını göstərmək, sübuta yetirmək üçün dəridən-qabıqdan çıxır, hər vasitəyə, xüsusən qeyri-elmi üsullara əl atmaqdan da çəkinmirlər. Ən əlverişli vasitə isə yalanlar, uydurmalardır. Erməni tarixçiləri, arxeoloqları mənsub olduqları milləti qədimiləşdirmək üçün bir-biriylə idman yarışına girirlər, istənilən olimpiyaçıya onlar bu sahədə dərs verə bilərlər. Orta əsrlərdə yaranan öz keçmişini şişirtmək meyli ənənəsi estafetini XX əsrin tarixçiləri də qəbul etmişlər. Bu xəstəlik elə bil ki, endemik xarakter daşıyır. Tarixçilər öz xalqını Hett və Assuriya imperiyalarının yaşıdlığına aparıb çıxarırlar. Mənşəcə erməni olan akademik İ.A.Orbeli Ermənistan ərazisində qədim Urartu dövlətinin mövcud olduğunu arxeoloji qazıntılar aparmaqla tapmışdı. Sonradan qədim urartuluların protoerməni olmasını iddia etmək üçün elan olunmamış müsabiqə başlatmışdı.

Öz xalqını sevmək, onun tarixini öyrənməyə həvəs heç də qəbahət deyildir. Lakin ciddi bir əsasa malik olmadan xalqın yaranmasını az qala tarixin başlanğıcına yaxınlaşdırmaq istəyi, təxəyyülün məhsulunu elm adına verməyə bənzəyir. Qədim xalqların heç biri bunu özlərinə üstünlük əlaməti kimi qələmə vermirlər. Misirlilər də, hindlilər, çinlilər, yunanlar da qədim tarixə malik olmalarını heç də özlərinin unikallığı, öyünmək mənbəyi kimi gözə soxmurlar, başa düşürlər ki, bunu elmi faktlar təsdiq etmişdir. Elmi təsdiqdən məhrum olan tarix kimin qələmindən çıxmasından asılı olmayaraq uydurmadır, yalandır. Buna aludəliyin özü də təəssüf hissləri doğurmaya bilməz.

Bəzi tarixçilər, xüsusən bir neçə sözdən yapışıb qədim xalqlarla öz yaxınlığını, bu mümkün olmayanda, əlaqələrini uydurmaqla məşğul olurlar. Bu məsələdə oxşar adlardan istifadə xüsusi gəlir mənbəyinə çevrilir. Müasir hind-Avropa dillərində danışan millətlərdəki adlar əsasən qədim yunanlardan və ya Bibliyadan götürülmüşdür.

Qədim Romada iyirmidən az ad var idi və kişi adlarının son hərfi dəyişilməklə qadın adlarına çevrilirdi. İslam dininə sitayiş edən xalqlarda adlar ərəb dilindən, əsasən, ərəb xilafətində işlədilənlərdən götürülmüşdür. Adın oxşarlığı və ya lap təkrarlığı ilə özünə qədim xalq adı vermək, toyuq oğrularının süfrəsini bəzəyən xörəklərə bənzəyir, axı onlar oğurluq quş ətindən hazırlanmışdır. Keçmiş tarixi şəxsiyyətin adı mənimsənildikdən sonra, onların fəaliyyətinin nəticələrini də öz millətinin adına qəsb etmək o qədər də çətin olmur.

Bəzi erməni yaradıcı ziyalıları ümumi ehtirasa qapılıb, ölçü hissinə məhəl qoymurlar, onlar üçün ən vacib məsələ xalqın tarixini qədimləşdirməkdə başqalarını geridə qoymaqla fərqlənməkdir. Şairə Silva Kaputikyan öz şeirində məşhur Assuriya çariçası Semiramidanın (Şammuramatın) gənc erməni oğlana vurulduğunu, ona yaxınlıq üçün hər vasitəyə əl atdığını təsvir edir. Əsas məqsəd odur ki, ermənilər qədim tarixin subyektinə çevrilməklə, bizim eradan əvvəl IX əsrə gedib çıxır. Yaxud b.e.ə. 53-cü ildə məşhur Roma siyasətçisi, ilk triumviratın üzvü olan Mark Litsini Krass sərkərdə kimi ordusu ilə birlikdə Şərqi Suriyadakı Karrda Parfiya sərkərdəsi Surena tərəfindən məğlub edildi və Krassın özü həmin döyüşdə həlak oldu. Onun kəsilmiş başı qələbəni daha da şərəfləndirmək üçün teatr səhnəsində dığırlandırıldı. Erməni tarixçiləri mənşəcə pers olan Parfiya sərkərdəsinin erməni olduğunu yazır, həlak olmuş Roma sərkərdəsinin xatirəsinin təhqir səhnəsini də ermənilərin adına çıxırlar.

Ad yaxınlığına görə b.e.ə. 9-cu ildə Varın komandanlığı altındakı üç Roma legionunu Tevtoburq meşəsində məhv edən və german tayfası olan heruskların rəhbəri Arminini də, əslən İspaniyadan olan Roma imperatoru Trayanı da ənənəyə müvafiq olaraq çəkinmədən erməni adlandırmaq olar. Əsas məsələ təxəyyül qazanının iri olmasıdır, orada ən böyük uydurmanı da əritmək olar.

İngilis xalqı böyük tarixə malik olmaqla, dörd qitədə öz imperiyasını yaratmışdı. Lakin ingilis tarixçiləri etiraf edirlər ki, bizim eranın V-VI əsrində yaşamış, iftixar mənbəyi saydıqları kral Arturun dəqiq tarixi şəxsiyyət olduğunu təsdiq edə bilməmişlər, deməli, o, həmin əsrlərin qovuşmasında sakson müdaxiləçilərinə qarşı Britaniyanın mübarizəsinə başçılıq edən əfsanəvi qəhrəman olaraq qalır. Onlar onu da qeyd edirlər ki, kral Artura qədər romalıların minillik tarixi, onu bəzəyən hadisələri və dəqiq şəxsiyyətləri mövcud idi. Məgər bu etiraf ingilislərin bəşəriyyətin inkişafındakı rolunu azaldırmı? Əksinə, onların elmi müddəalarına böyük hörmət yaranır. Şimali Amerikada yaşayan çox saydakı hindu tayfaları istisna olmaqla, Kolumbun kəşfindən sonra bura avropalılar ayaq açdılar, ingilislərin ilk koloniyası 1607-ci ildə Virciniyada, digər mühüm koloniyası olan “Yeni Plimut” isə Massaçusetsdə yarandı: on milyonlarla amerikalı öz mənşəyini həmin sonuncu kolonistlərdən götürür. Mərkəzi və Cənubi Amerikadan fərqli olaraq Şimali Amerikada şəhərlər yox idi, hindu tayfaları köçəri həyat sürür, bizon sürüsünün arxasınca gedirdilər. Məgər indi fövqəldövlət olan ABŞ öz tarixini saxtalaşdırmalıdır ki, ona azacıq da olsa qədimilik versin. Milli portret retuşa məruz qalanda, həmin millətin tarixinə bütünlüklə şübhələr yaranır və faktiki olanlara da inam azalır.

Yaxud XIII əsrə qədər ərəb xilafətlərində elm, təhsil, mədəniyyət Avropa xalqlarından yüksək idi. Abbasilər xilafəti dövründə antik fəlsəfə əvvəlcə ərəb dilinə tərcümə edilmiş, sonra isə X-XII əsrdə mövcud olan Kordoba xilafəti, sonra isə əmirliyi vasitəsilə başqa dillərə tərcümə edilməklə Avropa xalqlarına ötürülmüşdü. 1258-ci ildə monqollar Bağdadı işğal etdikdən sonra, burada elm tənəzzülə uğramış, Avropada isə universitetlərin yaranması ilə elm, təhsil gur inkişaf etməyə başlamışdı. XVII əsrdəki Elmi inqilab, XVIII əsrdəki Sənaye inqilabı Avropanı xeyli irəli çıxarmışdı. Bu tarixi həqiqətləri Avropa alimləri nəinki təkzib etmirlər, əksinə, yeri gəldikcə qeyd edir, vurğulayırlar.  

Ermənistan terrorçuluğa başlamaqla hədələyir 

Ermənistandan terrorçuluq hədələri eşidilməyə başlanır, buna təəccüblənmək lazım deyildir, XX əsrdə guya 1915-ci il genosidinin qisasını almaq üçün ermənilər türk diplomatlarına qarşı terrora başlamışdılar. Axırıncı hadisə 1982-ci ildə ABŞ-da baş vermiş, iki erməni Los-Ancelesdəki Türkiyənin baş konsulunu qətlə yetirmişdi. XX əsrin son onilliyindən isə Ermənistan Azərbaycana qarşı dövlət terrorçuluğunu həyata keçirmişdi. Dağlıq Qarabağda rus alayının köməyi ilə erməni millətçiləri 1992-ci ilin fevralında Xocalıda dinc əhalinin qətliamını icra etmiş, yüzlərlə insanı öldürmüş, qocalara, uşaqlara, qadınlara da aman verməmişdilər. Yəqin ki, qatillər bu cinayətlərinə görə cavab verməli olacaqlar, çünki qətl cinayətinin mürür-zaman müddəti yoxdur. Azərbaycana qarşı zooloji nifrəti olan bir erməni də, öz millətinin hansısa bir nümayəndəsinin azərbaycanlı tərəfindən öldürülməsi faktını göstərə bilməz, çünki uzun illər ərzində belə bir hadisə baş verməmişdir.

Erməni millətçiləri məğlubiyyət acısını yox etmək üçün hər şeyə, terrorçuluğa da əl ata bilərlər və onlar yaddan çıxarmamalıdırlar ki, buna görə ağır cavab almaqdan yayına bilməyəcəklər, Azərbaycanda yaşayan erməniləri girov vəziyyətinə sala bilərlər. Onlar daim qələbələri ilə qürrələnir, hər yerdə məğrur görkəm alır, düşməni öz torpaqlarından qovmaları ilə öyünürdülər. Lakin son müharibədəki məğlubiyyətdən sonra həmin təkəbbürdən, məğrurluqdan əsər-əlamət qalmadı. Ermənistan vətəndaşları itkin düşmüş övladlarına görə öz hökumətlərindən kömək gözləmədiklərindən, Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edir, yardım göstərməsi barədə ona yalvarırlar.

Erməni millətçilərinin bugünkü vəziyyəti qədim yunan mifologiyasındakı Niobanı yada salır. Kiçik Asiya çarı Tantalın qızı olan Nioba əri Fiva çarından yeddi oğul və yeddi qız doğmuşdu. Öz övladlarının çoxluğu ilə o, qürrələnir və cəmi iki uşağı olan ilahə Letoya gülürdü. Axırıncının övladları Apollon və Artemida analarını yolverilməz qaydada utandırdığına görə ondan qisas almaq istədilər, bu məqsədlə Niobanın bütün uşaqların oxla vurub öldürdülər. Dərdə dözə bilməyən ana daşa döndü və Zevs Niobanı qayaya çevirdi. Bu qayanın zirvəsindən göz yaşları axırdı.

Beləliklə, Nioba obrazı təkəbbürün, həm də dözülməz əzablara düçar olmanın simvoluna çevrildi.

Parisin Bulon meşəsi parkında gözlərindən yaş axan mərmər qadın heykəli diqqəti cəlb edir, bu, Niobanın heykəlidir. O, birdən-birə itirdiyi bütün övladlarına yas saxlayır, daim kəsilmək bilməyən göz yaşları axıdır.

Erməni millətçiləri də öz təkəbbürlüklərinə, alçaq məqsədlərinə görə, xalqının cavanlarını ədalətsiz müharibəyə, əslində, ölümə göndərdiklərinə görə xəcalət çəkməlidirlər. Onlar heç vaxt qurban gedənlərə görə göz yaşı axıtmayacaqlar, lakin həlak olanların analarının dözülməz hüznünün nişanəsi olan göz yaşları qurumayacaqdır və bu, həmin qatillər üçün ömürlük cəzaya çevriləcəkdir. Onsuz da məğlubiyyət onların təkcə əməlləri üçün deyil, bədnam ideyaları üçün də layiqli cəza oldu.

(Ardı var)

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 12,999
  • 89
  • 20,376
  • 34,300
ILK-10 Azeri Website Directory