Paşinyan məğlubiyyəti erməni generalların üzərinə atdı

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə parlamentində çıxışı zamanı İkinci Qarabağ müharibəsi və sentyabrın 27-dən noyabrın 10-dək davam edən hərbi əməliyyatların gedişi haqqında verdiyi bəyanat ölkədə siyasi, hərbi müstəvidə şok effekti yaradıb. Baş verənlər ilk növbədə generallarda böyük qorxu yaradıb.

Paşinyanın parlamentdə çıxışı zamanı səsləndiridiyi fikirlərdən belə aydın olur ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistanın böyük itkilər verməsinin, o cümlədən erməni qoşunlarının Lələtəpəyə uğursuz hücumunun əsas səbəbkarları erməni generalları, xüsusən də həmin vaxt baş qərargah rəisi olan Onik Qasparyan olub. Baş nazir 44 günlük döyüşlərdə Ermənistan ordusunun əməliyyatlarının yetərsiz və səmərəsiz olduğunu bildirib, amma hadisələrlə bağlı araşdırma qrupu yaradılmayacağını da deyib: “Hər kəs öz vəzifəsini arxayın icra edə bilər. Ancaq buraxılan səhvləri öz aralarında müzakirə edib, nəticə çıxarmaq tapşırılıb”.

Paşinyan hansısa tədbir görülməyəcəyini bildirsə də, generallar qapalı formada toplantı keçiriblər və müharibədən sonrakı vəziyyəti müzakirə ediblər. Erməni mediası yazır ki, yüksəkrütbəli hərbçilər onlar barədə cinayət işinin açılacağından narahatdırlar. Başqa sözlə, erməni generallar Paşinyanın dediklərinə o qədər də etibar etmirlər. Çünki baş nazir faktiki olaraq məğlubiyyəti generalların üzərinə atıb. Ona görə də məğlub ordunun yüksəkrütbəli zabitləri yaxın zamanlarda vəziyyətin dəyişəcəyindən və məsuliyyətə cəlb olunacaqlarından narahatdırlar.

Bundan başqa, baş nazir müharibənin 4-cü günündə Qasparyanın savaşın dayandırılmasının vacibliyi haqda müvafiq təkliflər irəli sürməsinin yalan olduğunu bildirib. Ermənistan Təhlükəsizlik Şurası Qasparyanın məruzəsini ictimaiyyət üçün açıqlayıb və Paşinyanın haqlı olduğu bildirilib.  Açıqlanan sənədlərdən bəlli olur ki, Qasparyan müharibənin dayandırılması ilə bağlı hansısa təklif irəli sürməyib. 

Bu hal indiki vəziyyətdə Paşinyan hakimiyyəti üçün vacib əhəmiyyət kəsb edir və növbədənkənar  parlament seçkiləri ərəfəsində hazırkı iqtidarın mövqeyini gücləndirir. Cəmiyyət erməni generalitetinin yalan danışdığına şahidlik edir və bu, Paşinyan və komandasının mövqeyinin güclənməsi baxımından mühüm önəm kəsb edir.

Ermənistanın müxalif düşərgəsində yer alan sabiq prezidentlər Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan da Paşinyanın parlamentdəki çıxışında əsas hədəflər sırasında olublar. Paşinyan bildirib ki, hələ 2018-ci ildə Levon Ter-Petrosyan ona işğal altındakı torpaqların Azərbaycana qaytarılmalı olduğunun vacibliyini bildirib.

Paşinyanın çıxışı ilə bağlı Ermənistanın üçüncü prezidenti S.Sarkisyanın ofisi şərh verib: “Parlamentdə kapitulyant tərəfindən səsləndirilən yalanlar seriyası ilə bağlı mətbuatdan xahiş edirik ki, bu cəfəngiyyata münasibətimizi öyrənmək üçün Serj Sarkisyanın ofisinə müraciət etməsin və ya hər hansısa sorğu göndərməsin. Çünki uzun müddət ofisimiz Paşinyanın boş və mənasız, eləcə də əsassız iddialarına ətraflı cavab verdi, yalanlarına, gerçəkliyin saxtalaşdırılmasına və cəhalətinə münasibət bildirdi. Lakin kapitulyant çirkli manipulyasiyalarını davam etdirir. Diplomu da daxil olmaqla onun yalançı və saxtakarlığını ifşa edən çoxsaylı faktlar olduğundan eyni suallara eyni mövzuda cavab verməyin mənasız olduğu qənaətindəyik”.

Respublika Partiyasının sözçüsü, keçmiş vitse-spiker Eduard Şarmazanov da baş naziri kəskin tənqid atəşinə tutub: “Bu təslimçi nəinki danışıqları iflasa uğradıb, o, həm danışıqları pozub, həm də müharibəni qızışdırıb”. Şarmazanovun sözlərinə görə, Paşinyan Qarabağ tənzimlənməsinə dair danışıqları iflasa uğradıb. “Müharibədən sonrakı vəziyyət də bundan xəbər verir. Nə 44 günlük müharibə dövründə, nə də ondan sonra bir beynəlxalq təşkilat, bircə həmsədr ölkə də Paşinyanı dəstəkləməyib. Bu, onun axmaq, absurd, antierməni və antidanışıq siyasətinin nəticəsində baş verib. 5 min nəfərin həlak olduğu, on minlərlə insanın yaralandığı, itkin və əsir düşdüyü müharibədə ali baş komandan olmuş bu şəxs özündən başqa hamını ittiham edir”.

Bununla belə, yaranmış vəziyyətdə hesab edilir ki, Paşinyanın parlamentdə rəqiblərinə qarşı çıxışında səsləndirdiyi fikirlərə müxalif düşərgə tərəfindən tutarlı cavablar verilməyib.  Elə bu da növbədənkənar parlament seçkiləri ərəfəsində cəmiyyətdə Paşinyanın mövqeyinin güclənməsinə, seçkilərdə onun və komandasının qalib gəlmək ehtimalının daha da artmasına gətirib çıxarır. Müxalif qüvvələr mövcud durumda yenə kütləvi etiraz aksiyaları keçirməklə Paşinyana qarşı cəmiyyətdə antipatiya yaratmağa cəhd etsələr də, istəklərinə nail ola bilmirlər. Əksinə, etiraz aksiyalarına qatılanların sayı azalmaqda davam edir. Bu da Paşinyanın seçkilərdə qalibiyyət şanslarını əhəmiyyətli dərəcədə artırır.

Elçin CƏFƏROV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 16
  • 6
  • 6,754
  • 23,627
ILK-10 Azeri Website Directory