Göygöldə əkin sahələrinin su problemi həll edilir

Rayondakı kənardan idarə olunan subartezian quyusu MDB-də bir ilkdir

Son illər ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət aqrar sahədə də köklü dəyişikliklərə səbəb olmuşdur. Regionlarda suvarılan torpaq sahələrinin genişləndirilməsi, mütərəqqi texnologiyalara əsaslanan aqroparkların, müasir heyvandarlıq komplekslərinin, iri fermer təsərrüfatlarının yaradılması nailiyyətlərin əldə olunmasında xüsusi rol oynamışdır.

Qazanılan bu uğurlarda suvarma sistemləri idarələrinin böyük rolu vardır. Bu baxımdan Göygöl rayonunda bir sıra məqsədyönlü işlər görülmüşdür. Qeyd edək ki, rayon Suvarma Sistemləri İdarəsinin kollektivi 15 min 200 hektar əkin sahəsinin vaxtında suvarılması üçün bütün imkanlardan maksimum istifadə edir.

Hazırda kollektiv yaz-tarla işləri ilə əlaqədar hazırlıq işlərini daha da genişləndirmişdir. Xeyli vaxtdır ki, çayların, arxların və kanalların təmizlənməsi işlərinə başlanılmışdır. Xanarxı və Ərəbli arxlarında isə betonlama işləri sürətlə aparılır.

Göygöl suvarma suyu ilə təminatda əziyyət çəkən rayonlar sırasındadır. Bunu nəzərə alan dövlət başçısı hər il rayonda yeni subartezian quyularının qazılması ilə bağlı sərəncam verir. Təkcə keçən il rayonun 7 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10  subartezian quyusunun qazılması üçün sərəncam imzalanmışdır. Həmin sərəncama uyğun olaraq, 9 quyu qazılaraq istifadəyə verilmişdir. Bir quyunun qazılması işləri isə başa çatmaq üzrədir.

 Bundan başqa, idarə tərəfindən Göygöl və Gəncə ərazisindən keçən Xanarxın torpaq hissəsi beton üzlüyə alınır. Sel və daşqınların qarşısını almaq üçün Gəncəçay, Kürəkçay və Qoşqarçayın məcralarının təmizlənməsi işləri də davam edir. Xanlar, Qızılca, Nadel, Mollaosman, Bəhrəmbəy arxlarının isə dəhnələri möhkəmləndirilib. Hazırda qədim arx olan Xanarx kanalının Üçtəpə ərazisindən keçən hissəsində kanalın torpaq hissəsi beton üzlüyə alınır. Bu işlərlə yanaşı, uzun illər sudan çətinlik çəkən Göygöl rayonunun Haçaqaya kənd sakinlərinin su probleminin aradan qaldırılması istiqamətində də işlərə başlanılıb. Kənd əhalisi əkin sahələrini bu günə qədər maşınlarla gətirilən su hesabına təmin edirdilər. Amma yaxın zamanlarda kənddə yeni qazılan subartezian quyusunun işə salınması ilə bu problemin həllini tapacağı gözlənilir.

Hazırda Gəncə şəhəri və Göygöl rayonunda olan 285 subartezian quyusu ilə 4880 hektar ərazi suvarılır. Haçaqaya ərazisində qazılan subartezian quyusu isə 20 hektar ərazinin suvarılmasını təmin edəcək. Sudan əziyyət çəkən kənd sakinləri səbirsizliklə yeni qazılan subartezian quyusunun istifadəyə veriləcəyi günü gözləyirlər. Ümid edirlər ki, 75 ailənin yaşadığı kəndin su problemi tezliklə öz həllini tapacaq. Yeri gəlmişkən qeyd edək ki, 2020-ci ildə rayon əhalisinin əkin sahələrini suvarma suyu ilə təmin etmək, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına zəmin yaratmaq məqsədilə 242 subartezian quyusunda cari, 5 subartezian quyusunda isə əsaslı təmir işləri aparılmışdır. Ümumiyyətlə, su itkisinin qarşısının alınması, fermerlərin əkin sahələrini vaxtında suvarması üçün arxların təmizlənməsi və təmir-bərpası işləri də görülür. Nadel, Mollaosman, Qızılca və Bəhrəmbağ arxlarının və kanallarının dəhnələri şitlər, beton bloklar və digər vasitələrlə möhkəmləndirilir. Arxların və kanalların 26 min kvadratmetrlik hissəsi kol-koslardan təmizlənib. Boru kəmərində 4 kilometr uzunluğunda, beton kanallarda isə 6 kilometrədək hissədə təmir işləri görülüb. Bundan başqa, Xanlar arxında, Kürəkçay və Qoşqarçayda qapalı boru şəbəkələri təmir edilib. Bütün bunlar əkin sahələrinin tam suvarılmasına şərait yaradır.

Onu da bildirək ki, 1000 hektar ərazinin suvarılmasında istifadə edilən 10 nasos stansiyasının daim işlək vəziyyətdə olması nəzarətdə saxlanılır. Əsas su mənbələri isə Gəncəçay, Kürəkçay, Qoşqarçay və Şəmkir su anbarıdır. 1953-cü ildə Gəncəçayın üzərində inşa edilmiş, çayı sağ və sol qollara ayıran Xanarxı və Ərəbli kanallarını su ilə təmin edən platinada da mütəmadi olaraq təmizlik və təmir-bərpa işləri görülür. Dozular kəndində isə uzun müddət yararsız hala düşmüş kanalın əsaslı təmiri başa çatıb. Su itkisinin qarşısını almaq və əhalinin suvarma suyuna olan tələbatını maksimum dərəcədə ödəmək üçün kanalın 2 kilometrlik hissəsi polietilen boru ilə əvəz olunmuşdur.

Diqqətə çatdıraq ki, təkcə Azərbaycanda yox, MDB ölkələri arasında ilk dəfə olaraq Göygöl Suvarma Sistemləri İdarəsi rayonda kənardan idarə olunan subartezian quyusu yaratmışdır. Elektrik enerjisinə qənaət etmək məqsədilə yerli mütəxəssislər tərəfindən yaradılan bu sistem artıq özünü doğruldur. Belə ki, müasir avadanlıqlarla təchiz edilmiş quyunu internet şəbəkəsi aktiv olduğu müddətdə kompüter, planşet və ya telefon vasitəsilə idarə etmək mümkündür. Bunun üçün xüsusi proqram təminatından istifadə olunur. İdarənin rəisi İlqar Məhərrəmov deyir ki, il ərzində quyuların istifadəsi üçün 20 milyon kilovat enerji sərf olunur. Lakin bu qurğu vasitəsilə həmin sərfiyyatı yarıyadək endirmək mümkündür.

Sabir ƏLİYEV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 397
  • 148
  • 6,923
  • 21,256
ILK-10 Azeri Website Directory